Düz bir il bundan əvvəl - 2016-ci il aprelin 1-də erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində - Goranboy, Tərtər, Ağdam və digər rayonlarımızda yerləşən Silahlı Qüvvələrimizin mövqelərini, eləcə də dinc sakinləri atəşə tutmağa başladılar. Hər kəs televizyadan, internetdən cəbhədəki vəziyyətlə bağlı xəbərləri həyacanla izləyirdi. Sosial şəbəkələrdə ordumuzun hər bir uğuruyla bağlı statuslar yazilir, hər kəs ürəyində olan vətən sevgisini bu statuslarda, rəylərdə əks etdirirdi.
26 yaşlı Fərman Əsədli isə baxmıyaraq ki, hərbi xidmətini başa vurmuşdu, cəbhədəki vəziyyətdən xəbər tutan kimi, çoxumuzdan fərqli olaraq vətənə, orduya olan sevgisini monitor arxasında deyil, cəbhədə əsgərlərimizin yanında olması ilə göstərmək istəyirdi. Elə buna görə də o, bacısının həyat yoldaşı Sadiq Əliyev ilə birlikdə bir qədər ərzaq malları alaraq ağır döyüşlərin getdiyi Tərtər rayonunun Şıxarx qəsəbəsinə yola düşür.
Qısa arayış: Əsədli Fərman Elçin oğlu 1990-cı il sentyabrın 10-da Gəncə şəhərində anadan olub. 1996-cı ildə Samux rayon Sərkar kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib. 2007-ci ildə Gəncə Dövlət Univrsitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakultəsinə daxil olub, 2011-ci ildə ali təhsilini başa vurub. 2011-2012-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ilin sentyabr ayında ailə həyatı qurub, 2013-cü ilin iyul ayında qız övladı dünyaya gəlib.
Fərman ilə Sadiq ora çatdıqda dəhşətli bir səhnənin şahidi olurlar. Belə ki, onlar qəsəbənin erməni təcavüzkarları tərəfindən ağır artilleriya atəşinə tutulduğunun şahidi olurlar. Fərmanla Sadiq gətirdikləri ərzağın bir hissəsini hərbi hissədə qulluq edən əsgərlərimizə çatdırar, onlara ürək-dirək verir, “güclü olun, qorxmayın, xalq sizinlədir!” deyir və hərbiçilərimizə necə kömək edə biləcəklərini soruşurlar. Hərbiçilər Fərmanla Sadiqə köməyə ehtiyac olmadığını, minnətdarlıqlarını bildirib sadəcə atəş altında olan ərazini tərk etmələrini xahiş edirlər. Bundan sonra Fərmanla Sadiq əsgərlərə verilmiş əmrin icrasına köməklik göstərir, əraziyə toplaşan vətəndaşları oradan uzaqlaşdırırlar. Düşmən artilleriyasının mövqelərimizə ardıcıl zərbələr endirdiyini görən Fərmanla Sadiq həmin ərazilərdə yaralıların olma ehtimalını nəzərə alaraq “Niva” markalı avtomobilləri ilə oraya yollanırlar. Onlar ayrı-ayrı mövqelərdə yerləşən hərbçilərimizlə görüşür, sonra isə bir daha könüllü şəkildə Tərtər rayon mərkəzinə qayıdaraq, hərbiçilərimiz üçün lazımı qida məhsulları alaraq, geri qayıdırlar. Bundan sonra mülki əhalinin buraxılmadığı ərazidə silahlı qüvvələrimizə məxsus “QAZ-3308” markalı avtomaşının dayandığını görən Fərman Əsədli yaxınlıqda olan mülkü avtomaşınlardan birinin “akkumlyator”unu çıxararaq öz “Niva” markalı avtomobili ilə Sadiqlə birlikdə hərbi avtomaşının dayandığı istiqamətə yollanır. Ora çatdıqdan sonra Fərman hərbi yük maşınını təmir edərək, özü sükan arxasına əyləşir, sürücü əsgər Şirinovu da yanında əyləşdirərək şəhidlərin cənazəsini aparan avtomaşını idarə edib Tərtər şəhərində