Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 6 fəalına inzibati həbs cəzasının verildiyi bildirilir.
AXCP-dən yayılan məlumata görə, onlar Milli Şura və Müsavat Partiyasının martın 10-da birgə Bakıda keçirdiyi aksiyadan öncə saxlanıblar. Partiya onların aksiyanın kütləviliyinin qarşısını almaq məqsədi ilə saxlandıqlarını açıqlayıb.
Ancaq həmin şəxslərin nədə ittiham edildiyi dəqiqləşdirilməyib. AXCP bildirir ki, onlara 15-20 sutka arasında inzibati cəza verilib.
“AXCP Rəyasət Heyətindən Aqil Məhərrəmli, Xətai şöbəsinin üzvi Tahir Ağayev, Binəqədi şöbəsi sədrinin müavini Yalçın Abdullayev, şöbənin üzvi Hikmət Əliyev 15 sutka alıb. Xətai rayon şöbəsi sədrinin müavini Faiq Nağıyevlə, Binəqədi şöbəsinin üzvi Bəşir Tarverdiyev isə 20 sutka azadlıqdan məhrum ediliblər”, – məlumatda vurğulanır.
Bu məlumatları Daxili İşlər Nazirliyi və məhkəmələrdən dəqiqləşdirmək mümkün olmayıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı da deyib ki, mitinq ərəfəsində onlardan 50-dən çox adam polis şöbələrinə çağırılıb:
“Təkcə Cəlilabad rayon şöbəsinin 11 üzvi yerli polisin təzyiqinə məruz qalıb. O cümlədən, Xaçmaz, Quba və digər rayonlardan olan üzvlərimiz təzyiq altında olub. Ancaq inzibati cəza alan olmayıb”.
NİDA Vətəndaş Hərəkatının rəhbərliyindən Əbülfəz Qurbanlı da bildirib ki, hərəkatın 20-yə yaxın üzvi polis şöbələrinə çağrılıb.
“Yaxud sahə müvəkkilləri onlara mitinqə getməmək xəbərdarlığı verib. Ancaq sutkalıq cəza alan yoxdur”, - deyə Əbülfəz Qurbanlı vurğulayıb.
Bu deyilənlərə də Daxili İşlər Nazirliyindən münasibət almaq, hələlik, mümkün olmayıb.
Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də onlarla müxalif fəalların polisə çağırıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.
Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına “don geydirməyə” çalışır.
Üstəlik, prezident çıxışlarında bəyan edib, ölkədə sərbəst toplaşmaq azadlığı tam qorunur.
Sorğu
Yeni dizaynımız necədir?