"Rəsədxanaya gecə vaxtları pozğun qadınlar gətirilir və onlar müəyyən edilmiş qonaq evlərində və ya kotteclərdə yerləşdirilərək, xidmət göstərirlər”
Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi tərəfindən Ali Məkmənin sədri Ramiz Rzayevə müraciət: "Yeznənizin dediyinə görə, onun arxasında Siz durmusunuz və ona bu işlərdə dəstək verirsiniz…”
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, f.ü.f.d., dosent Məhərrəmov Yanoş Mahmud oğlu tərəfindən şikayət məktubu daxil olub. Media vasitsəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət edən Y.Məhhərrəmovun məktubunu olduğu kimi dərc edirik:
"Dedi ki, bütün rəsədxana elmini ləğv etdiyinə görə mən elmlər doktoru ola bilmərəm”
"Hörmətli Ramiz müəllim! Alimdən şok ittiham:
Sizə bildirirəm ki, mən 15 ildir Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) əzmlə çalışıram. Elmi iş fəaliyyətim bu günədək həmişə yüksək səviyyədə olmuşdur. Lakin Sizin yeznəniz (bacınızın həyat yoldaşı) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri mənə qarşı da yavaş-yavaş təhdidlər artmış, rəsədxanada qanunsuzluqlar, çoxsaylı saxtakarlıqlar, cinayət əməlləri baş alıb getməkdədir. Bütün bu cinayət əməllərinin və kobud qanun pozuntularının başında məhz ŞAR-ın direktoru, yeznəniz Namiq Cəlilov dayanır.
Belə ki, hər şey mən elmlər doktoru üzrə doktoranturaya yer sifariş verib təsdiq olunandan sonra başladı. Hazırda elmlər doktoru üzrə 3-cü kurs doktorantam. Nüfuzlu xarici jurnallarda, o cümlədən yerli jurnallarda artan sayda məqalələrim və doktorluq-dissertasiyası mövzusu üzrə ümumi "İCMAL” seminarımı keçirdikdən sonra yeznəniz Namiq Cəlilov və özlərini onun adamları kimi göstərənlər üstümə müxtəlif hücumlar təşkil etdi, məni dolayısı ilə təhdid etdilər ki, elmlər doktoru olmaq iddiamdan əl çəkim. Lakin onların hamısı artıq tam əmin oldular ki, mən bu iddiamdan əl çəkən deyiləm. Bir sözlə, mənim elmlər doktoru olmağıma qarşı dəhşətli dərəcədə qısqanclıq, gözü-götürməzlik və xainlik yarandı və bu əsasda onlar münasibətləri düşmənçilik səviyyəsinə qədər dərinləşdirdilər. Yeznəniz direktor Namiq Cəlilov axırda mənə eşitdirdi ki, o, 188 saylı, 15 Sentyabr 2016-cı il tarixli və sonra isə 202 saylı, 04 oktyabr 2018-ci il tarixli əmrlər imzalayıb və bu əmrlərlə indiyədək olan bütün rəsədxana elmini ləğv etdiyinə görə mən elmlər doktoru ola bilmərəm.
Yeri gəlmişkən bildirirəm ki, mən bu il mart ayının sonlarında Türkiyə Respublikasında İstanbul Universitetinin "Astronomiya və Kosmos Elmləri” Bölməsində elmi ezamiyyətdə oldum. Onlar məni elmi seminar keçirtmək üçün məruzəçi qismində öz elmi mərkəzlərinə dəvət etmişdilər. Nəticələr çox uğurlu oldu. Sonra onlar mənim vasitəmlə ŞAR arasında qarşılıqlı elmi əlaqələrin başlanması üçün direktor Namiq Cəlilova məktub göndərdilər və məktubu ünvanına çatdırdım (təsdiq olunmuş surəti özümdə var və Sizə də göndərirəm). Bu məqsədlə teleskoplarda göy cisimlərinin birgə müşahidələrinin aparılması üçün mənə müraciət etdilər və obyektləri göndərdilər. Lakin direktor Namiq Cəlilov buna imkan vermədi.
