Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri noyabrın 5-də Hərbi Dəniz Qüvvələrinin bazasında olublar.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, qonaqları Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi qarşılayıb. İlk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılmış abidəsi ziyarət olunub.
Hərbi attaşelərə Hərbi Dəniz Qüvvələri və onun yaranma tarixi barədə ümumi bilgi verilib, qonaqlar ətraflı məlumatlandırılıb.
Qərargahda, hərbi gəmilərdə olan hərbi attaşelər, silahlanmada olan hərbi texnikaya baxıb və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.
Matros yeməkxanaları, yataqxanaları, məşğələ otaqları və hamam-camaşırxanada olan attaşelər buradakı şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.
Sonda hərbi attaşelər tədbirin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?