Paytaxt Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, "Mars-M” MMC-nin tərkibindəki "Yasmin" ticarət mərkəzi çoxdandır məhkəmələrdə mübahisə obyektinə çevrilib və onunla bağlı qalmaqallar səngimək bilmir. Neçə vaxtdır ölkə mətbuatı, o cümlədən araz.az saytı da bu barədə müxtəlif səpkili məlumatlar dərc edir. Şirkətin hazırda həbsdə olan təsisçisi və direktoru Mərhəmət Bəşirovla "Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxslərinin, həmin ticarət mərkəzindən bir ətək halal pullarıyla özlərinə obyektlər alan 22 nəfər iş adamının üstündə 17 milyon dollar məbləğində "kredit qumarı" oynadıqları bu yazıların əsas mövzusudur.
Yazılarda bildirilir ki, Mərhəmət Bəşirovun "Yasmin"i ümumilikdə “Xalq Bank”a girov qoymaqla kredit götürdüyü, külli miqdarda olan həmin pulu geri qaytarmadığı obyekt sahibləri Afət Ağazadəyə, Sahib Quliyevə, Azər və Akif Mahmudovlara, Fuad Ramazanova, Natəvan Bağırovaya, Anar Hüseynova, Zülfüqar Kazımova, Ədalət Zamanova, Vüqar Həsənova, Elçin Əliyevə, Yalçın Məlikova, Adil, Əliağa və Qalib Məmmədovlara və digərlərinə, adlarına rəsmiləşdirilən həmin əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdırıb, işə başlayandan çox sonra məlum olub. Daha doğrusu, bütün bunlardan -- “Mars-M” tərəfindən, “Yasmin” biznes mərkəzinin bütünlükdə banka girov qoyulmasından xəbəri olmayan obyekt sahibləri, sahibkar Yalçın Məlikovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilməməsinə görə, İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsindən sonra xəbər tutublar. Artıq, onların, “Mars-M” MMC-nin inşa etdiyi həmin qeyri-yaşayış binasından daha çox 2008-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə aldıqları obyekt və ofisləri əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir. Mərhəmət Bəşirov bu obyekt və ofisləri də, "kredit qumarında" gizlicə "Xalq Bank"a uduzmaqla, onların başlarına bəlalar gətirib. Belə ki, bank məhkəməyə müraciət etməklə, kreditin təminatı olan həmin ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. İddianı təmin edən məhkəmə çıxardığı bu hökmündə iş adamlarının pullarının hansı hesabdan qaytarılmasına aydınlıq gətirməyib.
Картинки по запросу xalqbankBaş verən bütün qanunsuzluqlar ona dəlalət edir ki, vaxtilə Mərhəmət Bəşirovla saxta biznes əlaqələrinə girməkdən çəkinməyən adıkeçən bankın rəhbərləri onların əmlaklarını əllərindən almaqda çox israrlıdır. Onlar kredit adıyla bir qrup iş adamının halal obyektlərinə əl qoymaqla, mövcud qanunvericilikdəki əmlak hüquqlarının tələblərini kobud şəkildə pozmaqdan belə çəkinməyərək, onların gələcəyə dair planlarını tamamilə puça çıxarır, bizneslərini davam etdirməyə imkan vermirlər. Hətta "Xalq Bank" adından, qanunsuz olaraq, biznes mərkəzinin girişinə "Cəsur" mühafizə qurumundan mühafizəçilər də yerləşdiriblər. Beləcə, 2008 -- 2013-cü illərdə böyük həcmdə vəsait ödəməklə, buradan əmlak alanların öz obyektlərinə daxil olmalarına qanunsuz qadağalar qoyulub. Bir sözlə, obyektləri ticarət mərkəzinin içində yerləşən bütün iş adamlarının fəaliyyətləri tam olaraq dayandırılıb. Bu yerdə, onu da qeyd etməyi vacib bildik ki, bu yaxınlarda öz obyektlərinə girmək istəyənlərlə, mühafizəçilər arasında baş verən bir qarşıdurma, əsl dava səhnəsinə çevrilib. Mühafizəçilər obyekt sahiblərinə hücum edib, onları zor gücünə