"Mənə eşitdirdi ki, Azərbaycanda çox yüksək vəzifəli şəxsin qohumudur…”
Mən dəfələrlə həm ikilikdə, həm də rəsmi qaydada direktor Namiq Cəlilovdan xahiş etdim ki, təhdidlərini dayandırsın, o cümlədən elmi seminarlarımda və teleskopda müşahidə vaxtı bölgüsündə öyrədilib üstümə salınan şəxslərin bəd əməllərinin qarşısını alsın. Lakin bütün bu cəhdlərimin bir xeyiri olmadı. Bundan sonra, mən məcbur olub Namiq Cəlilova direktor təyin olunandan bəri ŞAR-da törətdiyi qanunsuz əməllərini, onun törətdiyi cinayət tərkibli əməllərini ona yarı-şifahi, yarı-yazılı xatırlatdım. Cavabında mənə bilavasitə eşitdirdi ki, o, Azərbaycanda çox yüksək vəzifəli şəxsin qohumudur (Ali Məhkəmənin sədri Siz Ramiz Rzayevin adınızı çəkdi) və ona görə də kefi nə istəyirsə, onu da edəcəkdir. Buna görə, heç kim ona heç nə edə bilməz.
Bundan sonra, mən müxtəlif instansiyalara şikayətlər etdim və Namiq Cəlilov bunlardan xəbər tutdu. O, dərhal vəzifəsindən sui-istifadə edərək rəsədxananın bəzi əməkdaşlarını üstümə qaldırdı, mənə şər-böhtan atdırmaqla məşğul oldu və indiyədək mənə verdiyi müsbət xasiyyətnamələri (onların məndə original nüsxələri vardır, sonuncusunu Sizə də göndərirəm – hamısı direktor tərəfindən imzalanmış, ştamplanmış və möhürlənmişdir) unudub barəmdə ağlasığmaz şər-böhtan və digər iyrənc fitnə-fəsadlar təşkil etdi. Qeyd edirəm ki, direktor Namiq Cəlilov ondan etdiyim bu şikayətlərə görə qanunsuz və xəlvəti olaraq məni 05 iyul 2018-ci il tarixdən etibarən işdən azad etmiş və bu mənə 13 iyul 2018-ci il tarixində bildirilmişdir.
Yeznəniz anlamır ki, mən sıravi işçi deyiləm, aliməm və dosentəm. Həm də elmlər doktoru üzrə 3-cü kurs qiyabi doktorantam. Nəzərə alsaq ki, elmlər doktoru üzrə doktorantura təhsili 5 illikdir, deməli hələ 2 ildən çox təhsilim qalır. Mən rəsədxananın doktorantı olduğumdan məhz burada da işləməliyəm və işləyirdim də.
Savadsızlar, elmi dərəcəsi, elmi adı, hətta ali təhsili olmayanlar Rəsədxanada işləməkdə davam etsinlər, amma mən bir alim kimi Sizin yeznəniz tərəfindən haqsız və qanunsuz olaraq işdən uzaqlaşdırılıb gözləyəsi deyiləm. Əmək müqaviləsinin müddətinin başa çatması o demək deyildir ki, işəgötürən kefi istədiyi işçinin əmək müqaviləsinin vaxtını uzada, kefi istəmədiyi işçinin müqaviləsini isə uzatmaya bilər. Bunu əsaslandırmaq lazımdır.
Əmək Məcəlləsində və elə Əmək Müqaviləmizin özündə göstərildiyi kimi, işəgötürən əsaslandırmalıdır ki, işçi əmək intizamını pozurdumu? Əmək funksiyasını yerinə yetirə bilmirdimi? Elmi fəaliyyətində yarıtmaz və ya zəif idimi? Attestasiya Komissiyasının buna dair qərarı var idimi və s.? Yoxsa ki, filankəslə kobud danışdı-yazışdı, 8 il bundan qabaq filankəsə söymüşdü, filankəslə az qala əlbəyaxa dava edəcəkdi və sayr.
Əgər mən guya kimsəni təhqir etmişəmsə, həmin təhqir olunan şəxs özü birbaşa hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərdi. 8 il bundan qabaq mən kiminləsə dalaşmışamsa, döyüşmüşəmsə, söyüşmüşəmsə, bunu araşdırmaq yeznəniz Namiq Cəlilova qalmayıb – çünki həmin vaxt Sizin yeznəniz rəsədxana rəhbəri deyildi. Hər bir hadisə öz vaxtında həll olunub gedib. Bir sözlə, bütün bunlar hamısı uydurma şifahi söz-söhbətlər olduğuna görə, Namiq Cəlilov onu əsaslandıra bilmədiyinə görə mənim qanunsuz olaraq işdən çıxarılma əmrimə də daxil etmədi.
