Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin tutulması ilə bağlı Yasamal Rayon Məhkəməsinin avqustun 31-də qəbul etdiyi qərardan apellyasiya şikayəti verilib. Bu barədə vəkil Fuad Ağayev bildirib.
Avqustun 24-də saat 18.20-də Mehman Əliyevə onun şübhəli şəxs qismində tutulması haqqında qərar elan edilib. Müstəntiqin qərarına əsasən Cinayət Prossesual Məcəllənin 147.2.1 maddəsinə istinadən, yəni M.Əliyev cinayət törətməsinə şübhə yarandığına görə o, tutulub.
“Bu zaman istintaq orqanı həmin məcəllənin 148.3.1-ci maddəsini əsas tutub. Həmin maddəyə görə, müstəntiq şəxsi o zaman tuta bilər ki, o, hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərsin. Həmin qərar tamamilə qanunsuz olduğu üçün müdafiə tərəfi ondan məhkəməyə şikayət verib. Şikayətin əsas dəlili budur: Mehman Əliyevin istintaqdan yayınmadığı, dəfələrlə dindirmələrə könüllü gəldiyindən, onun istintaqdan qaçıb gizlənmə cəhdi olmadığından, bunu heç xəyalına da gətirmədiyindən, qərar uydurma dəlilə əsaslanır, qanunvericilik normaları ilə bir araya sığmır”, vəkil qeyd edib.
Yasamal Rayon Məhkəməsi şikayəti təmin etməyib, 24 avqust tarixli tutma qərarını qanuni sayıb.
“Hakim Hüseyn Səfərovun fikrincə, Mehman Əliyev 24 avqustda tutulsa da, bundan bir gün sonra, avqustun 25-də onun həbsi barədə məhkəmə qərarı çıxıb, onun tutulması da qanunidir. Halbuki, hakim yalnız və yalnız onu araşdırmalı idi ki, Mehman Əliyev istintaqdan qaçmağa cəhd göstərib, ya yox. Məhkəmə bu məsələyə qiymət verməkdən yayınıb ki, Mehman müəllimin qaçmaq cəhdinə dair uydurmanı yazmasın. Halbuki, tutulma barədə qərar müstəqil şəkildə, post-faktum qaydada deyil, bu qərar qəbul edilənə qədər mövcud sübutlarla təsdiq olunmalı idi”, Ağayev bildirib.
Avqustun 24-də M.Əliyev Turan agentliyinə qarşı cinayət işi çərçivəsində şahid qismində Vergilər Nazirliyinə dindirilməyə çağırılıb.
M.Əliyev öz vəkili ilə nazirliyə gedib. Ancaq bildiriblər ki, onun statusu “şahiddən şübhəli şəxs” statusuna dəyişdirilib və vəkilin dindirmədə iştirakına icazə verməyiblər.
Avqustun 25-də məhkəmə Mehman Əliyevi vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamı ilə həbs edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?