Şəhər icra nümayəndəliyinin 20 metrliyində oniki yaşlı məktəblini itlərin əlindən sakinlər xilas edirlər
KİV-də sahibsiz itlərdən heç də az yazmamışam. 06 iyul 2017-ci il tarixdə CM-nin 147.1 maddəsi ilə beş ay müddətinə həbs olundum. 06 dekabr 2017-ci il tarixdə həbsdən çıxdıqdan sonra sahibsiz itlərin hədsiz artmasından təəssüf hissi keçirdim. Məni məhkəmə sədri ilə dostluğundan sui-istifadə edən məmur biznesmen sifarişəsasında, qondarma şahidlərlə, guya ona böhtan atdığıma görə sanki hərbi əsir, girov kimi həbs etdirmiş və atdığı addımına görə də ləzzət almışdı. Deməli, KİV-dəki çıxışım kimilərisə “narahat” edirmiş. Təhqirə, böhtana, şantaja məruz qalan mən idim. Söhbət insan haqlarından, söz azadlığının ciddi deformasiya edilməsindən getdiyinə görə, Avropa Şurası məni kimlərinsə məzələnməsinə görə siyasi məhbus etmişdi. Sahibsiz itlər bir ay ərzində təcili yardıma getdiyim zaman özümə də az hücum etməyiblər. Şəhər icra nümayəndəliyinin 20 metrliyində oniki yaşlı məktəblini itlərin əlindən sakinlər xilas edirlər. Məktəbli çox güman ki, sarılıq xəstəliyinə yoluxa bilərdi, həmin vaxt ona bir stəkan suyu mən içirtdim. Hər gün məktəblilərə, qaranlıda işə gedənlərə sürü ilə gəzən it hücumları eşidilməkdədir. 16 fevral 2018-ci il tarixdə isə, “ARAZ” çayının şəhərə yaxın hissəsində vəhşiləşmiş itlər əhalinin növbə otardığı ərazidə hücuma keçərək 30-dan çox qoyunu didik-didik edirlər. Yəni, boğduqlarını boğurlar, boğa bilmədiklərini isə çaya vuraraq çayın əks istiqamətinə keçirlər. Təəssüf ki, sakinlər məmur özbaşınalığından qorxaraq şikayət etməyirlər. Çünki, on illər idi ki, əhali örüş sahələrinin metr-metr satıldığından şikayətçi idilər. Şikayət etdiklərinə görə arxalı, rüşvətxor məmurlardan ziyan çəkirlər, hələ də çəkməkdədirlər, çəkənlərdən biri də bəndənizdir. Bu gün şəhər icra nümayəndəsinin müavini vəzifəsini icra edən Fuad Kərimov, məni həbs etdirən məmur-biznesmen Saleh Səmədovun bacısı oğludur. Həm məmurdur, həm də əhalinin örüş sahələrinin düz 18 hektar ərazisini yulğun kollarını məhv edərək, qızıl kitaba düşmüş yulğun, söksöyül kollarını sıradan çıxartdıraraq həmin ərazilərdə istixana saldırıblar. Üstəilk ətrafda olan strateji obyekt lakatoru, hərbi-hissənin ərazisini də şumladırlar. Apellyasiya Məhkəməsində isə, dayısının nümayəndəsinə saxta arayış verməklə, birbaşa mənim həbsdən çıxmağımın qarşısını onun verdiyi arayış almışdı. Qayıdaq sahibsiz itlərə, onların artma səbəbləri laqeydlikdir.Yenə də məmur səriştəsizliyi, az qismin varlaşaraq milyoner, çoxluğun isə yoxsullaşaraq özlərinin sahibsiz, mal-qarasız, hüquqları tapdalanaraq çıxış yolu axtarmalarıdır. Mal-qara bazarı da “ARAZ” çayının digər hissəsindədir. Yoxsullaşmışlar mal-heyvanlarını elə oradaca sahibsiz buraxaraq dava-dərman və ərzaq almağa tələsirlər. Ona görə də, itlərin sayı aramsız artır. Amma məmur-biznesmenlərin, yüksək vəzifə sahiblərinin mal-qara fermalarına it lazım deyil, əli silahlılar, çobanlar qoruyurlar. Bu nə feodalizimdir, nə dəki, kaptalizimdir. Yəqin ki, dövlət seçkidən sonra yazdıqlarımı ciddi nəzarətə götürəcək. Bir qisim milyonerə, böyük əmlaklara, fermalara, istixanalara, plantasiyalara