"Siz Ali Məhkəmə sədri kimi ancaq belə qanunsuz və mərdimazar işlərlə məşğulsunuz?”
Mən sıravi işçi olmadığıma görə, Sizin yeznənizin o gülünc əmrində əsasən elmi fəaliyyətimdə, əgər varsa, ciddi nöqsanlardan bəhs edilib əsaslandırılma olmalıydı. Amma o əmrdə bu barədə heç nə yazılmayıb, çünki mən qeyd etdiyim sahələr üzrə çox üstünlüklərə malikəm, amma Sizin yeznəniz mənə qarşı qərəzlidir.
Birinci Sizin yeznəniz mənə ilişməyə başladı ki, imkan verməyəcək mən elmlər doktoru olum. Artıq sülh və barışıqdan çox keçib. Eyni zamanda mən işçiz olmaqla 4 nəfərlik ailəmlə ac qalmalı deyiləm. Yeznəniz açıq şəkildə deyir ki, qaynı Siz Ramiz Rzayev yenidən rəsədxanaya öz işimə bərpa olunmağımla bağlı bütün məhkəmələrə tapşıracaqsınız ki, iddia ərizəmi təmin etməsinlər – yəni yeznənizin dediyinə görə Siz bir Ali Məhkəmə sədri kimi ancaq belə qanunsuz və mərdimazar işlərlə məşğulsunuz.
Nəhayət dünən bildim ki, yeznəniz Namiq Cəlilov 2 aylıq əmək məzuniyyəti götürüb aradan çıxdı və o elə bilir ki, belə hərəkətlərlə nəyəsə nail olacaq…
Alimdən şok ittiham:
"Uzun illər ərzində görülmüş bütün elmi işlərin hamısının səhv, yanlış, ciddi qüsurlu adlandırmışdır”
ŞAR-ın direktoru, yeznəniz Namiq Cəlilovun rəhbərlik etdiyi qısa dövr ərzində törətdiyi qanunsuz əməllərin bir qismini sadalayıram:
1)O, ŞAR-a direktor təyin olunandan az müddət sonra sərəncam (əmr) imzaladı. O sərəncamda qeyd olunmuşdur ki, ŞAR-da çalışan böyük, aparıcı və baş elmi işçilər, habelə şöbə müdirləri və digər vəzifəlilər sərbəst iş rejiminə keçirilsinlər və yəni istədikləri vaxt əmək intizamını, işə davamiyyəti pozub işə gəlməyə bilərlər. Amma direktor, bəzi orqanların sorğusuna cavab olaraq yalandan məlumat verib ki, guya həmin əmrdə yazıb ki, bu zaman 8 saatlıq iş saatı saxlanılırdı.
Halbuki, o əmrdə elə cümlə yoxdur. ŞAR-ın Bakı şəhər Bölməsində iş səhər saat 09.00-da başlayır, 18.00-da sona çatır. Məsələn, sərbəst iş rejimində olan bir şöbə müdiri işə səhər saat 11.00-da gəlsə, qanunla 20.00-da işdən getməlidir. Amma bu mümkün deyil axı. Axşam saat 18.00-da iş yerində bütün giriş-çıxış qapıları bağlanır.
Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və qanunvericiliyində yuxarıda qeyd olunan belə maddələr (sərbəst iş rejimi anlayışı-işə kefin nə vaxt istəyir gəl, nə vaxt istəmir gəlmə) yoxdur.
Məhz direktor N.Cəlilovun o sərəncamının (əmrinin) nəticəsi oldu ki, ŞAR-da uzun müddətdir əmək intizamı, işə davamiyyət pozulmuş və qarşısı-alınmaz özbaşınalıq yaranmışdır. Bu səbəbdən ŞAR-ın Bakı şəhəri Bölməsində əmrdə göstərilən işçilər, o cümlədən onlara da baxıb digər aşağı vəzifəli işçilər demək olar ki işə gəlmədilər və nəticədə AMEA-nın Binasının girişində quraşdırılmış Turniket sistemi bizim işçilər üçün hər ay 100-150 saat proqul göstərir. Amma onların hamısı tam ştat maaşla təmin olunurlar.
