Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların ailələrinə qanpulu verilməsi prosesinə başlanıb.
GundemXeber.Az xəbər verir ki, prosesin gedişində şəhid ailələri bəzi nöqsanlarla qarşılaşıb. Bu barədə «Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu Qaziler.az-a bunları bildirib: “Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi başlayandan bir sıra xırda çatışmazlıqlar müşahidə olunur, müəyyən narazılıqlar var. Bu narazılıqların ən əsası “Kapitalbank”da şəhid ailəsinin adına açılan bank hesabı ilə bağlı bankın təqdim etdiyi arayışın verilməsi müqabilində ailədən 10 manat məbləğində pul tələb edilməsi, 11 min manat hesaba köçürüldükdə isə həmin puldan 1 faiz (110 manat) tutulması ilə bağlı olan şikayətlərdir. Fikrimcə, bu düzgün deyil. Yəni ölkənin birinci şəxsinin, ali baş komandanın belə bir vacib, humanist fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və bunu prezidentə qarşı sayğısızlıq hesab edirəm. Düşünürük ki, burada bir anlaşılmazlıq var və tezliklə aradan qaldırılacaq. Xatırladım ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə birdəfəlik ödəmə prosesinin başlanmasından bir gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, şəhid ailələrindən notarius xidmətindən başqa heç bir ödəniş tələb olunmayacaq”.
Sorğu
Yeni dizaynımız necədir?