Sahib Qurbanov: “Pulu və siqareti Eldar Mahmudovun əmisi oğluna verdiklərini bildirdilər”
Elçin Quliyev: “Maqsud Mahmudovn MTN-ə çağırılmasından nazir Eldar Mahmudovun xəbəri olub”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Xalıq Sadıqov bildirib ki, “Elite Travel” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olub. Onun sözlərinə görə, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham etdilər. Sonra şirkətin lisenziyasının ləğvi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər. Bildirdilər ki, bütün turizm şirkətləri bizimlə belə işləyirlər”.
Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb, yenə hədə-qorxulara məruz qalıb: “Ayaz Gərayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən özlərinin, ailə üzvlərinin adlarına tur-paketlər götürürdülər. Sanki şirkət onlarındır. Bu barədə heç yerə şikayət etməmişəm. Şikayət etsəydim, evimdə məni güllələyərdilər”.
“İşimiz insanlarla işləməkdir”
Digər zərərçəkmiş, uşaq həkimi Elşən Tağıyev bildirib ki, 2015-ci il sentyabrın 27-də işlədiyi “Ankara” klinikasının qarşısında MTN əməkdaşları tərəfindən saxlanılıb və nazirliyə
aparılıb: “Nazirlikdə mənə bildirdilər ki, hansına qadına qarşı əxlaqsız hərəkətlər etmişəm. Məndən 50 min, daha sonra isə 30 min istədilər. Amma MTN əməkdaşlarına heç bir vəsait ödəməmişəm”.
Elşən Tağıyev bildirib ki, barəsində olan şikayətlə bağlı sonradan Sabunçu rayon Polis İdarəsində araşdırma aparılıb və şikayət sübuta yetirilmədiyi üçün cinayət təqibinə xitam verilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib.
Elçin Quliyev bildirib ki, zərərçəkmişin əməlləri ilə bağlı MTN-ə şikayət edilib: “Şikayət əsasında həmin şəxs MTN-ə çağırılıb və dindirilib. Çoxları fikirləşir ki, MTN ancaq dövlətin təhlükəsizlik işləri ilə məşğul olmalıdır. Amma elə deyil. Bizim işimiz insanlarla işləməkdir. Bu zərərçəkmiş ərəb ölkələrində işləyib. Biz də insanların fəaliyyətində seçim edirik, bu üsulla onları nazirliyə dəvət edib, əlaqə yaradırıq”.
“55 qutunu MTN-ə təhvil verdim”
Digər zərərçəkmiş Sahib Qurbanov bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar. Onun sözlərinə görə, Zaur Əzimov və Amil Yusifovla birgə siqaret satışı ilə məşğul olub: “2015-ci ilin yanvar ayında ləğv edilmiş MTN-in Xəzər rayon idarəsində Amil Yusifova məxsus siqaret yükünün saxlanmasından sonra danışıq aparmaq üçün həmin idarəyə getmişəm. Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşmüşəm. Həmin vaxt Heydər İslamov mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirərək 40 min manat məbləğində pul tələb etdi. Növbəti gün Heydər İslamova 40 min ABŞ dolları pul verdim”.
Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin təxminən fevral ayında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri
nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret saxlanılaraq MTN-in Binəqədi rayon idarəsinə aparılıb: “Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı zəng vuraraq məndə olan 60 qutu siqareti də qısa müddət ərzində MTN-in Binəqədi rayon idarəsinə gətirərək təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunacağımla hədələdi. Özümdə olan siqaretlərdən 55 qutusunu apararaq MTN-in Binəqədi rayon idarəsinə təhvil verdim”.
“Heydər İslamov mənə 10 min manat verdi”
Sahib Qurbanov ifadəsində qeyd edib ki, MTN-in Binəqədi rayon idarəsinin həyətində Heydər Hacıyev və Rafiq Səfərovla görüşüb: “Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər Hacıyevə əlavə pul verə bilməyəcəyimizi dedik. Bununla bağlı Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. O bu məsələni Eldar Mahmudovla görüşüb həll edəcəklərini dedi. Vidadi Rzayev MTN-in Binəqədi rayon idarəsinə getdi, Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmamasını Rafiq Səfərovla 150 min manata razılaşdıq”.
Sahib Qurbanov həmçinin ifadəsində qeyd edib ki, Xəzər rayonundakı vəzifəsindən çıxıb MTN-in Binəqədi rayon idarəsində rəis müavini olan Heydər İslamovla görüşüb, pul verməsi barədə söhbət edib: “Heydər İslamovdan prokurorluğa şikayət etmişdim. O, məni yanına çağırıb şikayətimi geri götürməyimi istədi. Kənardan söhbətimizi də videoya çəkdirdim. Söhbət zamanı Heydər İslamov mənə 10 min manat verdi. Mən də həmin pulu işi aparan müstəntiqə verdim ki, əl-barmaq izi götürsünlər, əgər məndən vaxtı ilə pul almayıbsa, nəyə görə bu qədər pulu mənə verib”.
