Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzindəki dözülməz vəziyyət onları cana doyurub Məlum olduğu kimi dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda adövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların mövcudluğuna rəğmən, ayrılıqda götürülmüş hər bir poliklinika və ya xəstəxananın da özünün yazılmamış qanunlarıvardır. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur.Qəzetimizin ötən saylarında Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin fəaliyyətində yer almış bir sıra ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Yerli mənbələrdə aldığımız məlumatlarda mərkəzin direktoru Aydın Tahirovun törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, bu tibb müəssisədinin fəaliyyəti əvvəllər də bir neçə dəfə ən müxtəlif iradlara əsas verib. Digər tərəfdən isə son üç il ərzində Reabilitasiya Mərkəzində keçirilən monitorinqlərin nəticələrinə dair mətbuatda yayımlanan məlumatlar da, aldığımız şikayət ərizələrində qabardılan problemləri təsdiqləmiş oldu. Belə ki, monitorinqin nəticələrini açıqlayan ilkin məlumatlarda göstərilmişdi ki, bu müəssisədə 100 nəfər limit olduğu halda 110 xəstənin saxlandığı, dərman çatışmazlığının əsas problemlərdən olduğu, yataq dəstlərinin köhnəliyi, orta tibb işçilərinin çatışmazlığı və ya tam komplektləşdirilmədiyi müəyyən edilib. Bundan təxminən bir il sonra, Ombudsmanın Milli Preventiv qrupunun üzvlərinin həmin tibb müəssisəsinə təkrar başçəkmələri zamanı da burada eyni nöqsanlar müşahidə edilmişdi. Lakin bu dəfə artıq preventiv qrup üzvləri öz iradlarını daha ümumiləşdirmiş və yumşaq formada təqdim emişdilər: “...dərman təminatının artırılmasına ehtiyac olduğu müəyyən edilib...” Əslində isə monitorinqin nəticələrinə əsasən demək olar ki, mərkəzdə sürəkli dərman spekulyasiyalarının aparıla bilməsi üçün süni şəkildə defisit yaradıldığı aşkarlanmışdı. Aldığımız məlumatlarda isə bu təcrübənin hal-hazırda reabilitasiya mərkəzində daha geniş vüsət aldığı vurğulanır. Bu ilin əvvəlinə olan rəsmi məlumatlara görə Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzində müalicə alan 102 xəstəyə, 70 həkim xidmət göstərir. Terli mənbələrdən aldığımız məlumatda isə göstərilir ki, hələ sovetlər dönəmindən buraya rəhbərlik edən Aydın Tahirov, mərkəzin bütün resurs və imkanlarını tam nəzarətdə saxlamaqla, müəssisədə ilk növbədə dərman preparatlarının dövriyyəsini əsil ticari biznesə çevirə bilmişdir. Bu məqsədlə, dövlət tərəfindən verilən preparatların çeşidi və sayı barədə xəstələrin və onların qohum və ya hamilərinin məlumatsız olduqlarından yararlanan mərkəzin rəhbərliyinə, sadəcə olaraq dərman qıtlığı görüntüsü yaratmaq kifayət edir. Bundan sonra isə xəstə sahibləri özləri həkimlərə müraciət edərək, az qala auksion üsulu ilə tələb olunan preparatlarını almağa razılaşırlar. “Satış” bitdikdən sonra hər xəstənin dərmanı özünə verilir. Təbii ki, pulsuz dərman alanlar da olurlar. Axı nəticədə preparatlar hamıya çatacaq sayda alınır. Qıtlıq görüntüsünün yaradılmasında isə məhz Reabilitasiya Mərkəzində bu müəssisə üçün nəzərdə tutulmuş limitdən artıq xəstənin saxlanması xüsusi effekt verir.Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?