Yanvarın 10-da Salyan rayonunda (Bakıdan 135 kilometr cənub) “Mehman Hüseynova azadlıq” tələbi ilə aksiya keçirən fəallardan Əlizamin Salayev 25 sutka, Tariyel Məlikzadə 20 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Azərbaycan Xalqq Cəbhəsi Partiyası məlumat yayıb.
Salyan Rayon Məkəməsi fəalları İnzibati Xətalar Məcəlləsinin 513.1 (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə ittiham edib.
Bundan öncə, yanvarın 3-də və 6-da Bakıda “Mehman Hüseynova və siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən aksiyaların iştirakçılarından 7 fəal 20-25 sutka inzibati həbsə məhkum edilib, 8 fəal inzibati qaydada 300-450 manat cərimə edilib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Blogerə dəstək aksiayaları ara vermir. Müsavat Partiyasının mənzil-qərargahında ictimaiyyətin nümayəndələri aclıq aksiyası keçirir. Mühacirətdə olan azərbaycanlılar Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları təşkil edib.
Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.
Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir.
ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb.
Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu kimi tanıyıb.
Hazırda Azərbaycan məhkəmələrində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.//amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?