“10 günə yaxındır ki, gəlinim xəstəxanalardadır. Bətnindəki körpəsini qeysəriyyə yolu ilə götürməlidilər. Pulumuz yoxdur deyə, xəstəxanalar bir-birinə ötürə-ötürə qalıb”.
Saatlının Azadkənd kənd sakini Qismət Səmədov danışır ki, gəlini Esmira Səmədovanın bətnindəki körpə qeysəriyyə yolu ilə götürülməlidir. Ancaq ailə imkansız olduğundan xəstəxanalar əməliyyatı həyata keçirmir. Qismət Səmədovun sözlərinə görə, bir neçə gün əvvəl Esmira Səmədovanın halı pisləşib. Onu Saatlı rayonundakı doğum evinə götürüblər. Ancaq xəstəxanada ailəyə bildirilib ki, hamilə qadının durumu ağırdır, onun müalicəsi bu xəstəxanalıq deyil. Məsləhət görülüb ki, ailə üzvləri Esmira Səmədovanı Sabirabad rayonundakı doğum evinə götürsünlər. Ailə üzvləri belə də ediblər. Esmira Səmədova bu doğum evində təxminən 5 gün qaldıqdan sonra durumu daha da ağırlaşdığından onu təcili yardım maşını ilə Bakıya – Respublika Kliniki Xəstəxanasına göndəriblər.
Qismət Səmədov sözünə davam edir: “İyulun 16-dan ordadır. Doğum şöbəsindən Sevinc həkimlə əlaqə saxlamışam, bildirmişəm ki, çox imkansızıq, gəlinin əri də ağır xəstədir, bu aralar sizə “hörmət” edə bilməyəcəyik, siz xəstəmizi sağ-salamat əməliyyatdan çıxarın, körpəsini sağ-salamat bizə verin, sizə söz verirəm ki, əlimizə imkan düşən kimi gəlib sizi görəcəyik. Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin. Dedim, vallah, billah, imkanımız yoxdur. Həkim üstümə acıqlandı ki, mən bunun iynə-dərmanını öz cibimdən alası deyiləm, nə vaxt alıb verərsiz, müalicəyə başlayarıq. Mən də dedim, a qızım, pulumuz yoxdur deyə, uşaq ananın qarnında qalmalıdı? Öldürmək istəyirsizsə, öldürün, dincəlin”.
Qismət Səmədovun sözlərinə görə, gəlini Esmira Səmədova da bir neçə dəfə ailə ilə telefon əlaqəsi saxlayıb:
“Gəlinim də hər gün zəng vurub deyir ki, məni əməliyyatdan əvvəl 3-4 gün müəlicə etməlidilər, ancaq müalicəmə başlamırlar, deyirlər, zəng vur, ailənə de, gəlsinlər, reseptləri götürüb dərmanları alsınlar. Əməliyyat da etmirlər ki, ailən gəlsin, danışaq, sonra əməliyyata götürək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?