Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında gizir olmaq üçün imtahandan keçənlər toplaşıblar.
İmtahanlardan və idman normativlərindən keçənlərin bir çoxu gizir hazırlıq kursuna qatıla bilməyiblər. Buna səbəb isə pul verə bilməmələridir.
GundemXeber.Az anews.az-a istinadla bildirir ki, TTM-in qarşısında toplaşanların sözlərinə görə, imtahan nəticələrinin yüksək olmasına, idman normativlərini vermələrinə baxmayaraq, işə pul verənlər götürülüb. TTM-in qarşısında 100-ə yaxın gizir olmaq istəyən və onların valideynləri toplaşıb. Onlar yaranmış vəziyyətə görə Müdafiə Nazirliyinin qaynar xəttinə zəng ediblər və TTM-in rəisini görüşə səsləyiblər. Ancaq onların qarşısına heç kim çıxmayıb.
Gizir olmaq üçün imtahanlardan keçən Əhmədov Mirzə bildirir ki, bütün imtahanlardan uğurla keçsə də, onu işə götürməyiblər:
"27 yaşım var. İkinci yaş həddindəyəm. İdmanda qoyulan bütün normaları artıqlaması ilə yerinə yetirmişəm. Ancaq məlum olur ki, məni işə götürməyiblər. Pulum olsa, götürərdilər. Keçənlərdən hansını dindirdim, hamısı dedi ki, hesabım çatıb, keçəcəm. Ona görə də, onlar imtahanlarda, idman normativlərində kefləri ilə hərəkət edirdilər. Burada duran yüzdən çox uşağın 5-i yalan desin, onu yalan desin, bu qədər uşağın hamısı yalan danışır? Ölkə rəhbərliyinin bu məsələdən xəbəri yoxdur. Əgər xəbəri olsa, buradakı zabitləri cəzalandırar".
Alıyev Murad ikinci dəfədir ki, gizirlik kursuna qatılmaq üçün gəlir. Onun sözlərinə görə, gizir olmaq üçün 5-7 min pul tələb edilir:
"İxtisasa uyğun olaraq pul verilir. Aviasiyada ən bahalısı gizir olmaqdır. Onun üçün 7 min manat verilməlidir. Mənim yanımda test yazmayan, idmanda normativ yerinə yetirə bilməyənlər keçdi, zülm çəkən bizlər qaldıq ortalıqda".
İmtahandan keçib, ancaq işə götürülməyənlərin sözlərinə görə, gizir olmaq üçün qiymət 4 min manatdan başlayır.
4-cü dəfədir bu vəziyyətlə üzləşən Quluzadə Güləsən qeyd edib ki, hər dəfə pul vermədiyi üçün kənarda qalıb:
"Biri var idi, kostyumda gəlmişdi normativə. Deyirəm, niyə normativ vermirsən? Cavab verdi ki, nəyimə lazımdır, pulumu vermişəm. Biz haqqımızı tələb edirik, bizim üzərimizə polis çağırdılar. Deyirlər ki, sakit durmasanız, içəri salacağıq sizi. Biz vətənə xidmət etmək üçün gəlmişik. Bu ölkədə vətənə xidmət üçün də rüşvət vermək lazımdır? Sabah müharibə başlasa, kim gedib öləcək? Biz kasıblar. Onda niyə haqqımızı yeyirlər?".
Abbasov Ədalət də pul verə bilmədiyi üçün kənarda qaldığını bildirib:
"Uşaqlıq arzum hərbçi olmaq idi. İmtahan verdim, hər şey qaydasında, ancaq keçmədim. Ailəmdə də pul yoxdur ki, verim, mən də keçim. General-leytenant Nizam Osmanov və general-mayor Ənvər Əfəndiyev bizə dedi ki, narahat olmayın, imtahan verənlər keçəcəklər. İndi o generallar hanı? Görmürlər bunu?"
Abdullayev Nurlan da imtahanı yüksək səviyyədə verib, gizirlik kursuna qatıla bilməyənlərdəndir. O da rüşvət vermədiyi üçün kənarda qaldığını düşünür.
