Bakı şəhərində bir qrup sakin yolsuz qalıb. Binəqədi rayonu, S.S.Axundov küçəsi, 1 v binasının sakinləri yazdıqları məktubda “Azadlıq prospekti” metrosu ətrafındakı parkla bağlı kiçik bir problemin həllinə köməklik göstərməyi xahiş edirlər:
“Parkın səkisindən başlayaraq metroya qədər olan torpaq ərazidə asfalt cığırın və ya pilləkənin salınmasını istəyirik. “Azadlıq prospekti” metrosu böyük bir parkın içərisində yerləşir, parka asfalt pilləkənlərlə giriş isə yalnız iki tərəfdə – aşağı və yuxarı başdadır. Parkın orta hissəsində vaxtilə salınmış pilləkənlər isə uzun zamandır ki, hasara alınıb və həmin ərazidə tikinti getdiyi üçün pilləkənlər faktiki olaraq ləğv olunmuş vəziyyətdədir. Ona görə də artıq neçə ildir bu ərazinin sakinləri parka getmək, metroya girmək, yaxud qarşı tərəfə keçmək üçün torpaqlıq, daş-çınqıl olan ərazidən keçib gedirlər”.
Məktubda həmçinin deyilir ki, parkın bu hissəsi payız-qış mövsümündə çox narahatlıq yaradır, çünki yağış və qardan sonra daim palçıq olur:
“Asfalt yolla getmək üçün isə bir az uzun məsafə qət edərək parkın ya aşağı, ya da yuxarı tərəfindən girmək lazımdır. Park böyük olduğundan piyada insanlar qısa yolla metroya girməyə üstünlük verirlər. Odur ki, sakinlər palçıqlı, sürüşkən torpaq ərazi ilə gedib-gəlirlər. Üstəlik, parkın içərisi aşağıda, kənar səkilər isə xeyli yuxarıda olduğundan bu yol eniş-yoxuşludur. Bu da insanların gediş-gəlişini çox çətinləşdirir. Bundan çıxış yolu kimi metroya düşən istiqamətdə asfalt yol və ya alfalt pilləkən salınması lazımdır. Qar yağanadək problemin tezliklə həll olunacağına ümid edirik”.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Aqil Eyvazov iki gün ərzində parkla bağlı sorğumuzu cavablandırmadı.Milli.Az
Sorğu
Yeni dizaynımız necədir?