yerləşən “N” saylı hərbi hissəyə təhvil verir. Bundan sonra Fərmanla Sadiq yenidən döyüş bölgəsinə qayıdaraq ərazidə yaralıların olub-olmaması ilə maraqlanır. Onlar yaralılar olacağı təqdirdə dərhal xəstəxanaya çatdırmaq üçün bir müddət atəş altında olan mövqelərdə gözləyirlər. Həmin müddət ərzində düşmən tərəfindən atılan top mərmiləri Fərman və Sadiqin olduğu yerə yaxın ərazilərə düşür. Fərman top mərmilərindən birinin düşdüyü yerin yaxınlığında yaralı əsgərin olduğunu görüb yeznəsi Sadiq Əliyevlə birlikdə yaralının atəş altından çıxarılması və xəstəxanaya çatdırılmasında qəhrəmanlıq göstərir. Həmin gün axşam saat 18-19 radələrində Fərman Əsədli ilə Sadiq Əliyev əsgərlərlə sağollaşaraq yaşadıqları Gəncə şəhərinə qayıtmaq üçün yola çıxırlar. Lakin yolda silahlı qüvvələrin zabiti, kapitan Rəhimov Mübariz Vaqif oğlu ilə rastlaşırlar. Onlar kapıtanı xidmət etdiyi posta aparıb düşürmək qərarına gəlirlər. Həmin vaxt Tərtər rayonun Şıxarx kəndi erməni təcavüzkarları tərəfindən ağır artilleriya atəşinə tutulur. Fərmanla Sadiq kapitan Mübariz Rəhimovu avtomaşınlarına mindirib Şıxarx istiqamətində hərəkət edirlər. Kənddə yerləşən qum-çınqıl karxanasını təxminən 500 metr keçdikdən sonra düşmənin artileriya bölməsinin “D-30” top mərmisi avtomaşının yaxınlığına düşür, mərminin qəlpələri avtomaşını deşərək qabaq sağ oturacaqda əyləşən Fərman Əsədlinin ağır yaralanmasına səbəb olur. Avtomaşında olan Sadiq də ağır yaralanır, hərbiçi Mübaiz Rəhimov isə hadisə vaxtı heç bir xəsarət almır. Sadiq özü qanlar içində olsa da, qaynını Tərtər xəstəxanasına çatdırır. Və orada özü də huşunu ititir. Həkimlərin səyinə baxmayaraq, ciyərlərini qəlpə dağıdan və çoxlu qan itirən Fərman Əsədli dünyasını dəyişir. Sadiq isə... başının arxa hissəsindən aldığı yaradan bir neçə gün komada qalir. O, başında qalan qəlpəni, ürəyində isə xilas edə bilmədiyi qaynının acısını daşımağa məhkumdur.
Hadisədən sonra Fərmanın əsgər yoldaşları, tələbə yoldaşları onunla görüşə gəlir. Ancaq bu gorüş qəbristanlıqda baş tutur.
Əsgər yoldaşı Kamran Məmmədovun Fərman haqqında dedikləri: " Əziz dostum, qardaşım Fərman çox vətənpərvər, vətənini, millətini sevən bir gənc idi. Hərbi xidmətdə olduğumuz müddətdə də digərlərindən şücaəti ilə fərqlənər, verilən əmrləri dəqiq, səlis yerinə yetirərdi. Qardaşım Fərman Vətən yolunda qəhraməncasına şəhid oldu. O, bu həyatdan vaxtsiz getsə də, özünə böyük hörmət qazanmışdı, Allah rəhmət eləsin, ailəsinə səbr diləyirəm".
Tələbə yoldaşının dediklərindən: "Fərman mənim üçün tək tələbə yoldaşı deyil, həm də yaxın dost olub. Hər zaman kiminsə bir çətinliyi, müşkülü olsa, onu aradan qaldırmaq üçün canfəşanlıq edər və məqsədinə çatardı. Universiteti bitirdikdən sonra da təşkilatçılıq edər, hər kəsi bir araya toplayar , gülərüz simasıyla zarafatlar edər, tələbəlik xatirələrini yenidən canlandırardı. Şəhid qardaşım Fərman belə bir insan idi. Bunlar onun haqqında demək istədiklərimin kiçik bir zərrəsidir. Hər zaman gözlərimiz onu axtarsa da, o , daim bizim qəlblərimizdə yaşayacaq. Allah rəhmət etsin".
