Keçmiş vergilər naziri Fazil Məmmədov Prezident Administrasiyasına haqqında edilmiş şikayətlərə reaksiya verib
gundemxeber.az bildirir ki, keçmiş nazir "Bizim Yol”a açıqlamasında heç bir halda qanundan kənar iş görülmədiyini bildirib:
"Kim şikayət edib məndən? Bu nədir yazırsız? Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”.
Xatırladaq ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmayılov Vergilər Nazirliyi ilə bağlı ötən il edilmiş şikayətləri açıqlayıb. Bildirib ki, ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.
Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.
Onu da bildirək ki, 2 gün əvvəl hazırki vergilər naziri Mikayıl Cabbarov da əvvəlki rəhbərliyin fəaliyyətini tənqid etmiş, vergi ödəyicilərindən qanunsuz ödənişlər tələb olunduğunu bildirmişdi. Fazil Məmmədovun bu açıqlamasını müəyyən qədər onun M.Cabbarova da cavabı kimi qiymətləndirmək olar./fia.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?