Azərbaycana məxsus gəmi yaraqlıların nəzarətindəki limandan neft götürməyə cəhd edərkən hücuma məruz qalıb və Maltaya tərəf qaçıb
Liviya sahillərində Malta bayrağı altında üzən “Bakı” neftdaşıyan tankeri atəşə tutulub.
Virtualaz.org saytının ingilisdilli Afrika nəşrlərindən əldə etdiyi xəbərə görə, insident yanvarın 7-nə keçən gecə baş verib. Xəbərə görə, tanker bir neçə aydır Liviya hökumətinə müxalif yaraqlıların nəzarətində olan limana yan alaraq qanunsuz neft yükləməyə cəhd edibmiş.
Liviya rəsmilərinin verdikləri açıqlamaya əsasən tanker yaraqlıların nəzarətində olan “əs-Sider” limanına yan almağa cəhd göstərib. Liviyanın mərkəzi hökuməti bir neçə aydır ki, müxalif yaraqlıların nəzarətində olan həmin limandan qanunsuz neft daşınmasının qarşısını almağa çalışır və bu məqsədlə silah tətbiq edir.
Liviya rəsmilərinin bildirdiyinə görə, “Bakı” tankeri bazar günü ölkənin ərazi sularına daxil olub və limana yan almaq üçün manevrlərini davam etdirib. Liviyanın hərbi donanmasının gəmiləri onu izləyib və tanker limandan neft yükləməyə cəhd edəndə heyətə dayanmaq barədə xəbərdarlıq edilib. Lakin gəmi xəbərdarlığa məhəl qoymayanda Liviya hərbi gəmiləri ona atəş açıblar. Azərbaycana məxsus tanker Malta istiqamətində üzərək aradan çıxıb.
“Biz gəmi heyətindən tələb etdik ki, kursu dəyişdirib Misurata limanına doğru üzsün. Lakin heyət bizim tələbimizə əməl etməkdən imtina etdi, tanker ziqzaqvari hərəkət etməyə və aradan çıxmağa çalışdı” - deyə Liviyanın hərbi-dəniz qüvvələrinin təmsilçisi İmad Əyyub digər hərbçilərlə birlikdə təşkil etdiyi televiziya brifinqində bildirib.
Xəbərdə bildirilir ki, Liviyanın Milli Neft Korporasiyası (NOC) bütün gəmi sahiblərinə bir neçə ay əvvəl xəbərdarlıq edib. Bu xəbərdarlığa əsasən yaraqlıların nəzarətində olan limana yan almaq qanunsuzdur və istənilən tankerin Liviya neftini qanunsuz olaraq oğurlayıb daşımasının qarşısı alınacaq.
Məlumata görə, “Bakı” tankeri “Royal Asset Management” adlı offşor şirkət tərəfindən kirayəyə götürülüb. NOC təmsilçisi bildirib ki, bu şirkət və onun hansı ölkədə qeydiyyatdan keçdiyi haqda onlarda heç bir əlavə məlumat yoxdur.
İsveçrədə qeydiyyatdan keçmiş “Royal Asset Management” adlı şirkətdən isə “Röyter”ə bildiriblər ki, bu insidentlə heç bir bağlılıqları mövcud deyil.
Lakin araşdırmalar zamanı neft ticarəti ilə məşğul olan bu adda başqa şirkətə rast gəlinmir. NOC təmsilçiləri “Bakı” tankerini kirayəyə götürən şirkətin hansı ölkədə qeydiyyatdan keçdiyini bilmədiklərini deyiblər.
NOC rəsmiləri bildiriblər ki, onlar hazırda tankerin beynəlxalq sularda hərəkətini online rejimdə izləyirlər və “Bakı” Malta istiqamətində üzməkdədir. Məlum olub ki, tanker hələ dekabrın sonlarından Liviya ətrafında üzürmüş və əvvəlcə Breqa limanı yaxınlığında görünüb, daha sonra “əs-Sider” limanına doğru istiqamət alıb.
Virtualaz.org saytı araşdırıb ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının Dövlət Gəmi Reyestrində həqiqətən “Bakı” adlı neftdaşıyan tanker qeydiyyatdadır. Belə ki, reyestrdə “Bakı” adında cəmi 5 gəminin qeydiyyatda olduğu göstərilir. Onlardan biri elmi-tədqiqat gəmisi, digəri səyahət yaxtası, üçüncüsü işçi kater, dördüncüsü quru yük gəmisi, nəhayət, “Bakı-1” adlı beşinci gəmi neftdaşıyan tankerdir.
Lakin Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında bu adda tanker yoxdur. Deməli, “Bakı-1” tankeri hansısa özəl şirkətə məxsusdur. Dövlət Gəmi Reyestri həm dövlət, həm də özəl şirkətlərə məxsus gəmilərin qeydiyyatını aparır.
Virtualaz.org Liviya sahillərində oğurluq neft daşımaq cəhdinə görə atəşə tutulan “Bakı” tankeri ilə bağlı araşdırmalarını davam etdirəcək.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya Federal Təhlükəsizlik Xidməti Xəzərdə Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerini Mahaçqala limanından yüklənmiş qaçaq nefti daşıyarkən Xəzərdə yaxalamışdı. Gəmi hələ də Mahaçqala limanında saxlanılır və qaytarılmayıb.
Sorğu
Yeni dizaynımız necədir?