Britaniya Müdafiə Nazirliyinin cümə günü Ukrayna ilə bağlı kəşfiyyat məlumatında bildirib ki, Rusiya prezidenti Vladimir Putinə "Rusiya ordusunu təxminən 30% artıraraq, 1,5 milyon nəfərə çatdırmaqla bağlı plan təqdim olunub".
Gundemxeber.az bildirir ki, Nazirlik təklifin çərşənbə günü edildiyini və "Rusiya müdafiə naziri Sergey Şoyqunun genişlənmənin Rusiyanın şimal-qərbindəki azı iki briqadanın diviziya həddinə qədər artacağını" izah etdiyini bildirib.
Müdafiə naziri bu addımı "Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı ehtimallara" əsaslandırıb.
"Bu, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan uzunmüddətli strateji çağırışlara öz qüvvələrini necə uyğunlaşdırmağa çalışdığına dair ilk anlayışlardan biridir. Ukraynada qüvvələrinin görünməmiş təzyiq altında olduğu bir vaxt Rusiyanın belə bir artırmanı necə edəcəyi bəlli deyil" - məlumatda bildirilib.
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gecə etdiyi video-müraciətində ABŞ-a qısamüddətli səfərinin "yaxşı nəticələr" verdiyini deyib.
"Biz Vaşinqtondan yaxşı nəticələrlə, həqiqətən də yardım edəcək şeylərlə qayıdırıq," Zelenski Telegram hesabında yerləşdirdiyi videoda bildirib.
O, həmçinin ABŞ prezidenti Co Baydenə və ABŞ Konqresinə Ukraynanın təxminən 10 ay əvvəl ölkəni işğal edən Rusiyaya qarşı mübarizəsini dəstəklədiklərinə görə təşəkkür edib.
Zelenski ABŞ-a çərşənbə günü səfər edib, Baydenlə təkbətək görüşüb və Konqresin birgə iclasında çıxış edib.
Səfəri zamanı Bayden Ukraynaya $1,8 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Bu paketə Kyivə çatdırılacaq ən güclü silahlardan biri olan "Patriot" raket batareyası da daxildir.
Bundan əlavə, cümə axşamı ABŞ Senatı Ukraynanın əlavə yardım ala biləcəyi $1,7 trilyon dollarlıq xərclərlə bağlı layihəni təsdiqləyib. Qanun layihəsi Nümayəndələr Palatasına göndəriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?