Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi onun həbs təhlükəsinin artmasından xəbər verir
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, dekabrın 16-da da Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırılıb. gundemxeber.az bildirir ki, bu barədə azpolitika.info-ya mötəbər mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Eldar Mahmudov İstintaq İdarəsinə yollanıb, günorta 1 saatlıq nahar fasiləsindən sonra yenidən İstintaq İdarəsinə qayıdıb. Sayt yazır ki, Eldar Mahmudov 2 gün ardıcıl olaraq əsasən oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı 1 milyard dollarla bağlı sorğu-sual edilib.
Dekabrın 16-da günün birinci yarısında isə hazırda həbsdə olan keçmiş köməkçisi, əmisi oğlu Vüqar Mahmudovla üzləşdirilib. “Günün ikinci yarısında Akif Çovdarovun sabiq nazirlə üzləşdirmə üçün İstintaq İdarəsinə gətiriləcəyi gözlənilirdi” - mənbə “azpolitika”ya bildirib. Həmçinin əlavə edib ki, sabiq nazir xüsusilə gərgin görünüb. Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi, onun köməkçisi Vüqar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi həbs ehtimalının son dərəcə yüksəldiyindən xəbər verir.
Yada salaq ki, Eldar Mahmudovu buna qədər Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində artıq 4 dəfə dindiriblər. Əvvəlki dindirmələrin köməkçisi vəzifəsini daşımış Vüqar Mahmudovun cinayət işi çərçivəsində gerçəkləşdiyi bildirilirdi. V.Mahmudov ləğv olunmuş MTN Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib. Faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb.
O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Eldar Mahmudovu, ölkədən 1 milyard dollar çıxarılması ətrafında sorğu-sual edildiyi bildirilir. Mümkündür ki, keçmiş nazir həmin pulları ölkədən hazırda həbsdə olan əmisi oğlu Vüqar Mahmudovun vasitəsilə çıxarıb. V.Mahmudov bu il noyabrın 3-də həbs edildikdən sonra belə xəbərlər yayılmışdı ki, ondan Eldar Mahmudovun həbsinə əsas ola biləcək ifadələr alınıb. Bildirilirdi ki, V.Mahmudov E.Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Əsasən, MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Belə xəbərlər də var ki, Eldar Mahmudovu “sağ əli” olan əmisi oğlunun ifadəsi əsasında həbs etmək istəyirlər./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?