«Yadıma qədim tarixdən Makedoniyalı İsgəndər, orta əsrlərdən Şah İsmayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xarüqələr göstərib. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyildir». Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Konstitusiyaya dəyişikliklərlə bağlı layihədə aşağı yaş məhdudiyyətinin götürülməsini dəyərləndirən baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədovun fikrincə, nəinki dövlət başçısı seçilmək, həm də böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etməkdən ötrü, əslində, yaş həddi anlayışı yoxdur: «Ona görə də, prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun 35 yaşdan seçki hüququnun təsbit edildiyi yaş həddi (18 yaş – AR) ilə eyniləşdirilməsində qeyri-adi nəsə axtarmaqda bir məna görmürəm». Ə.Əhmədov vitse-prezidentlər institutunun təsis edilməsi məsələsinə də münasibət bildirib. «Vitse-prezidentlik təsisatı ayrı-ayrı ölkələrdə müxtəlif mülahizələrlə əlaqədar yaradılır. Onun xüsusilə 3 əsas funksiyasını fərqləndirmək olar: a) siyasi qüvvələrin və ya elektoratın konsolidasiyası; b) prezidentin öz səlahiyyətlərini icra etmədiyi dövrdə hakimiyyətin yenidən formalaşdırılmasının təmin edilməsi; c) hakimiyyət bölgüsünün optimallaşması və demokratik nəzarət mexanizminin təmin edilməsi»,-deyə o qeyd edib. Ə.Əhmədov vurğulayıb ki, həyat idarəçilik sisteminin təkmilləşdirilməsi tələbini irəli sürüb və bu dəyişikliklərin müəyyən qismi Konstitusiya islahatlarını tələb edir. Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?