Bakı və ətraf qəsəbələrin inkişafına dair II Dövlət Proqramının yekunlarına dair konfransda bu ciddi problemə toxunulmadı; amma zəif də olsa ümidlər var ki, məsələ III proqramda yer ala bilər...
Paytaxtın on illərdir mövcud olan ciddi sosial problemlərindən birinin - Bakı və ətraf qəsəbələrdə mövcud olan yüz minlərlə sənədsiz ev probleminin həlli deyəsən gündəmdən çıxır.
Bu cür pessimist qənaətə gəlməyə əsas verən amil odur ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının yekunlarına dair dekabrın 23-də keçirilmiş konfransda bu problemə toxunulmadı.
Sənədsiz evlər problemi Bakıda yeni yaranmayıb və sovet dövründən “gecəqondular” kimi tanınan, lakin paytaxt əhalisinin evsizlik probleminin həllində həmişə işə yarayan icazəsiz tikililər on illərdir mövcuddur. 90-cı illərin əvvəllərindən başlayaraq sənədsiz tikililər problemi daha geniş miqyas almağa başladı. Bunun əsas səbəbləri Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində evlərini tərk etməli olan yüz minlərlə məcburi köçkünün xeyli hissəsinin Bakıya üz tutması, həmçinin regionlarda yaranan kütləvi işsizlik nəticəsində geniş miqyas alan daxili miqrasiya - əhalinin iş dalınca bir ucdan paytaxta axın etməsidir.
Virtualaz.org saytının rəsmi mənbə və açıqlamalara əsasən apardığı son hesablamalara görə, hazırda Bakı və ətrafında sənədsiz tikililərin sayı 500 minə yaxındır. Faktiki olaraq paytaxt əhalisinin az qala yarısı bu cür evlərdə yaşayır.
Qeyd etmək lazımdır ki, icazəsi tikililər məsələsi daim yerli səviyyədə məmurlar-icra hakimiyyəti başçıları və məmurları, qəsəbə icra hakimiyyəti nümayəndələri, bələdiyyə sədrləri, polis rəisləri və digərləri üçün sabit gəlir mənbəyi olub. Çünki bu cür tikintinin aparılmasında “icazəsiz” ifadəsi məsələnin yalnız formal tərəfini ifadə edir.
Əslində heç kim yerli məmurlardan rüşvətlə “icazə” almadan toyuq hini də tikə bilməz və bu reallıq hamıya məlumdur. Ona görə də paytaxt əhalisinin az qala yarısı üçün, eyni zamanda Bakı və onun gələcək inkişaf perspektivləri üçün ciddi problemə çevrilən sənədsiz evlər probleminin yaranmasından məmurlar yaxalarını heç bir halda kənara çəkə bilməzlər.
Bu problem dövlət səviyyəsində ilk dəfə 2010-cu ilin sonunda - Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının təqdimatına dair keçirilən konfransda qaldırıldı. Prezident İlham Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək müvafiq strukturların rəhbərlərinə bu problemin həllini - belə tikililərin əlavə korrupsiya və rüşvət mənbəyinə çevrilmədən sənədləşdirilməsi üçün mexanizmləri işləyib hazırlamağı tapşırdı.
Prezidentin bu göstərişi paytaxt əhalisinin əhəmiyyətli hissəsində illərdir yaşadıqları evlərinin nəhayət ki, onların qanuni mülkünə çevriləcəyinə böyük ümidlər yaratdı.
Müvafiq strukturların prezidentin göstərişini həyata keçirilməsi istiqamətində heç bir iş görmədiyini demək düzgün olmaz. Həmin göstərişdən sonra bu məsələnin həlli istiqamətində müəyyən canlanma yarandı. Yerli bələdiyyələr sənədsiz evləri siyahıya almağa və statistik məlumatları toplamağa başladı.
Dərhal qeyd edilməlidir ki, bu proses bələdiyyə sədrləri üçün qəfil və yaxşı gəlir mənbəyi yaratdı. Bələdiyyələr sənədsiz evlərin sahiblərindən tezliklə onların evlərinə sənəd veriləcəyini deyərək kütləvi şəkildə, vergi adı altında pul toplamağa başladılar. Çoxları üçün tamamilə aydın idi ki, bu pul toplama əməliyyatı qanunsuzdur. Axı sənədi olmayan daşınmaz əmlak və ya torpaq üçün bələdiyyə orqanlarına necə daşınmaz əmlak vergisi vermək olardı?
Bəs bu “vergilərin” sonrakı aqibəti necə olmuşdu?