2) Yeznəniz Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra ikinci kobud qanunsuzluğu törətdi. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmayan, respublikamızda yaşamayan Abid Rzayev adlı bir şəxsi ŞAR-a aparıcı elmi işçi kimi tam ştat işə götürdü. A.X.Rzayev iki ildən çoxdur ki, ŞAR-da aparıcı elmi işçi vəzifəsində tam oklad əmək-haqqı ilə təmin olunur. Halbuki, o respublikamıza və ŞAR-a ildə heç bir dəfə işə gəlməmişdir. Mənim qənaətimə görə, A.X.Rzayevin belə qanunsuz formada işlə təmin olunması illik elmi-hesabatlarda AMEA rəhbərliyini aldatmaq məqsədi daşıyırdı. Belə ki, o, Rusiyada yaşayır və işləyir, həm də oranın vətəndaşıdır (Sonradan öyrəndim ki, onun ikili vətəndaşlığı var və bizim qanunlarla bu yolverilməzdir). Beləliklə, onun o xarici ölkədə nəşr etdirdiyi elmi məqalələr yalandan ŞAR-ın əməkdaşının məqalələri adı altında (yəni nüfuzlu xarici jurnallarda nəşr olunmuş məqalələrin ümumi sayı yalandan çox göstərilməklə) AMEA rəhbərliyinə sırınırdı.
3) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra üçüncü ən ağır, ən pis qanunsuzluğu, dövlətimizə, dövlətçiliyimizə qarşı xəyanəti törətmişdir. Belə ki, o, 15 Sentyabr 2016-cı ildə, 188 saylı sərəncamla (əmrlə) ŞAR-da uzun illər ərzində görülmüş bütün elmi işlərin hamısının səhv, yanlış, ciddi qüsurlu adlandırmışdır. Bu rəsmi sərəncam (əmr) rəsədxanamızın adına süni yapışdırılmış elə bir qara ləkədir və həm də rəsədxananın elmi tarixinə elə bir utancverici zərbə vurulmuşdur ki, onu heç vaxt tarixdən silmək mümkün olmayacaqdır.
O vaxt mən də daxil olmaqla təcili yığışıb həmin qanunsuzluğa qarşı toplantı keçirtdik. Lakin bir xeyiri olmadı. Sonradan direktor Namiq Cəlilov 04 Oktyabr 2016-cı il tarixində 202 saylı ikinci əmri verdi və orada əvvəlki əmri qüvvədə saxlamaqla, onun mətninə heç bir əhəmiyyət kəsb etməyən texniki düzəlişlər etdi, lakin əvvəlki əmrdə həlledici məqamlar olduğu kimi qaldı. Əmrlərin hər ikisində göstərilən digər öyrədici işlərin (öyrədici kursların keçirilməsi, test keçirilməsi, müşahidəçi sertifikatların və ya müşahidəçi asissenti sertifikatlarının verilməsi və s.) də heç birisi yerinə yetirilmədi. Həmin əmrlər indiyədək qüvvədədir. Beləliklə, Azərbaycan Astronomiya elmi hal-hazırda de-fakto yoxdur.
"Bu dövlətçiliyimizə qarşı misili görünməmiş xəyanətdir”
Digər tərəfdən indiyənədək Azərbaycan Astronomiya elminin hamısının səhv, yanlış adlandırılması dövlətçiliyimizə vurulmuş ən ağır zərbədir. Bu əmr düşmənlərimizin, bizi istəməyənlərin əlinə keçsə sürətlə bütün dünyaya yayılar və təsəvvür edin ki, dövlətçiliyimizin əleyhinə nələr baş verə bilər.
ŞAR-da indiyədək görülmüş elmi işlərin və nəticələrin başdan-ayağa səhv, yanlış olduğunu kim araşdırmışdı? Bununla bağlı, hansı faktaraşdırıcı komissiya yaradılmışdı, kimlər idi o komissiyanın üzvləri? Kimlərin elmi işlərində və hansı yanlışlıqlar, ciddi qüsurlar, səhvlər tapılmışdı? Bütün Rəsədxana elmi ləğv olunduğu halda bu niyə fəaliyyət göstərir bəs?
