Uzun illərdən sonra ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanması və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalar gələcəyə dair böyük ümidlər verir.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev Trend-ə bildirib ki, bu, eyni zamanda tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyini təmin edilməsinə imkanlar yaradacaq.
"Vaksin hazırlanması istiqamətində tədqiqatlara başlamaq üçün insan vicudundan kənarda COVID-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla müxtəlif hüceyrə xətlərinin çoxalmasına imkan verən incə hüceyrə kulturası texnologiyası lazımdır. İşin bu başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda uzun müddətdən sonra vaksin yaradılması istiqamətində tədqiqatlara başlanıldığını açıqlamışdı. Bildirmişdi ki, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?