çölə çıxararkən Afət Ağazadə, Fuad Ramazanov, Natəvan Bağırova olmazın əziyyət çəkiblər. Xidmətin Arif adlı əməkdaşı, hətta qadın iş adamlarına qarşı zor tətbiq etməkdən belə çəkinməyib. Nəticədə, Afət Ağazadə ciddi bədən xəsarətləri alıb. Özünə qarşı belə sayğısızlıq görən professor xanım hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Tanınmış cərrah bu olaydan sonra bir daha ölkə başçısına müraciət ünvanlayıb. Əlləri hər yerdən üzüldüyünü, fırlldaq nəticəsində haqqının pozulduğunu qeyd edərək, əmlakının qanunsuz ələ keçirilməsinə imkan verməməsi, bu ciddi məsələnin vicdan çərçivəsində həllini təcili nəzarətə götürməsi üçün, dövlət rəhbərinə səslənib. “Mars-M” firmasının təsisçisi və direktoru Mərhəmət Bəşirov hazırda həbsdədir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə İttiham edilir. İş üzrə cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib. Mərhəmət Bəşirovun təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması xeyli vaxtdır davam edir. İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş “Xalq Bank” ASC-yə ümumi sahəsi 16.100,5, əsas sahəsi 16.043,1 kvadratmetr olan, "Yasmin" adıyla tanınan qeyri-yaşayış binasından 22 şəxsə 30 müqavilə üzrə 1872,27 kvadratmetr sahənin satılması faktını qəsdən bildirmədən, onunla 04 oktyabr 2013-cü il və 08 iyul 2015-ci il tarixlərində kredit müqavilələri bağlayaraq, birinci dəfə 10 milyon manat məbləğində, ikinci dəfə isə, 17 milyon dollar məbləğində qanunsuz kreditlər alıb. Özlərinə obyekt alan həmin 22 nəfər də, məhz buna görə, işdə zərərçəkən şəxs qismində tanınıblar. Məhkəmədə çıxış edən həmin narahat sahibkarlar hakimin diqqətinə öncə onu çatdırıblar ki, "Yasmin"dəki həmin əmlaklarını əzab-əziyyətlə topladıqları külli miqdarda pul vəsaiti müqabilində alıblar. Sahibkar əmlakının zəbtinə isə, heç bir Azərbaycan qanunu yol vermir. Vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə mənimsənilə bilməz. "Xalq Bank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Aldadılan iş adamlarının sözlərinə görə, hələ ticarət mərkəzinin istismarından öncə, “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov onlarla alqı-satqı müqavilələri bağlayıb və bunun əsasında həmin qeyri-yaşayış sahələrini onlara satıb. Bu müqavilələr notarial qaydada təsdiqini tapıb da. Hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. Həmin ofis və obyektlərini külli miqdarda pul xərcləyərək, təmir etdikdən sonra, öz fəaliyyətləriylə bağlı, təyinata uyğun xeyli müddət istifadə edə də biliblər. Buna baxmayaraq, onlara qarşı edilən qanunsuzluqlar bu gün də davam edir. “Mars-M” MMC-nin və “Xalq Bank” ASC-nin vəzifəli şəxslərinin çirkin niyyətlə qurub, icra etdikləri plan nəticəsində həm əmlaklarından, həm xərclədikləri pullarından, həm də bizneslərindən məhrum olmaq təhlükəsi ilə üzləşiblər. Əmlaklarını faktiki olaraq qanunsuz ələ keçirən “Xalq Bank” ASC binaya mühafizə yerləşdirməklə, onların öz sahələrinə girişinə, qanuni əsaslarla aldıqları əmlaklarından təyinatına uyğun istifadə etmələrinə mane olmaqla yanaşı, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun məhkəmə mərhələsində obyektlərini ələ keçirməyi leqallaşdırmaq üçün "dəridən-qabıqdan çıxır". Sahibkarlar və onların vəkili Qanqa İbrahimov hakimin diqqətinə onu da çatdırıblar ki, əsl günahkarlar, bu qatı cinayət