Həbsin girovla əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb
Sentyabrın 6-da Bakının Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı verilmiş vəsatətə baxılıb. Məhkəmə qapalı keçirilib.
Məhkəmə binasının qarşısında ictimai-siyasi fəallar, Müsavat Partiyasının başqanı Arif Hacılı, REAL Hərəkatının icra katibi Natiq Cəfərli, jurnalistlər, ictimaiyyətin nümayəndələri olub.
Vəkil Fuad Ağayev vəsatətin təmin edilmədiyini deyib.
O, bu işlə bağlı bütün məhkəmə instansiyalarından keçəcəyini, sonda Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, Turan İnformasiya Agentliyinə və Mehman Əliyevə qarşı ittihamların heç bir hüquqi əsası yoxdur.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.
Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.
ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.
Fransa və Böyük Britaniya Xarici İşlər Nazirlikləri M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildirib və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?