Bu rəsədxana 59 ildir ki, fəaliyyət göstərir. İndiyədək burada yüzlərlə (bəlkə də minlərlə) elmi əməkdaşlar çalışıb, müəyyən elmi nailiyyətlər əldə edib, bu sahədə elmimizi inkişaf etdirib, elmi hesabatlar verilib və sayrə. Həm də indiyə kimi bu əməkdaşlara dövlətimiz ümumilikdə milyonlarla manat əmək haqqı verib, oradakı texnologiyalara bundan da çox vəsaitlər xərclənib. İndi isə heç bir araşdırma aparmadan yeznəniz direktor Namiq Cəlilov rəsmi qaydada əmr verib ki, o elmi işlərin hamısı səhv, yanlış və ciddi qüsurlu olub. Bu nə deməkdir? Bu dövlətçiliyimizə qarşı misili görünməmiş xəyanətdir.
Surətlərini bu məktuba əlavə etdiyim əmrləri oxuyarkən şahidi olacaqsınız ki, həm Azərbaycanımızın, həm də Şamaxı rayonunun yaraşığı olan rəsədxanamız və orada indiyədək əldə edilmiş bütün elmi nailiyyətlərin hamısı direktor Namiq Cəlilovun həmin əmrləri ilə sıfra endirilmiş, dövlətimiz, dövlətçiliyimiz rüsvay edilmişdir.
4) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra öz əlaltıları ilə birgə dördüncü kobud qanunsuzluğu və cinayəti də törətmişdir və bu indi də davam edir. Bu ŞAR-da aparılan qanunsuz ekskursiyalar, o cümlədən ekskursiyalardan, kotteclərdən və qonaq evlərindən əldə edilmiş pul vəsaitlərini mənimsəməkdən ibarətdir.
Belə ki, bizə çoxdan məlumdur ki, o ekskursiyalardan, kotteclərdən və qonaq evlərindən gələn gəlirlər demək olar ki hər hansı fonda, xəzinəyə köçürülmür və vergidən yayındırılır. Olsa-olsa həmin gəlirlərin çox az miqdarı rəsmiləşdirilir və vergisi ödənilir. Doğrusu, mən vergidən yayınmanı eşitmişdim, amma saxta çeklər hazırlanıb gələn qonaqlara verilməsini nə eşitməmişdim, nə də görməmişdim. Yəni ki, ŞAR-ın indiki rəhbərliyi tərəfindən kserokopiya üsulu ilə üzərində VÖEN nömrələri və digər süni quraşdırılmış yazılar olmaqla çoxlu sayda saxta çeklər çap edilmiş və istifadəyə buraxılmışdır.
Həmin saxta çeklərin üzərində bu sahəyə ayrılmış əməkdaşlar tərəfindən (onların adlarını bilirəm) gələn qonaq qrupunun ödədiyi məbləğ və tarix rəqəmlə və sözlə yazılır, imzalanıb qonaqlara verilir və belə yolla toplanmış vəsaitlər mənimsənilir. Həmin o saxta çeklərin məndə də çoxlu sayda nümunələri (əsilləri) vardır. Onların surətlərini Sizə də göndərirəm. Bu korrupsiyadır. Kotteclərdə və qonaq evlərində də eyni vəziyyətdir. Qeyd edirəm ki, həmin ödəniş çeklərinin originalı (əsili) tam başqa formadadır, onları da görmüşəm. Sübut edə bilərəm və bu istintaq yolu ilə də müəyyən edilə bilər.
5) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra beşinci kobud qanunsuzluğu da törətmişdir. Heç bir təhsili olmayan şəxsləri, bazar-alverçilərini gah menecer, gah təsərrüfat müdiri, gah baş mütəxəssis və.s. vəzifələrinə təyin etmişdir. Sübut edə bilərəm.
6) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra altıncı özbaşınalığı da törətməkdədir. Belə ki, o, əsasən elmi işçiləri (o cümlədən digər işçiləri, həmçinin indi məni də nəzərdə tutub) yaşadığımız xidməti mənzillərdən çıxartdırıb o mənzilləri qonaq evlərinə və həm də yaxınlıqda tikilən Hoteldə çalışan fəhlələrin yataqxanasına çevirib, qanunsuz yollarla pul qazanmaqla məşğuldur. Amma həmin pullardan Rəsədxana Elmi və Elmi Əməkdaşları heç bir fayda görmür.
