Səbail rayon Məhkəməsində Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölüm faktının araşdırılması ilə bağlı rayon prokurorluğunun hərəkətsizliyindən verilən şikayətə baxılıb.
Məhkəmə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə iddiası ilə bağlı Səbail rayon Prokurorluğuna təqdim etdiyimiz müraciətə baxılmamasını qanunsuz hesab edib və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi barədə qərar qəbul edib. Cinayət təqibini həyata keçirən orqan olan prokurorluqla bağlı məhkəmə nəzarəti qaydasında işə baxan hakim Azər Tağıyev Baş Prokurorluğun əməkdaşının öldürülməsi məsələsinə münasibət bildirmək üçün Səbail rayon prokurorluğuna vaxt vermişdi. Hərəkətlərindən şikayət etdilən prokurorluğun əməkdaşı Ramin Almazov öncəki prosesdə bildirib ki, təmsil etdiyi prokurorluğun məsələyə marağı yoxdur və şikayət əsassızdır. R.Almazov deyib ki, şikayət ərizəsində göstərilən xüsusatlarla bağlı prokurorluq tərəfindən heç bir addım atılmayıb və hadisənin araşdırılması onlara aid deyil. Qeyd edək ki, 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində zəhərlənərək öldürülən Emin Hüseynovun ölüm faktının araşdırılması ilə bağlı Səbail rayon Prokurorluğunun hərəkətsizliyindən məhkəməyə şikayət vermişdik.
Türkiyə tərəfi baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində cəlb edib. Bu sui-qəsdin törədilməsində həyat yoldaşı Elfira Mövsümlü və “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyeva dolayısı yolla iştirak edib. Həmin şəxslərdən alınan ifadələrdə ziddiyyətli məqamlar, müxtəlif vaxtlarda mətbuata verdikləri açıqlamalarda uyğun gəlməyən məqamlar onlar barəsində bizdə haqlı şübhələr yaradıb. Hər iki şəxs baş vermiş cinayəti bildikləri halda hansısa səbəbdən gizlədib və bu şəxslər əməllərində cinayət tərkibinin əlamətləri olduğundan məsuliyyətə cəlb olunmalıdır. Səbail rayon Prokurorluğu isə qəsdən işin istintaqını uzadıb, səmərəli nəticənin əldə edilməsinə maneə törədib və barələrində şikayət edilən şəxslərin məsuliyyətdən yayınmasına şərait yaradıb. Nəhayət ki, Səbail rayon Məhkəməsinin dünənki qərarı ədalətin bərpa ediləcəyi ilə bağlı bizdə ümidləri artırdı. Yaxın zamanlarda cinayətin üstünün açılacağına və bu hadisədə əli olanların cəzalandırılacağına inanırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?