Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.
Bu açıqlama ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) çıxış edib.
Qurumun yaydığı açıqlamaya əsasən, hazırda AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır. Bildirilir ki, qarşılaşmanın həqiqətən də 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur, amma matçın tarixi hələ dəqiqləşməyib.
Xatırladaq ki, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş mətbuata verdiyi açıqlamada məsələnin dəqiqləşdiyini bildirmişdi. Onun sözlərinə görə, qarşılaşma mayın 26-da Antalyada baş tutacaq.
* * *11:58
Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində deyib.
Onun sözlərinə görə, matç gələn il mayın 26-da Antalyada olacaq: "Çempionatlar başa çatandan sonra təlim-məşq toplanışına başlayacağıq. Futbolçular 10 günlük hazırlıq dönəmində ailələri ilə birgə qalacaqlar. Həm istirahət, həm də məşq olacaq. Mayın 26-da Antalyada Azərbaycanla oynayacağıq. İyunun 1-də Xorvatiya, iyunun 4-də isə İrlandiya ilə qarşılaşacağıq".
Günəş bildirib ki, AVRO-2020-də qrup mərhələsinin 2 oyununu Azərbaycanda keçirəcəkləri üçün çox xoşbəxtdir: "Azarkeş baxımından deyil, səyahət sarıdan problem yaşaya bilərik. Futbolçuların sağlıq durumu üçün 2 matç arasındakı müddəti 3-dən 4-ə artırmaları lazımdır".
“Report” xatırladır ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında isə İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?