7) Rəsədxananın girişində və içərisində qanunsuz alver ticarət mərkəzləri fəaliyyətə başlamışdır. Bundan əlavə, direktor Namiq Cəlilovun göstərişi ilə rəsədxananın bayır tərəfdən girişinin yanında olan avtobus-dayanacağı qeyri-qanuni yolla üzərində əlavə hörgü işləri aparılaraq alver mərkəzinə və həm də yuxarıda qeyd etdiyim kimi saxta çeklərin satış kassasına çevrilmişdir (bu obyektlərin şəkillərini çəkmişəm).
8) AMEA rəhbərliyi tərəfindən Rəsədxanaya ayrılmış xidməti avtobuslar ŞAR-ın işçiləri üçün demək olar ki, fəaliyyət göstərmir. Bu avtobuslara dövlət tərəfindən ayrılmış yanacaq əsasən müdiriyyətin öz şəxsi işlərinə (avtomobillərinə) sərf olunur, amma bütün bunlar naməlum yollarla necə sənədləşdirilərək silinir, bilmirəm.
9) ŞAR-n direktoru Namiq Cəlilov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini də olduqca kobud surətdə pozmuşdur. Belə ki, respublikamızın hazırki Əmək Məcəlləsinin 45-ci maddəsinə görə işəgötürən işçi ilə ya müddətsiz, ya da 5 illik əmək müqaviləsi imzalayır. Lakin Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri bizimlə məcburi qaydada həmin Məcəllənin 47-ci maddəsinin (f) bəndi ilə gah 01 (bir) il və sonucu dəfə isə 1.5 (ilyarım) illik əmək müqavilələri bağlamışdır. O belə qanunsuz hərəkətlərlə bütün işçilərin tezliklə işdən azad edilə biləcəyi ilə təhdid altında saxlayır ki, onun istənilən özbaşınalığına, çoxsaylı qanunsuz hərəkətlərinə heç kim qorxusundan dinməsin.
"Bir sözlə təklif edirəm ki, gəlin onu buradan aparın”
10) Rəsədxanaya gecə vaxtları pozğun qadınlar gətirilir və onlar müəyyən edilmiş qonaq evlərində və ya kotteclərdə yerləşdirilərək xidmət göstərirlər. Bəzi hallarda belə əxlaqsızlıq hərəkətləri maraqlı şəxslər tərəfindən gizli video-kameralar vasitəsi ilə lentə alınmışdır. Qeyd edirəm ki, rəsədxanada çəkilmiş belə video-materiallar olduqca çoxdur. O video-materialın birini əldə edə bilmişəm, istəsəydiniz Sizə təqdim edə bilərəm. Görərdiniz ki, yeznəniz Namiq Cəlilovun ŞAR-da direktorluğu dövründə alimlərin yeməkxanasında gecə vaxtı saat 02-03 arasında nə işlər gedir? Bu faktı bir neçə ay əvvəl mən direktor Namiq Cəlilova dedim və bildirdim ki, bunlar sosial-şəbəkələrdə yayılsa Rəsədxana biabır olacaq. Amma yeznəniz sözümə əhəmiyyət vermədi. Baş verən bütün bu biabırçılıqları sadalamqala artırmaq da olar.
Hörmətli Ramiz müəllim!
Direktor Namiq Cəlilov idarəçiliyi ümumiyyətlə bilmir və qısa müddətdə burada çox pis adam kimi tanındı. Yeznənizin dediyinə görə, onun arxasında Siz durmusunuz və ona bu işlərdə dəstək verirsiniz. Mən buna inanmaq istəməzdim. Məncə, yeznəniz Namiq Cəlilovun törətdiyi bu əməllərin heç birisindən Sizin bəlkə də xəbəriniz yoxdur.
Təklif edirəm ki, Siz yeznəniz ŞAR-ın direktoru Namiq Cəlilovu onun törətdiyi hərəkətlərin qanuni tərəfindən və nəticələrindən xəbərdar edəsiniz.Tezliklə o, birinci mənə verdiyi əsassız şiddətli töhməti üzərimdən götürməklə, məni yenidən öz əvvəlki qanuni işimə qaytarsın. Bundan sonra, təklif edirəm yeznəniz direktor Namiq Cəlilov dərhal tutduğu vəzifədən istefa versin və bu istefa qəbul olunsun. Bir sözlə təklif edirəm ki, gəlin onu buradan aparın”.
Redaksiyadan: Yazıda qeyd olunan ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./cumhuriyyet.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?