MDB ölkələri üçün vahid tarix dərsliyi və vahid universitet şəbəkəsi yaradılacaq.
Virtualaz.org saytı “RosBalt” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Federasiya Şurası sədri yanında “İnteqrasiya klubu”nun iclasında bəyan ediblər.
“Bütün MDB ölkələrinin tarixini əhatə edəcək vahid tarix dərsliyinin yaradılması ideyası artıq neçə ildir müzakirə olunur. Şübhəsiz ki, bu, sadə məsələ deyil. Keçmiş sovet xalqlarının tarixinin işıqlandırılması bu iş üzərində tarixçilərin və pedaqoqların ciddi çalışmasını tələb edir” - deyə V.Matviyenko bildirib.
V.Matviyenko hesab edir ki, bu işə MDB-nin yaranma tarixi, keçmiş SSRİ ərazisində gedən inteqrasiya prosesləri, MDB ölkələri xalqlarının mədəni əlaqələri barədə ümumi bir əsər yazmaqla başlamaq mümkündür. Federasiya Şurasının sədri onu da bildirib ki, Rusiya tarixi üzrə dərsliyin müəllifi, Rusiya Elmlər Akademiyası Ümumi Tarix İnstitutunun direktoru Aleksandr Çubaryan MDB ölkələrinin ümumi tarixinə dair dərsliyin yazılmasında iştirak etməyə hazır və razı olduğunu bəyan edib.
Qeyd edək ki, bu açıqlamanın mənası “MDB ölkələrinin, o cümlədən Azərbaycanın tarixinə dair dərsliyin yazılması prosesi erməni alimin iştirakı, hətta nəzarəti altında aparılacaq” deməkdir. Bizə yalnız ona ümid etmək qalır ki, Azərbaycanın müvafiq qurumları, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası sözügedən məsələni diqqətdə saxlayacaq və bu prosesə hər halda hansısa formada müdaxilə etməyə çalışacaq. Əks halda ideoloji mübarizə sahəsində ermənilərdən daha bir zərbə ala bilərik...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?