(Redaksiyamızda bu suala cavab tapmağa kömək edə biləcək məlumat var. Məsələn, ətraf qəsəbələrdən birinin bələdiyyə sədri həmin proses zamanı kütləvi “vergitoplama”dan istifadə edib kommersiya obyektlərinin və villalarının, o cümlədən yeni tikilən binalarda mənzillərinin sayını artırmışdı).
Prezidentin göstərişindən təxminən 7-8 ay sonra parlamentin katibliyinə sənədsiz evlərin sənədləşdirilməsi mexanizmini müəyyən edən qanun layihəsi də daxil olmuşdu. Lakin qanun layihəsinin sonrakı aqibəti məlum olmadı. Çünki onu parlamentin gündəliyinə daxil etmədilər, daha sonra ümumiyyətlə belə layihənin hazırlandığını inkar etdilər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu sənədi hazırlayaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməsinə, layihənin də həmin qurumda “it-bata düşməsinə” eyham vurdu. Məsələ bununla da bitdi.
2012-ci ilin yayında prezident yenidən bu məsələyə qayıtdı. Dövlət başçısı magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Sərəncamda Ali Məhkəmənin sədrinə və baş prokurora da komissiyanın fəaliyyətində iştirak etmək tövsiyə olundu.
Komissiyaya tapşırıldı ki, sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırandan sonra iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində prezidentə təqdim etsin.
Belə görünürdü ki, müvafiq dövlət strukturları prezidentin göstərişini yerinə yetirməkdə əməlli-başlı çətinliyə düşüblər. Ən azından bu problemin həlli üçün optimal mexanizmlərin işlənib hazırlanması mümkün olmayıb.
Doğrudan da məsələni xeyli mürəkkəb hesab etmək olar və sənədsiz tikililərin hansı kriteriyalarla sənədləşdirilməsini, sənədləşdirilməsi mümkün olmayanların sökülməsini problemsiz yoluna qoymaq üçün mexanizm hazırlamaq asan deyil. Bunun üçün müxtəlif dövlət strukturları arasında qarşılıqlı anlaşma olmalı və ortaq məxrəc tapılmalıdır.
Ancaq məsələni qəlizləşdirən də elə bu oldu - ayrı-ayrı dövlət qurumlarının rəhbərləri bu işdə öz maraqlarını güdərək optimal həll yolunu tapılmasına imkan vermədilər. Nəticədə 3 ay müddəti bitsə də prezidentin yaratdığı komissiyanın işinin nəticələri bəlli olmadı.
Beləliklə, Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramına yekun vuruldu, ancaq paytaxtın ciddi sosial problemlərindən biri həllini tapmadı. Prezident İlham Əliyev konfransdakı çıxışında bu problemlə toxunmadığı üçün belə pessimist qənaət yaranır ki, deyəsən, məsələnin həlli doğrudan da qəliz imiş və yaxın perspektivlər üçün gündəmdən çıxarılır.
Lakin prezident Bakı və ətraf qəsəbələrinin inkişafına dair III Dövlət Proqramının hazırlanmasını da tapşırıb. İlham Əliyev konfransdakı çıxışında bildirib ki, bu proqramla bağlı təkliflər hazırlanır, Bakı və ətraf qəsəbələrdə həllini gözləyən əsas problemlər müəyyən olunur.
Prezidentin çıxışından sitat: “Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq. Hesab edirəm ki, III proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaq. Gələn ilin əvvəlində III Dövlət Proqramı qəbul edilməlidir. Şəhər icra hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti qurumlar bu istiqamətdə fəal işləyirlər. Proqramın demək olar ki, böyük hissəsi hazırdır. Bu gün burada Bakının bütün rayonlarının rəhbər işçiləri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Xahiş edirəm ki, hər bir qəsəbədən əlavə konkret təkliflər verilsin. Bilirəm ki, bu təkliflər verilib. Siz daha yaxşı bilirsiniz ki, insanları hansı məsələlər narahat edir. Elə etməliyik ki, 2014 -2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın”.
Yuxarıda vurğulanan pessimist qənaətlə yanaşı prezidentin çıxışının bu hissəsi sənədsiz evlər probleminin növbəti Dövlət Proqramına daxil ediləcəyinə ümidlər də yaradır. Axı sənədsiz evlər hazırda Bakının bütün ətraf qəsəbələrində insanları narahat edən əsas və ən ciddi problemdir. Bundan əvvəlki iki Dövlət Proqramı çərçivəsində o cümlədən sənədsiz evlərdən ibarət qəsəbələrin əksəriyyətində su, qaz, işıq, hətta qəsəbələrarası yollar problemləri öz həllini tapıb...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?