Prezidentə təqdim olunan qovluqda Süleyman Mikayılovun dəhşətli əməllərindən və deputatı döyməsindən bəhs olunub, PA təftiş edir...
Nazir və Naxçıvan rəhbəri Qaradağın icra hakiminin arxasından çəkilməsi sonunu yaxınlaşdırıb - Təfərrüat
Dekabrın 15-də prezidentə arayışı təqdim olunan icra başçılarından biri də Süleyman Mikayılovdur. "Gündəm Xəbər"in məlumatına görə, Qaradağ rayon icra başçısının fəaliyyətinə prezident tərəfindən hansı rəy veriləcəyi səbirsizliklə gözlənilir.
Başçının "qoçuluğu"nun partlayışı...
Artıq 4 gündən sonra rayon icra hakimiyyətləri ilə bağlı yeni siyasi kurs və proqram hazırlanacaq. Prezident əhali ilə işləməyən və narazılıq yaradan RİH rəhbərlərini vəzifələrdə saxlamaq istəmir. Çünki seçkiqabağı artan şikayətlər xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu xüsusatda Qaradağ RİH başçısı S.Mikayılovun da gedişi istisna edilmir. İcra başçısı yerli idarələrin, büdcə təşkilatlarının rəhbərlərinə qarşı kobud davranışı, vətəndaşlara qarşı saymazlığı, onları qəbul otağından qovdurması ilə məşhurdur. Bu siyasəti Lənkəranda icra başçısı işlədiyi dövrdə inkişaf etdirmiş S.Mikayılov Qaradağa gəldikdən sonra əməllərini tətbiq elədi. Yəni, təkcə qaradağlılar deyil, yerli məmurlar da ondan narazıdırlar. Qalır 15dekabrdan sonra veriləcək qərara... Üstəlik, onun kobudluğu, insanlara fiziki zorakılıq göstərməsi haqda deyilənlərin kulminasiya nöqtəsi Qaradağın deputatını döyməsi xəbəri oldu. Noyabrın 24-də xəbər portallarında yayılan məlumatda deyilirdi ki, Süleyman Mikayılovla adıçəkilən rayonun millət vəkili Aydın Hüseynov arasında inisident yaranıb. Belə ki, icra başçısı Süleyman Mikayılov, millət vəkilini rayonun maliyyə işlərinə müdaxilə etməkdə ittiham edib və buna son qoymağı əmr edib. Bundan sonra tərəflər arasında mübahisə böyüyüb və sonunc fiziki müqavimətlə yekunlaşıb. Məlumatda bildirir ki, Süleyman Mikayılov qarşısında aciz qalan deputat bir neçə gün rayona getməkdən belə çəkinib. Aydın Hüseynov Səbael rayon icra hakimiyyətinin başçısı Eldar Əzizova yaxın adam kimi təqdim edilir. Aydın Hüseynov eyni zamanda Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin rəisi, hakim Yeni Azərbaycan partiyasının Qaradağ təşkilatının sədridir. Bildirək ki, 11 saylı Qaradağ Seçki Dairəsindən deputat olmuş və qalmaqallı seçimlə yadda qalan Aydın Hüseynov əvvəllər icra hakimiyyətinin başısı Süleyman Mikayılovun əsas kadrlarından biri hesab edilib. İcra başçısının onun deputat seçilməsində xüsusi rolu və fəaliyyətinin olduğu da daxil olan məlumatlar arasındadır. Lakin Eldar Əzizovun Sumqayıtdan sonra Səbael rayonuna icra başçısı təyin olunması Maliyyə Nazirliyinin bu vəzifəli şəxsinin də yolunu məhz həmişə olduğu kimi Qaradağdan yox, Səbaeldən salmasına səbəb olub. Eldar Əzizov icra başçısı təyin edildikdən dərhal sonra təbrik üçün icra hakimiyyətinə gələnlər arasında da Aydın Hüseynov xüsusi yer tutub. İcra başçısının təbriki isə kifayət qədər bahalı olub- avtomobil. Məlumatlara görə, rəhbər şəxsləri avtomobillə təbirk etmək Aydın Hüseynovun köhnə adətidir və o, daha əvvəl indi münasibətləri gərginləşən Süleyman Mikayılovun da qəbuluna məhz avtomobil açarları ilə gedib. Qaradağ RİH başçısının Aydın Hüseynova fiziki güc tətbiq etməsinin kökündə də onun Eldar Əzizovla xoş münasibətlərinin olduğu bildirilir. Amma deputat açıqlamasında məlumatları təkzib edib. Hər halda belə bir xəbər boş yerdən yayılmazdı.
