Deputat Gevork Petrosyan: “Ruslar ərə xəyanət məsələsinin haradan gəldiyini xatırlasalar yaxşıdır”
Xəbər verdiyimiz kimi, rusiyalı politoloq Nikolay Starikov noyabrın 28-də Rusiyanın NTV kanalında “Mesto vstreçi” (“Görüş yeri”) verilişində Ermənistanın ərinə xəyanət edən arvada, Troya atına bənzədib.
Musavat.com Rusiya və Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu bənzətmə Ermənistan ictimaiyyətində günlərdir müzakirə mövzusuna çevrilib. Məsələ o həddə gəlib çatıb ki, “Rusiya erməniləri birliyi” Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişdən sonra ölkə mətbuatdına anti-erməni kampaniyasının yürüdüldüyünü bəyan edib.
“Bəzi insanlar bu sazişi Ermənistan Respublikasının siyasi kursunun dəyişməsi, Rusiya və Avrasiya İttifaqı ilə müttəfiqlik münasibətlərinə xəyanət kimi təqdim etməyə çalışırlar”, - birliyin bəyanatında deyilir.
Sənəddə konkret adlar çəkilməsə də, Rusiya və Ermənistan arasında münasibətlərə xələl gətirən jurnalistlərin, siyasətçilərin və politoloqların efirdən yığışdırılması tələb olunub. Ermənistanın Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan rəsmi Moskvanın sazişlə əlaqədar etirazını bildirməməsinə rəğmən Rusiya təbliğatının buna qarşı qara piar müharibəsinə başladığını iddia edib. “Ekranlarda Ermənistan əleyhinə fikir səsləndirənlər yuxarının xeyir-duası olmadan ağızlarını açmayan adamlardır. Bu konkret insanların özfəaliyyəti deyil, məqsədyönlü siyasi xətdir”, - erməni politoloq deyib.
Digər erməni politoloq Stepan Səfəryan Rusiyanın NTV kanalında Ermənistanın zinakar qadına, xainə bənzədilməsinin qəbuledilməz olduğunu söyləyib. “Sonra deyirlər ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hardan doğur...”, - Səfəryan təpkisini dilə gətirib.
Mövzu ermənilər arasında sosial şəbəkələrində ən çox danışılan başlıqdır.
“Düzünə qalsa, adamın yadına ər-arvad münasibətləri lə bağlı Dostoyevskinin “Mülayim” əsəri düşür. Gərək aravdını özünü öldürmək həddinə çatdırdıqdan sonramı qiymətini bilmək lazımdır?, - Facebook fəalı Nerine Xaçaturyan yazır. Digər bir erməni, Samvel Martirosyan isə Tütçevin “Rusiyanı ağılla dərk etmək mümkün deyil” sitatını gətirərək, “Belə çıxır ki, dost Ermənistan yaxşı, düşmən Türkiyə yaxşıdır” deyə etiraz edib.
Rusiya telekanallarında səslənən sözlər Ermənistanın hakim Respublika Partiyasının deputatlarını belə qeyrətə gətirib.
Məsələn, parlamentin sosial məsələlər üzrə komissiyasının sədri Akop Akopyan Rusiyanın federal kanallarında Ermənistanı təhqir edən ifadələrin səslənməsində siyasi sifariş olduğunu düşünür. Akopyanın fikrincə, Ermənistanın “müstəqil xarici siyasət yürütməsi” Moskvanın xoşuna gəlmir”.
Doğrudur, digər partiyadaşları Akopyan qədər “zilə çıxmayıblar”. İqtidar partiyasının başqa bir deputatı Karen Avakyan Rusiya teleproqramlarında anti-erməni ritorikasının səslənməsində rəsmi sifariş olmadığını deyib. Onun fikrincə, bu Rusiya və Ermənistan arasında münasibətləri korlamaq istəyən ayrı-ayrı qrupların fikriləridir. ERP-nin digər depuatı Karine Əcəmyan isə ən yaxşı cavabın Ermənistanın öz telekanallarında Rusiyaya qarşı adekvat reaksiyası ola biləcəyini bildirib. Ermənistanın formal olaraq müxalifətdə sayılan “Tsarukyan” blokunun deputatı Gevork Petrosyan da Rusiya televiziyalarının rəsmi məqamların mövqeyini əks etdirmədiyi düşüncəsindədir. Ermənistanın xəyanətkar arvadla müqayisəsinə gəlincə isə Petrosyan ruslara ərə xəyanət məsələsinin haradan qaynaqlandığını xatırlamalarını məsləhət görüb.
Ermənistanın Armenia.IM saytı məlum verilişin aparıcısı Olga Belova ilə əlaqə saxlayıb. Belova hadisədən sadəcə təəssüfləndiklərini deməklə kifayətlənib. Müxbirin bununla bağlı kanalın üzr istəyib-istəməyəcəyi barədə sualına isə Belova “özünü incimiş hesab edən Ermənistan vətəndaşları ölkələrini zinakar qadına oxşadan Starikova məktub yazmalarını” məsləhət görüb./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?