Adı çəkilən bulvarın uzunluğu rəsmi məlumatlarda 4,2 kilometr göstərilsə də, onun uzunluğu heç 2,5 km də deyil, daha dəqiq desək 2km-dən bir qədər artıqdır
Bu yaxınlarda Sumqayıtda yaşayan tanışımın dəvəti ilə adı çəkilən şəhərə qonaq getmişdim. Çox keçmədən şəhərin dənizkənarı bulvarını gəzdim və açığı onu da deyim ki, bütün mənzərə xoşuma gəldi. Sumqayıt Bulvarındakı restoranların birində yemək yedikdən sonra tanışımla bulvarı bir başından digər başına gəzərkən, təsadüfən maraqlı bir fakt aşkar etdim. Belə ki, rəsmi məlumatlarda, əksər mətbu orqanlarda Sumqayıt Dənizkənarı bulvar kompleksinin uzunluğunun Xəzər dənizinin sahili boyunca 4,2 kilometr (bəzi mənbələrdə 4 km olması göstərilir) olması göstərilir. Təsadüfən əlim düyməyə dəydi və telefonumdakı məsafəni ölçən proqram işə düşdü. Mənə məlum oldu ki, adı çəkilən bulvarın uzunluğu rəsmi məlumatlarda 4,2 kilometr göstərilsə də, onun uzunluğu heç 2,5 km də deyil, daha dəqiq desək 2km-dən bir qədər artıqdır.
Təəccüb etdiyim üçün bulvarın uzunluğunu təkrar ölçdüm. Bu dəfə bulvarın girişindən ta axırıncan, hətta gəmilərin gedəcəyi planlaşdırılan və dənizin içinə gedən estakadayacan, yəni ölçünü başlanğıcından sonadək artıqlaması ilə ölçdüm.
Mən yenə gəldiyim nəticəyə inanmadım və fikirləşdim ki, bəlkə proqram səhv qeyd edir, buna görə də Google Map-a girdim və bütün dünyanın etibar etdiyi, sanballı, mötəbər resurs da bunu təsdiq etdi. Orada uzunluq bir qədər çox göstərilsə də, umumən yaranan şübhələri təsdiqləndi. Siz özünüz də müstəqil bəlli məsafəni ölçə bilərsiz və gəldiyim nəticəyə gələ bilərsizniz. Bəlkə də əslində ola bilsin uzunluq, bulvarın ilkin proyektinə görə 4,2 olmalı idi, sonradan belə alınıb. Amma fakt budur ki, indiki məsafə müəyyən etdiyim kimidir. Hətta, bulvarın kənarında bulvarboyu paralel uzanan ərazi ilə avtomobillə də getsəniz sərf olunan kilometrajla da buna əmin olmaq olar.
İndiki internet əsrində məsafəni müxtəlif vasitələrlə, proqramlarla dəqiq müəyyən etmək elə də çətin məsələ deyil. Əlbəttə, bu ölçülərdə 5-10 metr əskik-artıq, “plyus-minus” fərqi ola bilər. Amma 2 km heç zaman fərq ola bilməz. Düzdür, Bulvarın qurtaracağındakı “Priçal” restoranının yanından düz gedən yarımçıq tikili-yol var. bulvarın girəcəyindəN Corata tərəf gedən çıxıntı da heç 50 metr olmaz. Qeyd edim ki, tikintisi 2015-ci ilin oktyabrında başlanılan Sumqayıt Bulvarı, ötən ilin senyabrında istifadəyə verilib və ümumi sahəsi 106 hektar olan bulvarın açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib. Mətbuatda oxudum ki, Sumqayıt Bulvarı hətta bu il “İnternational Award for Excellence & Leadership” mükafatına da layiq görülüb. Əlbəttə etiraf etmək lazımdır ki, Sumqayıt Bulvarı həqiqətən də diqqətəlayiqdir və gözəl, yaraşıqlı olduğu üçün, sumqayıtlıların, şəhərə gələn qonaqların çox xoşuna gəlir. Maraqlıdır ki, görəsən niyə onun uzunluğu rəsmi ölçüdən qısa gəlir?!
Məqsəd nədir? Ola bilməz ki, tikintisinə milyonlar xərclənən bulvarın real uzunluğundan, bulvarın tikintisini aparanların və şəhər rəhbərliyinin heç bir halda xəbəri olmasın…Görəsən bulvarın uzunluğunu müəyyən edəndə, aidiyyatı qurumlar nəyə əsalanıblar da, bulvarın uzunluğunu bir neçə kilometr artıq yazıblar?!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?