Şöbə müdirini də yumruqlayıb
Bundan əvvəl Qaradağ rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Rasim Hüseynovun Prezident İlham Əliyevin çıxışı ilə bağlı rişxənd dolu cavabı barədə xəbər verilmişdi.Şöbə müdiri Qaradağda yaşayan bir şikayətçinin "Bəs Cənab Prezident çıxışları zamanı sahibkarlara və vətəndaşlara şərait yaradılsın deyir” sualına belə cavab vermişdi: "Prezident çox söz deyir. Prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Bu boyda yalan olmaz. Prezident bilmir ki, 168 manata hansı "qurumsaq” işləyər…?”. Onun bu sözləri lentə alınmış, sosial mediada və KİV-də yayılaraq geniş rezonans doğurmuşdu. Bir dövlət məmurunun belə bir çıxışı ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanmışdı. Dövlət başçısının çıxışının bir məmur tərəfindən, özü də rişxənd dolu sözlərlə təkzib edilməsi onun özbaşınalığından, dövlətə, dövlət rəhbərliyinə qarşı saymamazlığından irəli gəlir. Sonra məlum olub ki, Süleyman Mikayılovun kabinetində bir neçə yetkili şəxsin iştirakı ilə iclas keçirilib. Bu zaman icra başçısı Rasim Hüseynova əsəbləşərək onu yumuruqlayıb. İddiaya görə, Süleyman Mikayılovun bağırtısı bütün binada eşidilib. İcra başçısının şöbə müdirinə qəzəblənməsinin səbəbi Rasim Hüseynovun yayılan səs yazısı olub. Çünki bu səs yazısında şöbə müdiri açıq-aşkar Prezidentin sözlərinə rişxənd edir. Şöbə müdirinin bu cür "siyası səhv" buraxması isə Süleyman Mikayılova baha başa gəlib. Deyilənə görə, icra başçısı Rasim Hüseynova görə Prezident Administrasiyası tərəfindən "qulaqburma" cəzasına məruz qalıb.
Mikayılovu qoruyan güc çəkilib
"Gündəm Xəbər"in məlumatına görə, S.Mikayılovun fövqəladə hallar naziri Kamaləddin Heydərova yaxınlığı ilə seçildiyi tez-tez bildirilirdi. Ancaq mediada gedən məlumatlarda icra başçısının nazirin barəsində "o kimdir ki?" dediyi iddia olunub. Bu da Qaradağ RİH-də ciddi təşvişə səbəb olub. Hətta nazirin onun arxasından çəkildiyi və siyasi rəhbərliyə mənfi təqdimatı verildiyi bildirilir. Yəni, S.Mikayılovu qoruyan güc yoxdur və icra başçısı təklənib. Bunun nəticəsidir ki, Qaradağ rayonunda el arasında icra başçısının istefaya gedəcəyi söz-söhbəti yayılıb. Onun yerinə kimin təyin olunacağı məlum deyil. Heydərovla paralel olaraq Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun S.Mikayılovdan xoşu gəlmədiyi iddia edilir. Başçı hətta o qədər arxayın düşüb ki, kluarlarda "mən Vasif Talıbova həmişə nifrət etmişəm” deyərək, heç vaxt ona tabe olmayacağını bildirib. Bu səbəbdən də MR rəhbəri daha ciddi-cəhdlə mübarizəyə başlayıb. S.Mikayılovun yaxın günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacağı söhbəti daha sıx danışılmağa başlayıb. Qeyd edək ki, bir müddət öncə mediada S.Mikayılovun Naxçıvanda yeni vəzifəyə göndərilməsinə hazırlıq getdiyi, lakin onun "Ölərəm, amma Vasif Talıbovun rəhbərliyi altında işləmərəm” deyərək bundan boyun qaçırdığı barədə məlumatlar işıq üzü görmüşdü. Lakin onun hansı səbəblərdən V.Talıbovla çalışmaq istəməməsi haqda heç bir açıqlama verilmirdi. Lakin obyekt sahibləri, iş adamları toy-bayram edirlər ki, Mikayılov getsin. Çünki ən çox onlara repressiya edib. Dövlət başçısının isə ən çox həssaslıq göstərdiyi məqam sahibkarlığın fəaliyyəti ilə bağlı icra başçılarının tutduğu mövqedir. Hələ bu ilin yazında bir sahibkarın müraciəti yayılmışdı. Sitat: "məlum səbədən hələ ki, adımızı açıqlaya bilmirik. Adımızı açıqlasaq, onda bizim karxanalar bağlanacaq, ya da başqa birinə satacaqlar. Bunun üçün Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuz da bizim son nəfəsimizdir. Məsələ ondadır ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımızdan çıxarır. Neçə illərdir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayanlar təkcə icra başçısının qardaşı deyil, həmçinin bir çox başqa idarələrdən gələn məmurlara da aylıq veririk. Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adıyla aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz "uçastka"larımızı yenidən bizə satmağa qalxıb. Başçının qardaşı açıq şəkildə deyir ki, ya "uçastka"larımızı yenidın almalıyıq, ya da "uçastka"larımız əlimizdən alınıb başqalarına satacaq. Bunun üçün onların əlində qanuni əsaslar da var. Yəni bizim "uçastka"larımızı bağlamaq onlar üçün su içmək qədər asandır. İcra Hakimiyyətinin məmurları, ya da əməyin mühafizəsindən olan məmurlar ürəkləri istədikləri zaman "uçastka"larımızı bağlamaq imkanlarına sahibdirlər. Bunu əsaslandırmaq üçün onların heç bir problemi yoxdur. Lakin məsələ orasındadır ki, bütün karyerdə eyni qayda on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və bu aylığa görə bir çox iş qüsurlarına məmurlar göz yumurlar". Onun yarıtmaz fəaliyyəti və sahibkarları sıxışdırması nəticəsində Qaradağ rayonu barıt çəlləyinə dönüb. Bu gedişlə Qaradağda sosial partlayış olacaq. Çünki S.Mikayılov rayona rəhbərlik etdiyi gündən əhalinin narazılığı azalmır. S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır.
Palatanın korrupsiya ifşası və yığım...
Bundan əlavə, bu ilin aprelində Qaradağ RİH-də yeyinti faktları aşkarlanmışdı. Qaradağ rayon İcra Hakimiyyətində nəqliyyat vasitələrinin sürücülərinə artıq əmək haqqı hesablanıb. Hesablama Palatası xəbər verib ki, Qaradağ Rayon İcra Hakimiyyətində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirilmiş auditlə nəqliyyat vasitələrinin sürücülərinə əmək haqqının hesablanmasında qanunvericiliyin tələbləri gözlənilməyib. Avtonəqliyyat və Mexanizasiya Dəstəsi tərəfindən işçinin istirahət günləri işə çıxmasına əsas göstərilmədən bütün sürücülərə hesabat ilinin bütün istirahət (bazar) günləri üçün əmək haqqı hesablanılmış və nəticədə sürücülərə 2014-cü ilin may-dekabr aylarında 4447,8 manat, 2015-ci ildə 8884,5 manat, 2016-cı ilin 1-ci yarısında isə 4885,7 manat, ümumilikdə 18218 manat artıq əmək haqqı ödənişinə yol verilsə də, həmin vəsaitin müvafiq qayda da bərpası təmin edilməyib. Qeyd edilib ki, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 368,4 manatın büdcəyə köçürülməsi və qalan vəsaitin hissə-hissə dövlət büdcəsinə bərpa ediləcəyi barədə məktub Hesablama Palatasına daxil olub. Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, bunlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil. Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Onu da bildirək ki, ümumiyyətlə, Süleyman Mikayılovun müxtəlif sahələr üzərə peşəkarlaşmış pulyığanları var. Torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır. Məhz onun əli ilə «Çakır» ləqəbli Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır. Bir sözlə, Qaradağ rayonunda illərdir özünə fironsayağı xanədan qurmağa müvəffəq olan Süleyman Mikayılovun yeganə qazanc yeri heç də karxanalar deyil. Buna baxmayaraq, demək olar ki, nəzarətsiz buraxılmış daş karxanaları həm işçiləri üçün ölüm mənbəyi hesab olunur, həm də daş alıcıları üçün bir tələdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?