Öz direktorunun həbsi ardınca məhdud şəkildə fəaliyyət göstərən Turan informasiya agentliyi 1 oktyabrdan etibarən işini tam bərpa edib.
Agentliyin redaktoru bildirir ki, məhdud fəaliyyətə səbəb olan problemlər həll olunmasa da, onların "öhdəsindən gələ biləcəyinə ümid" edir. "Agentliyə qarşı cinayət işi qüvvədə qalır və hesablarda olan pulu istifadə edə bilmirik. Lakin ümid edirik ki, cinayət işi tezliklə bağlanacaq və normal fəaliyyətə keçəcəyik", - Şahin Haciyev BBC Azərbaycancaya bildirib. Turan agentliyi sentyabrın 1-dən fəaliyyətinin dayandırılacağını elan etsə də, əməkdaşları "öz imkanları hesabına" işi davam etdiriblər. Ötən ay ərzində siyasi analitika, iqtisadi icmal və siyasi monitorinq kimi materialların sayı və həcmi məhdud olub. Şahin Haciyevə əsasən indi bütün sahələrdə iş normal məcrasına qayıdacaq. Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Vergilər Nazirliyi media qurumunu vergi ödəməkdən yayınmaqda ittiham edib. Avqustun 25-də vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan agentliyin rəhbəri, Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Turan direktoruna dair həbs qətimkan qərarı 11 sentyabrda ləğv edilib. Lakin ona qarşı qaldırılmış iş üzrə araşdırma davam edir. Mehman Əliyev ittihamları dəfələrlə rədd edib. Turan 1990-cı ildə təsis olunub. O, həmin ərəfədə ölkədə yaradılmış ilk müstəqil informasiya agentliklərindən biri olub./bbc.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?