Erməni sərhədçiləri tərəfindən həbs olunmuş Allahverdi Pələngovun oğlu Ermənistana gedərək atası ilə görüşüb Avqustun 17-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngovun oğlu sentyabrın 19-da İrəvana gedib.
Onu İrəvanda Ermənistan prezidentliyinə keçmiş namizəd, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan və Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan qarşılayıb. Bu barədə APA-nın Gürcüstan müxbirinə Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev məlumat verib. O bildirib ki, A. Pələngovun oğlu Kənan Pələngovu İrəvanda yaxşı qarşılayıblar: “Ona atası ilə görüş üçün icazə alınıb. Kənan atası ilə görüşüb, ona yemək və paltar verib. Allahverdi Pələngovun durumu yaxşıdır. Təcridxanada 3 erməni ilə birlikdə saxlanılır, kamerada saxlanılanlarla münasibəti normaldır“.
S. Mehdiyev qeyd edib ki, Kənan Pələngov atası ilə görüşdükdən sonra həmin gün geri qayıdıb: “Kənanın mənə dediyinə görə, gələn ay Allahverdi Pələngovun məhkəməsi olacaq”.
Qeyd edək ki, A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və “sərhədi qanunsuz keçmək”də ittiham edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?