“Görüşdən sonra mənə zəng vurdu”
Sahib Qurbanov istintaqa verdiyi ifadəsində göstərib ki, Heydər İslamov və Rafiq Səfərovdan verdiyi pulları və siqareti tələb edib: “Onlar da məndən aldıqları pulu və siqareti Eldar Mahmudovun əmisi oğlu olan Vüqar Mahmudova verdiklərini bildiriblər. Pulları və siqareti ondan tələb etməyimi məsləhət gördü. Mən də MTN-in hospitalına getdim və orada Vüqar Mahmudovla görüşdüm. Görüş zamanı Vüqar Mahmudovun Rafiqlə Heydəri tanıdığını desə də, siqaretlərin və pulun alınmasından xəbərsiz olduğunu bildirdi. Vüqarla görüşdən bir neçə gün sonra mənə zəng vurdu və dediklərini araşdırdığını, onun bu məsələlərə aidiyyətinin olmadığını bildirdi”.
İstintaqa şahid qismində ifadə verən Heydər İslamov bildirib ki, 2015-ci ilin mart ayınadək MTN-in Xəzər rayon idarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili, bölmə rəisi vəzifələrində işləyib.
O, daha sonra MTN-in Binəqədi rayon şöbəsinə rəis müavini təyin edilib: “Sahib Qurbanovu 2015-ci ilin noyabr ayından tanımışam. 2015-ci ilin noyabr ayında Naib adlı şəxsin mənə zəng vuraraq görüşmək istədi. Görüş zamanı oraya sonradan adının Sahib olduğunu bildiyim şəxsin də gəldi. Görüş zamanı Sahibin pulunun guya mənim aldığımı bildirdi. Mən də Naibə Sahibi tanımadığımı, ondan hər hansı məbləğdə pul almadığımı bildirdim”.
“Qızın ərinin həbsdən yeni çıxdığını mənə bildirdi”
Zərərçəkmiş Maqsud Mahmudovun sözlərinə görə, 5 iyul 2015-ci il tarixdə, saat 14 radələrində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin əməkdaşı Azər Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb: “Nazirlikdə məni Azər Mehdiyev qəbul etdi. O, məni terrorçu adlandırdı. Son 10 gündə telefon zənglərim və mesajlarımın onlar tərəfindən
izlənildiyini bildirdi. Dedi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm. Orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşmüşəm. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını mənə bildirdi”.
Zərərçəkmiş bildirib ki, MTN-də ondan əvvəlcə 250 min dollar tələb olunub: “Bildirdilər ki, tələb olunan pulu vermədyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan həyat yoldaşına deyəcəklər. Onlara deyilən məbləği verməyə imkanımın olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim”.
Prosesdə Maqsud Mahmudovla Elçin Quliyevin arasında mübahisə yaranıb. Elçin Quliyev bildirib ki, zərərçəkmişi casusluqla bağlı MTN-ə çağırıblar: “Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil”.
General Qurani-Kərim kitabına niyə and içmədi?
Bu zaman zərərçəkmiş Qurani-Kərim kitabını çıxarır və təqsirləndirilən şəxsdən and içməsini istəyir: “Elçin Quliyev burada deyir ki, yalan danışıram. And içsin ki, yalan danışıram. Əgər and içsə, mən məhkəmə zalını tərk edəcəm".
Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və yeni açıqlama verib: “Maqsud Mahmudovun MTN-ə çağırılmasından nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub. Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər olub. Onların da bura gəlməsini istəyirəm”.
Bu zaman Maqsud Mahmudov antititerror mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin istintaqa verdiyi ifadəsinə toxunub: “Rəhmətlik İlqar Əliyev deyib ki, məndən alınan pulun 70 min manatı Eldar Mahmudova çatdırılıb. Elmin Quliyev bu gün burada bunu dolayısı yolla təsdiqləyir. Mənim 120 min manatdan əlavə 1 milyon 200 min manatımı alıblar".
Elçin Quliyev qeyd edib ki, bütün bu işlər prokurorluğun quraması olub. Bildirib ki, zərərçəkmişlər öyrədilmiş şəxslərdir. Maqsud Mahmudov generalın yalan danışdığını deyib: "Deyir ki, guya biz burada yalan danışırıq. Burada 22 nəfər zərərçəkmiş var. İndi bu qədər insan yalan danışır?”.
Elçin Quliyev Maqsud Mahmudovu şantajçı adlandırıb. Zərərçəkmiş də onu baş şantajçı adlandırıb: “Burada özünü müdafiə edir. Amma illərdir kimlərisə video çəkilişlə şantaj etməklə məşğul olublar. Bizim çox yaxşı generallarımız var. Elçin Quliyev general adına ləkədir”.
Daha sonra Sahib Qurbanov bildirib ki, ondan hədə-qorxu yolu ilə pul tələb olunub. Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovun da yalan danışdığını deyib. Qarşılıqlı ittihamlarla səslənən zamam Sahib Qurbanov deyib ki, ona qarşı edilən qanusuzluqlarda Heydər İslamov və Ayaz Gərayzadə də iştirak edib.