O gün, o axşamüstü oğlu və kürəkəninin könüllü olaraq döyüş bölgəsinə getdiyindən xəbərsiz olan Elçin müəllimlə Xatirə xanımın arasında belə bir dialoq olub.
Elçin müəllim:
- Döyüşlər başlayıb, ermənilər tərəfdən çox sayda itkilər var, amma təbii müharibə qurbansız olmaz, biz də çox şəhid vermişik. Xatirə xanım:
- Məndən ötdü, sənə dəydi... Dəyən, şəhid olan hamısı bizim balamızdır.
Sən demə bu vətənpərvər ailənin övladı olan Fərman qanlar içində xəstəxanada can verirmiş. Keçmiş komissar Elçin Əsədov hərbçiyə məxsus təmkinini pozmadan bir şəhid qapısında heç zaman unuda bilmədiyi hadisəni xatırlayır: "2005-də olmuşdu bu. Mart ayinin 7-də. Atəşkəs zamanından şəhidlər verə-verə gəlirik. O zaman Oş vilayətindən qovulmuş bir azərbaycanlı ailəsinin övladı şəhid olmuşdu. Mən şəhidimizin xəbərini verməyə getmişdim. Qapıda anası mənə “Məni 8 mart bayramı münasibəti ilə təbrik etməyəmi gəlmisiniz?” dedi. Sabah 8 Mart olacaqdı. O an o anaya deməyə söz tapmadım. Şəhid olmaq - canını Vətən üçün fəda etmək şərəfdir! Şəhidlik əlzatmaz zirvədir!"
Ehtiyatda olan polkovnik-leytenant, ömrünün 25 ilini hərbi xidmətə həsr edən komissar Elçin Əsədov "mənim oğlum belə olmalıydı" deyir. Oğlu kimi oğullarla qürur duyduğunu söyləyir. Hər ikisi dövlət qulluğunda işləyən, maddi sıxıntısı olmayan oğlu və kürəkəninin döyüş bölgəsinə getmələri ürəklərindəki təpərə, təmənnasız vətən sevgisinə bariz sübutdur. Hərbçi olaraq döyüş meydanında şəhid olmaq ölümlərin ən şərəflisidir.
Fərman mülki geyimdə getdiyi döyüş zonasında şəhid olub. Könüllü olaraq rahat həyatdan imtina edib qanın-qadanın içinə atılmaq, Vətən darda olanda dadına çatmaq istəyiylə ora getmək də bir başqa cəsarətdir və hünər istər.
Komissar Elçın müəllimin sadəcə bir istəyi var. Balaca Xatirənin böyüyəndə babasına verəcəyi - “Atam kim olub” sualına “Sənin atan şəhid olub” cavabını verə bilməsi...
Fərman və Sadiq bir də Vətəni daha çox kim sevir- müqayisəsi, nisbəti zəncirini qıranların ilkləridir. Və bir də güllə səsindən daldalanmayıb, ona sari qoşan yeni Azərbaycan gəncliyinin örnəyidir! Mövzu Vətən olunca, gerisi təfərrüatdır...
Fərman bu qəhrəmanlığı ilə şəhid adına layiq deyilmi?! Şəhid kimdir? Azərbaycan Respublikasi Konstitusiyasinin 76-cı maddəsinin 1-ci bəndi: Şəhid Azərbaycan Respublikasinin azadlığı, süverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Vətəni müdafiə yalnız əlind silah alıb düşmənə güllə atmaq deyil! Vətəni müdafiə arxa cəbhədə olan hər bir kəsin, keşiyimizi çəkən ,bizim təhlükəsizliyimizi təmin edən, vətən övladına maddi -mənəvi köməkliyi əsirgəməməkdir. İki gəncin - Fərmanla Sadiqin bu addımı Azərbaycan gəncliyi üçün bir örnəkdir. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Şəhidlər ölməz,vətən bölünməz! Söhbətin sonu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?