sahiblənir, yoxsullar isə daha da yoxsullaşırlar. İtlər də sahibsiz qaldıqlarından yoxsullara hücum çəkir və sanki sahibsiz olmalarının qisasını alırlar. İndi məni Fuad Kərimovun qeyri-qanuni arayışı əsasında həbsdə saxlatmağı bacarmış məmur-biznesmen, spirt, sok, pivə zavod, şadlıq saray, istixana, femralar sahibi olan Saleh Səmədovun həm işçisi, həm də fermeri Elnur Tağıyev məhkəmə ilə hədələyir ki, mənə böhtan atıblar. Ay aman! Babam Qubadlı rayonundan deyil, bizim Saleh Səmədovla qohumluğumuza Məhbub Zülfüqarlı “kölgə” salır. Nənəm Qubadlıdandır- deyərək şivən qoparıb yenə məni hədəf seçirlər. Məhkəmə sədri, prokuror dostları yenə də təlimatlar verib, üstümüzə yeni-yeni “şikayətçilər” göndərirlər. Çünki öz gözlərindəki tir artıq görünür, mənim gözümdə isə tük tapa bilmirlər. Bunlar məni yenidən həbsə göndərmək üçün sübut etməyə çalışırlar ki, Qubadlı rayonu artıq bizim deyil, ermənilərindir. Saleh Səmədovu isə havdarları daha da böyüdüblər. Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsinin sədri cənab Ramiz Həsənov, mülklərini qorumaq üçün onu özünə müavin təyin etməsi belə anlama gəlir ki, kim bizlərdən yazırsa, sonu Məhbub Zülfüqarlının aqibəti olacaq. Həbs etdirib siyasi məhbusların sayını artıranları isə, mütləq mükafatlandıracağıq. 25 yanvar 2018-ci il tarixdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tabeçiliyində olanlarla birlikdə İmişlidə Heydər Əliyev Mərkəzində idilər. Qəbulda cəmi 28 vətəndaş var idi ki, onlardan biri “Azadlıq” radiosunun müxbiri Azər Əli, digəri də bəndəniz idi. A.Əli siyahıda 6-cı, mən isə 10-cu idim. A.Əlidən sonra nazir zalı tərk etdi və qəbulu müavinlərinə tapşırdı. Müavinlərin qəbulunda olanların sonuncusu bəndəniz idi. Sual verdim ki, Nazir İmişliyə gəzməyə gəlmişdi? Ümumiyyətlə, meşələrin, örüş sahələrinin, ağacların və s. qırılmasını H.Bağırovun rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının gözü qarşısında ediblər. Axtarıb arasanız görərsiniz ki,onillər boyu ETSN-ə, bəlkə də yüz min şikayət edənin (İmişlidən) yalnız bir qisminə başdansovdu cavab verilib. Ona görə də nə park, nə meşə, nə də örüş sahələri qalıb. MRX-nın qarşısındakı 14 hektarlıq parkın ərazisindəki ağaclar gecə ilə kötüyündən çıxarılıb. Guya nazir bilmir ki, H.Əliyev adına park da satılıb. Məni həbs etdirən məmur-oliqarx “20 Yanvar” şəhidlərinə ucaldılmış abidəni yerlə-yeskan etdirib, yerində uşaq baxçası tikdirib, ağacları da kötüyündən çıxartdırıb. Ağaclar çıxarılan zaman nazirin nümayəndəsi də, regional rəisi də orda idi, mən onları qınadım, bu haqda açıqlama da dərc etdim, sonda da yolumu həbsxanadan saldılar. Üzümə duranlardan biri də, nazirin regional rəisi və qardaşı Şirzad idi. Əslində hər ikisi yalan ifadəyə görə həbs olunmalı idilər. 2015-ci ildə Paris razılaşmasını imzalayan və yüzlərlə öılkələrdə keçirilən konfransların iştirakçısı olaraq dövlətimizi təmsil edən ETSN ətraf mühitin qorunmasına cavabdeh deyilmi? Konfranslarda öhdəlik götürən, EXPO-202 J-ə ev sahibliyi etməyə imza atan, axı bu nazirlikdir. Çin Xalq Respublikasında keçiriləcək “Yaşıl həyat” daha yaxşı həyat mövzusunda keçiriləcək sərgidə ETSN komissar təyin olunub. 