“Respublika” qəzeti ilə Təhsil Nazirliyi arasındakı qalmaqalla bağlı maraqlı məlumat ortaya çıxıb. Əvvəlcə qeyd edək ki, qalmaqalın səbəbi adıçəkilən rəsmi qəzetin 27.10.2016-cı il tarixli sayında təhsil naziri Mikayıl Cabbarovun imzası ilə dərc olunmuş geniş məqalədir. Nomenklatur üslubda yazılan məqalə “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı adlanır”. Mikayıl Cabbarov isə məqalədən imtina edib. Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama yayıb ki, məqalənin Mikayıl Cbbarova dəxli yoxdur: “Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”. Təhsil Nazirliyinin açıqlamasında belə anlaşılır ki, Mikayıl Cabbarovun adından dərc edilən məqalə “Respublika” qəzetinin özfəaliyyətidir. Lakin qəzetin baş redaktoru Teymur Əhmədov qaynarinfo.az-a açıqlamasında bildirib ki, məqalə Təhsil Nazirliyindən göndərilib: “Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”.
Sorğu
Yeni dizaynımız necədir?