KEÇİDƏ QOYULAN TİCARƏT KÖŞKÜ PİYADA GEDİŞ-GƏLİŞİ QARŞISINDA ƏNGƏLƏ ÇEVRİLİR
Bəzi mətbu orqanlar, eləcə də araz.az saytı iki həftə öncə bu barədə ictimai narazılığın doğurduğu "həyacan siqnalı" əsasında hazırladıqları yazılarını dərc etdilər. Lakin yazılanlara və ictimai narazılığa məhəl qoymayan kreslo sahibləri, bu dəfə də, istəklərinə nail oldular.
Çox vaxt, belə qanunsuz işlərini gecələr görməyə adət edən həmin məmurlar, paytaxt əhalisinin daha çox gediş-gəliş yeri olan "20 Yanvar" metro stansiyası ətrafındakı piyada yoluna qoyduqları bu köşkün də qapısını açdıra bildilər. İndi çəkdiyimiz bu video və foto-şəkillərə baxsanız, buna etiraz edənlərin nə dərəcədə haqlı olduqlarını özünüz də görəcəksiniz. Görəcəksiniz ki, doğrudan da, qanunsuz qoyulan həmin köşk, öz açıq qapısı ilə, piyadaların sərbəst hərəkət etməsinə bir əngəl olub. Köşk qapısının açılması kifayətdir ki, burada piyada sıxlığı yaransın.
Ötən yazımızda, xüsusi olaraq onu da vurğulamışdıq ki, metronun "20 Yanvar" stansiyası ətrafındakı belə xoşagəlməz hal birinci deyil. Qanunsuz iş görməyə alışanlar, əvvəllər də, bu ətrafda ciddi piyada narazılığına səbəb olan köşklər qoymaq istəyiblər. Lakin piyada yoluna gecəykən qoyulan həmin köşklər, ictimai narazılığa və mətbuatın ciddi tənqidinə tuş gəldiyindən, tezliklə oradan yığışdırılıb.
Qanunsuz iş görməkdən qorxmayan həmin vəzifə sahibləri, iyunun 6-da, bu köşkü də, gecəykən piyada yoluna qoya biliblər. Səhərisi gün, yenə, ictimai narazılıq, piyadaların etirazları aləmi başına götürüb. "Azərsu" Qapalı Səhmdar Cəmiyyətinin iki addımlığındakı "Badu-Səba" şadliq sarayının qarşısına qoyulan bu köşkün sahibləri, etirazlardan müvəqqəti yayınmaq məqsədilə, piyadaların gediş-gəlişləri qarşısında əsl maneəyə çevrilən obyektlərinin qapısını iki həftə açmayıblar. Dünən isə...
...Bir redaksiya əməkdaşı olaraq, biz də, həmin maneənin çətin keçilməzliyi ilə üz-üzə qaldığımızdan, bu qanunsuz işi icra edənlərlə bağlı sorğu aparmaq məcburiyyətində qaldıq. Apardığımız çəkiliş və sorğu zamanı, bu köşkün yiyəsinin kim olduğunu öyrənə bilmədik. Yalnız onu öyrənə bildik ki, guya, həmin şəxs Bakı Şəhər İcra Hakimiyyətində nüfuzu olan vəzifə sahiblərindən birinin adamıdır. Əlimizdən başqa iş gəlmədi deyə, bu dəfə də, aidiyyatı dövlət qurumlarına müraciət etməyə qərar verdik. Ooy, paytaxtda piyadaların daha çox gediş-gəliş yollarından biri olan bu ərazidə əngələ çevrilən həmin köşkün yığışdırılması üçün, həmin dövlət qurumları öz qəti qərarlarını versinlər; Belə olmaz, axı!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?