Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində əlil və şəhid ailələrinin yaşadığı evin işığını karantin rejimində “Azərişıq” ASC -nin kəsməsinə nə NK yanında Operativ Qərargah (OQ), nə də rejimə nəzarət edən, həyata keçirən Daxili İşlər Nazirliyi ilgi bildirmək istəmir.
NK yanında OQ -nin “qaynar” olduğu bildirilən (4989786, 4924161,4927554, 5050330, 5051333) telefon nömrələri , DİN-in 5908020 “operativ qaynar qərargah” nömrəsi zəngləri ümumiyyətlə götürmür, 102 və 5909331 nömrələri isə şikayəti dinləməkdən imtina edir. Belə çıxır, elə çox vətəndaşların koronavirusun oyun olduğu haqqında dedikləri doğrudur. Təsəvvür edin, beş qaynar telefon xəttinin heç birində dəstəyi qaldıran belə yoxdur!
Bizim şikayətimiz “Azərişıq” ASC-nin Nərimanov idarəsinin borc haqqında xəbərdarlıq etmədən karantin rejimində Qarabağ əlilinin işığını kəsməsindəndir. Hələ Prezident təqaüdü verilməyib, borc istəməyə kimsə yox, sosial təminat qurumları da dövlətin büdcəsinə göz dikməyi “ələbaxımlıq” sayır. Nə etməli? Mətbuatdan özgə kimsə qalmır ki, dərdimizi deyək. Heç olmasa, media nümayəndələri “Azərişıq” ASC-yə başa salsın ki, əlil və şəhid ailələri istəsələr də, heç hara qaça bilməzlər, niyə belə qorxuya düşüb onları işıqsız qoyursunuz? Borclu borclunun sağlığını istəyər, işığını kəsməklə öldürməz!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?