UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub. E qrupunda "Şalke" doğma meydanda "Çelsi"ni qəbul edib. 5-ci dəqiqədə Torres qonaqları hesabda önə çıxarıb. İkinci hissədə isə ingilislər daha iki dəfə fərqlənə biliblər - 0:3. F qrupunun lideri "Arsenal" Londonda "Borussiya" (Dortmund) ilə qarşılaşıb. Matçın 16-cı dəqiqəsində almanlar hesabı açıblar. Birinci hissənin sonuna 4 dəqiqə qalmış Olivye Jiru bərabərliyi təmin edib.
82-ci dəqiqədə Levandovski almanların qələbə topunu vurub - 1:2. H qrupunda isə "Milan" "Barselona"nı sınağa çəkib. Robinyo italyanları sevindirsə də, Messi bu sevincin davam etməsinə imkan verməyib: 23-cü dəqiqədə hesab bərabərləşib - 1:1. Matç elə bu hesabla da başa çatıb. Beləliklə, bu gün baş tutan qarşılaşmalarda bir oyunu çıxmaq şərtilə ev sahibləri qələbə qazana bilməyiblər. III turun bu gün keçirilən bütün oyunları: "Styaua" (Rumıniya) - "Bazel" (İsveçrə) - 1:1 "Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə) - 0:3 "Marsel" (Fransa) - "Napoli" (İtaliya) - 1:2 "Arsenal" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2 "Avstriya" (Avstriya) - "Atletiko" (Madrid, İspaniya) - 0:3 "Porto" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:1 "Seltik" (Şotlandiya) - "Ayaks" (Niderland) - 2:1 "Milan" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1 Qeyd edək ki, III turun oyunlarına sabah yekun vurulacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?