Vüqar Ayət oğlu Quliyev kursa qatıla bilməməsindən şikayət etdiyi üçün TTM-in qarşısına gələnlərdəndir. Atası Ayət Quliyev bildirib ki, oğlu polisdə xidmət etdiyi halda ordu sıralarına qatılmaq üçün işdən öz ərizəsi ilə çıxıb:
"Oğlum Dövlət Sərhəd Qoşunlarının çevik alayında hərbi xidmət keçib. Əsgərlikdən gələndən sonra polis sıralarına qatılıb. Mənə dedi ki, Milli Orduda xidmət etmək istəyirəm. Ona görə də ərizə yazdı, öz istəyi ilə polisdən çıxdı. Pulum olmadığı üçün oğlum gizirlik kursuna qatıla bilmədi. İlk rüşvət poliklinikadan başlayır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi tibb xidməti polkovnik-leytenantı Mehriban Quliyeva pulsuz heç bir sənədə imza atmır.
Uşaqlar burada haqlarını tələb edir, hərbçilər onların üstünə polis çağırıb. Ayıb deyil? Polis haqqın tələb edənlərə deyir ki, aparacağıq içəri sizi, təxribat törədirsiniz. Təxribatı törədənlər içəridə pul alanlardır, polisi göndəriblər kasıbın la üzərinə. Sabah vətən deyəndə ki, dardayam, övladını göndər, mən də deyəcəm istirahətdəyəm. Övladım gedib düşmənlə üzbəüz xidmət aparıb gəlib, yenidən düşmən qarşısına getmək istəyir, pul istəyirlər. Bunu kimsə izah edə bilər?".
Ayət Quliyevin oğlu Vüqar Quliyev atasının sözünə qüvvət verərək deyib ki, bütün imtahanları yüksək səviyyədə verib:
"Gözümün qabağında sıfır qiymət alanları keçirdilər, imtahanlarda yüksək nəticə göstərənləri kənarda saxladılar. Biz kursa keçənlərlə birlikdə yenidən imtahan tələb edirik. Ədaləti olanlar gəlib imtahanlara baxsın, o dəqiqə görəcəklər ki, biz buraya yalan yerə yığışmamışıq. Keçən şəxslərin özləri dedi ki, pul veriblər. İxtisas olaraq kəşfiyyatı seçmişdim. Gözümün önünə ölümü aldığım halda, məndən pul tələb edirlər. Sabah bu vətəni pul verənlər müdafiə edəcək? Onlar maaş almaq üçün hərbiyə gedənlərdir".
Orxan Əhədov bildirib ki, poliklinikada ondan 500 manat pul alıblar:
"Mənə orada dedilər ki, 500 manat verməsən, xəstəlik yazacağıq, imtahanlara girə bilməyəcəksən. Mən də məcbur 500 manat pul verdim. Mənim atam 3 min manat pul vermişdi. Məni də kənarda saxladılar".
Abbasov Ədalət Aprel döyüşlərinin iştirakçısı olub. O, Lələtəpənin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb. O da, imtahandn keçib, kənarda qalanlardandır. Ədalət Abbasov bunları deyib:
"Evin tək oğluym. Aprel döyüşlərində Lələtəpə uğrunda döyüşmüşəm. Qulağımdan yaralanmışdım. Yaralıları, şəhidləri ərazidən çıxarmışam. İmtahan vermişəm, hamısından uğurla keçmişəm, ancaq pulum yoxdur deyə, kənarda qalmışam".
TTM-in qarşısında dayanan şəxslər bildirib ki, imtahanlardan öncə Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırov onlara imtahanların, seçimlərin ədalətli olacağını deyiblər. Ancaq bu gün dedikləri sözün üstündə durmurlar.
Kənarda qalanların tələbi isə çox sadədir. İşə götürülənlərlə kənarda qalanlar yenidən imtahan versin. Müdafiə naziri Zakir Həsənov da nümayəndə göndərsin. Ədalətli imtahan olsun və kimin haqlı olduğu üzə çıxsın.
Əldə etdiyimiz məlumata görə, bu işin başında Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi polkovnik Elçin Xəlilov dayanır.
Qeyd edək ki, seçimlərdən narazı qalanlar Müdafiə Nazirliyinin qarşısına gediblər. Nazirlikdə onları qəbul etməyib, Zabitlər evinə göndəriblər. Orada isə bildiriblər ki, izahat yazın, 15 gün sonra cavab deyəcəyik.
Maraqlıdır, sabah rüşvətlə hərbi xidmətə düzülən gizirlər necə xidmət edəcəklər? Onlar verdikləri pulu çıxarmağı düşünməyəcəklər? Ümumiyyətlə, rüşvət verib, gizir olan şəxs sabah düşmənlə üz-üzə duracaq? Görünür, Müdafiə Nazirliyində yüksək vəzifə tutan və bundan sui-istifadə edərək cibini dolduranlara bu məqam ümumiyyətlə maraqlı deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?