“MTN-də məni bir otağa gətirdilər”
Zərərçəkmiş Ələkbər Heydərov bildirib ki, 2001-ci ildən 2013-cü ilədək Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib: “2011-ci ilin may ayında Gülağa İslamov mənə MTN-nin Antiterror mərkəzinə dəvət olunduğumu bildirdi. Başçı çağırılmağımın səbəbini bilmədiyini, oraya gedərək öyrənməyimi tapşırdı. Mən də deyilən vaxt MTN-nin əsas binasına yaxınlaşdım və özümü
təqdim etdim. Adını bilmədiyim bir şəxs məni qarşılayaraq Antiterror Mərkəzinə apardı”.
Ələkbər Heydərovun sözlərinə görə, MTN-nin binasında onu bir otağa gətiriblər: “Adını bilmədiyim 2-3 nəfər MTN əməkdaşı icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdilər. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını dedim və həmin saxta sənədi təqdim etmələrini istədim. Həmin şəxslər konkret olaraq kimin barəsində saxta sərəncam verdiyimi bildirməsələr də, ümumi şəkildə danışdılar. Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 1990-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Həmin sənədlərə aidiyyətim olmadığını bildirdim, buna dair izahat yazdım”.
“Məni həbs edəcəklərini bildirdilər”
İcra başçısını müavini qeyd edib ki, onu sorğu-sual edən şəxslərin vəzifəsi və adlarını bilməyib: “Söhbət zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq aradan çıxdıqdan sonra onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsi narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini bildirdilər”.
“Bildirdi ki, Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam”
Ələkbər Heydərov deyib ki, sonra ona rəisin onunla görüşmək istədiyini bildiriblər: “Məni həmin mərtəbədə başqa bir otağa apardılar. Otaqda polkovnik və ya polkovnik-leytenant rütbəli şəxsin oturdğunu, sonradan həmin şəxsin İlqar Əliyev olduğunu xatırlayıram. İlqar Əliyevin otağına daxil olandan
sonra digər əməkdaşlar çıxdılar. Əvvəlcə İlqar Əliyev bildirdi ki, MTN-ə nazir Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən buna etiraz etdim, bu məsələyə adiyyətim olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik”.
İcra başçısının müavini əlavə eləyib ki, sonra İlqar Əliyev MTN-nin Antiterror Mərkəzinin səlahiyyətləri, oraya girənin onların icazəsi olmadan çıxa bilmədiyini, onun başqa vasitə ilə həbs olunacağı ilə bağlı hədə-qorxu gəlib: “Mənə cavan oğlumun olduğunu dedi. Onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmadığını soruşdu. Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı söylədi. İlqar Əliyevin bu sözündən həyəcanlandım. Həqiqətən də onların istədikləri formada məni və ya ailə üzvlərimi şərləyə biləcəklərini düşündüm. Ancaq onların məhz məni çağırmalarının səbəbini, məndən konkret nəyin istənildiyini bilmədim”.
“5 rəqəmini göstərdi, 500 min manat istədi”
İcra başçısının müavininin sözlərinə görə, daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500.000 manat verməli olduğunu bildirib: “Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. Bu zaman İlqar Əliyev mənə hörmət etdiyini bildirdi. O, bir kağız parçasına 300.000 manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi istədi. Söhbət zamanı İlqarın həmçinin həmin pulun hamısının ona çatmadığını, pulun böyük hissəsinin əsasən nazir və idarə rəisinə çatacağını, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra, saat 3-də gətirmək
gərəkdiyini dedi, bu barədə də heç kəsə məlumat verməməyimi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım”.
Ələkbər Heydərovun sözlərinə görə, qardaşı Abbasəli ilə məsləhətləşdikdən sonra MTN-nin çox təhlükəli qurum olduğunu, İlqar Əliyevə qarşı getsə, özünə və oğluna şər ataraq həbs edəcəklərini düşünüb: “Buna görə də razılaşdığım məbləği toplamağa başladım. Qardaşım və oğlumun dostlarından borc almaqla 300.000 manatı topladım, bir həftə sonra MTN-nin əsas qapısına gəldim. Orada İlqar Əliyevin yanına gəldiyimi bildirdim. Bir nəfər adını bilmədiyim şəxs mənə yaxınlaşaraq İlqar Məmmədovun xidməti otağına apardı. Otaqda özümlə gətirdiyim 300.000 manatı İlqar Əliyevin özünə verdim. Pulu verən zaman otaqda başqa şəxs olmayıb”.
Ələkbər Heydərov əlavə edib ki, oğlu Aydına borc pul vermiş dostunun kim olmasını özü ifadəsində dəqiq göstərə bilər. Onun sözlərinə görə, İlqar Əliyevin ona qarşı qanunsuz hərəkətlər etməklə, 300.000 manat alması barədə qorxusundan heç bir hüquq-mühafizə və başqa dövlət qurumuna şikayət etməyib: “Həmin dövrdə MTN-dən şikayət etməyimin heç bir mənası yox idi. Çünki İlqar Əliyevə heç bir şeyi sübut edə bilməzdim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?