Gəncə hadisələri (2019-cu il iyul ayı) ilə bağlı ittiham olunan Aydın Qurbanov iyulun 10-da Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində vəfat edib.
Gundemxeber.Az bildirir ki, bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Amerikanın Səsinə iyulun 10-da səhər saatlarında Aydın Qurbanovun mədə xərçəngindən vəfat etdiyini bildirib.
Aydın Qurbanovun həyat yoldaşı Məhbubə Qurbanovanın sözlərinə görə, iyulun 8-də Aydın Qurbanov komaya düşüb. Həkimlər onun ömrünün az qaldığını bildirsələr də prokurorluq Qurbanovun həbsdən azad edilməsilə bağlı ailənin xahişini təmin etməyib.
Qurbanov Cinayət Məcəlləsinin 228.3-ci maddəsi (mütəşəkkil silahlı qruplaşmanın tərkibində qanunsuz silah dövriyyəsi) ilə həbs edilib. Həbsdən sonra onda onkoloji xəstəlik aşkar edilib.
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında Elmar Vəliyevin fəaliyyətinə etiraz olaraq aksiya təyin edilib.
İyulun 10-da Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb.Bunun ardınca kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.
Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?