16 fevral 2018-ci il saat 15:00-da Vergilər Nazirliyi xüsusi teleqramla məni dəvət etmişdi. Son illərdə yeganə nazirlikdir ki, az müddət ərzind çox işlər görüb. Korrupsiyanı, kölgə iqtisadiyyatını, monopoliyanı, himayəçiliyə qarşı ciddi xəbərdarlığı ürəyimizcədir. Sabiq nazir korrupsianerlərə, monopolistlərə “yaşıl işıq” yandırmış, Mehman Əliyev kimi vicdanlı təmiz şəxsə, “GündəmXəbər”ə və digər saytları korrupsiya ittihamı, vergidən yayınma ilə həbsə atdırmışdı. Arxasızlara həbs, millətin, xalqın, dövlətin mənafeyini qoruyanlara həbsxana, monopolistlərə xaricdə və daxildə geniş üfüqlər... Mən Vergilər Nazirliyində olarkən Baş Prokuror cənab Zakir Qaralov İmişli prokurorluğunda vətəndaşları qəbul edirmiş. 5-6 nəfərin qəbuldan savayı, qalan şikayətçiləri prokuror P.Abbasov “Şahmat evi”nin həndəvərində həbs etdirir. Bu haqda həmin gün qəbula getmiş Qulubəyli kənd müəllimi, hansı ki, məhkəmə sədri Qurban Hacıyevin acılar yaşatdığı Elşən Şəmmədli deyib. Hətta, ARB tv-nin xəbərlərində də deyilib ki, İmişli prokurorluğunda eşidilməyən sakinlər Baş Prokurorluğa getsələr də, onlar qəbul edilməyiblər. Əgər jurnalist olaraq mənə, müəllim olaraq Elşən Şəmmədliyə qarşı bu cür ədalətsizlik, özbaşınalıq göstərilirsə, o halda görün ki, aşağı təbəqənin halı hansı həddədir. Hörmətli Səhiyyə Nazirinə də etirazımız var. Çünki, əhalinin tibbi müayinədən keçməsi göstərişiniz qiymətləndirilməlidir. Amma, İmişli GEM-in iki həkimi hər kəsi, o cümlədən 1700 nəfər müəllimi, bütün işçiləri, dərziləri, bərbərləri, çayçıları, şadlıq saraylarlarının işçilərini, qəssabları, hətta pinəçiləri belə “sağlamlıq kitabçası” ilə 5-10 manatın müqabilində müayinəsiz təmin edirlər. Xəstələr ölüm ayağında olarkən təcili tibbi yardıma harayla zəng edib, onlardan imdad diləyirlər. Bu gün 130 min İmişli sakinləri üçün bir təcili yardım maşını və bir həkim ştatı var. Həkim bir ambulansla hansı xəstənin üstünə getsin. Bir həkim kimə baxmalıdır? Şəxsən bir aydan artıqdır ki, mən hər gün onlara müraciət edirəm. Fədakar tibb işçiləri də etdikləri müalicə ilə məni utandırırlar. Sonda mən 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və hörmətli Baş Nazir cənab Artur Rasizadəyə müraciət edirəm. Bəndəniz, eləcə də müəllim Elşən Şəmmədli aprel döyüşçüsü Əhmədov Amilin ailəsi, İmişli rayon məhkəməsinin sədri Q.Hacıyevin özbaşınalığından, yəni imkanlı şəxsləri müdafiə etməsi səbəbindən bütün nazirlərə şikayətlər etmişik. Onunla bağlı 20 nəfərdən artıq şikayətçi tanıyıram. Şikayətlərimizi ya məhkəmə sədrinə, ya prokurora, ya da ki, Ədliyyə Nazirliyinin əməkdaşlarına göndərirlər. cənab Prezidentə məktub və telegramlarla müraciətlər etmişəm. Prezident Administrasiyasında da şikayət və məktublar kimlər tərəfindənsə zərərsizləşdirilir. Axırda məktubları Bakıdan göndərirəm ki, bəlkə tanımadılar. Məmurlarımız tez-tez qəbristanlıqları da gəzməlidirlər ki, etdikləri əməllərinin sonu qəbirstanlıq olduğunu bəlkə düşünə bildilər. Bu qədər əzazillik, bu qədər həqarətin bir sonu olmalıdır. Yoxsa bizim harayımızı xarici səfirlər bilməlidir, ya bu ölkədən çıxıb getməliyik?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?