"Sərhədsiz Reportyorlar" və TV5-Monde telekanalı bu il üçün Mətbuat Azadlığı mükafatının qalibinin adını noyabrın 7-də elan edəcək. Mərasim Strasburqda Demokratiya Naminə Ümumdünya Forumu çərçivəsində keçiriləcək.
Prosedura əsasən cəmi üç laureat olacaq: jurnalist, bloger və media qurumu. Bu il "Sərhədsiz Reportyorlar" tərəfindən cəsarəti, peşəkarlığı, müstəqilliyi və söz azadlığına sadiqliyi nəzərə alınaraq 18 jurnalist, bloger və KİV seçilib. Onlardan üçü noyabrın 7-də Strasburqda RSF-TV5 Monde Mətbuat Azadlığı mükafatını alacaqlar. Turan agentliyinin direktoru Mehman Əliyev "Jurnalist" kateqoriyasında nominant göstərilib. Mehman Əliyev Azərbaycanda jurnalistikanın və müstəqil mətbuat uğrunda mübarizənin pionerlərindəndir. Sovet senzurasına müqabil o, bir neçə dostu ilə birlikdə 1990-cı ilin mayında Turan İnformasiya Agentliyini yaradıb. Bu gün Turan Beynəlxalq Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 162-ci yeri tutan bir ölkədə qalan yeganə müstəqil KİV hesab edilir. Üç dildə xəbər yayan Turan ən həssas mövzuları işıqlandırmaqdan çəkinməyən reportyorlarının peşəkarlığı sayəsində mühüm informasiya mənbəyinə çevrilib. Mehman Əliyev bu ilin avqustunda həbs edilib, Turan isə fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb. Beynəlxalq təzyiq sayəsində o, üç həftə sonra həbsdən azad edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?