Milli komandaların aprelin 6-da dərc olunacaq FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, təxmini siyahıda martda keçirilmiş DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələri də əksini tapıb.
Bu ayın əvvəlində açıqlanan siyahı ilə müqayisədə cədvəldə bir sıra dəyişikliklər baş verib. Yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib.
Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci qalxıb.
Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya və Boliviyanın sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.
Təxmini siyahıya baxsaq, dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentinanın 1 illik liderliyi sona çatıb. Uruqvay "onluq"dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.
İlk "onluq" 2 (1). Braziliya - 1661 1 (2). Argentina - 1603 3 (3). Almaniya - 1464 4 (4). Çili - 1403 5 (7). Kolumbiya - 1348 6 (6). Fransa - 1294 7 (5). Belçika - 1281 8 (8). Portuqaliya - 1259 9 (11). İsveçrə - 1212 10 (10). İspaniya - 1204
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Almaniya mövqeyini qoruyubsa, Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. 86-cı pillə Norveç futbol tarixinin antirekordudu. Bu da siyahının rəsmi açıqlanacağı aprelin 6-da tarixə düşəcək. Ehtimallara görə Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 3 (3). Almaniya - 1464 26 (35). Şimali İrlandiya - 823 46 (42). Çexiya - 679 86 (81). Norveç - 387 204 (203). San-Marino - 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə düşüb. "Ay-ulduzlular"ın hesabında 863 xal var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?