işinə görə, yalnız, “Mars-M” firmasının sahibi Mərhəmət Bəşirovu tutdurmaqla, qanunsuzluq etmiş şəxsin məsuliyyətə cəlb olunması görüntüsü yaradıblar. İş adamları bildiriblər ki, bu cinayət işi hazırkı iqtisadi mübahisə ilə birbaşa əlaqəlidir, bu səbəbdən, hazırkı işin hüquqi taleyi həmin işlərin nəticəsinə tam sirayət edəcək. Başqa sözlə, həmin işə baxılıb, həll edilməyincə, iqtisadi yönümlü işlərə baxılması mümkün olmayacaq. Məhkəmədə çıxış edən sahibkarlar, onların vəkilləri və hüquqi nümayəndələri onu da xüsusi vurğulayıblar ki, hər hansı bank bu boyda kredit verəndə, öncə, mütləq, kredit götürənin kredit dosyesini (tarixçəsini) hazırlamalıdır. Kredit dosyesinin mövcudluğuna və tərkibinə dair tələblər Mərkəzi Bankın təsdiq etdiyi və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın müvafiq bənd və əlavəsində təsbit edilib. Qaydaların qısa məzmunu belədir ki, bankda bütün borcalanlar üzrə kredit dosyesi aparılmalı, orada müəyyən zəruri sənədlərdən əlavə, kreditlərin verilməsinin, monitorinqinin və nəzarətinin aparılması üçün tələb olunan minimum sənədlər belə mütləq olmalıdır. Təəssüf ki, "Xalq Bank" bu vacib şərtə də, başdansovdu yanaşıb, bunu nəzərə almayıb və kredit dosyesindəki vacib sənədləri məhkəməyə təqdim etmək istəmir. Çünki keçmişində qaranlıq məqamlar çoxluq təşkil edən Mərhəmət Bəşirovun fəaliyyəti araşdırılsaydı, ona kredit də verilməzdi. Zərərçəkmiş şəxs Afət Ağazadənin nümayəndəsi, vəkil Əkrəm Həsənov tərəfindən məhkəməyə təqdim edilən Vəsatətdə də, deyilən hər şey aydın göstərilib və həmin önəmli sənədlərin məhkəmənin bankdan tələb etməsinin vacibliyi önə çəkilib. Vəsatətdə o da qeyd edilib ki, indiyədək bank kredit dosyesindən lazım bildiyi sənədlərin surətini məhkəməyə təqdim edib. Təbii ki, həmin sənədlər bankın mövqeyinin əsaslı olduğunu sübut etməyə xidmət edir. Lakin işə tam və hərtərəfli baxılması üçün, kredit dosyesi bütövlükdə sübut kimi təqdim edilməlidir. Yalnız bu halda hadisələrin (hərəkətlərin) xronologiyasını və mahiyyətini, habelə bütün iştirakçıları (şahidləri) müəyyən etmək mümkündür. Həmin sənədlərin sırasında həmin iş üçün aktual və mütləq təqdim olunmalı sənədlər -- borcalanın özünün imzası ilə təsdiq edilmiş tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə, kredit sifarişi ilə bərabər, ən vacibi hüquqi şəxs olan borcalanın rəhbərinin adı, soyadı, atasının adı, onun fəaliyyət sahəsi, sosial statusu, kreditin təminatlı və ya təminatsız olması barədə məlumatlar, bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabatlar, biznes-planlar, auditor rəyi ilə təsdiq edilmiş ən azı son iki illik, kreditin müddəti ərzində rüblük maliyyə hesabatları, bank tərəfindən müəyyən edilmiş borcalanın reytinqini və girov predmeti üzrə mülkiyyət hüququnu, girov predmeti birgə və ya üçüncü tərəfin mülkiyyətində olduqda, onun rəsmiləşdirilməsi ilə əlaqədar bütün mülkiyyətçilərin razılığını təsdiq edən sənədlər, habelə bu istiqamətdə yoxlamaların aparılma yeri və onu aparan şəxsin kimliyi və qiymətləndirmənin nəticələri ilə bağlı sənədlər isə, yoxdur...
REDAKTORUN ƏLAVƏSİ:
"Yasmin" sahibinin qaranlıq məqamlarla dolu keçmişi var və belə görünür ki, o, qanun çərçivəsinə sığmayan hərəkətlər etməkdən heç zaman çəkinməyib. Deyilənlər göz önündədir və onun özünün kimliyi barədə də, lazımi məlumatlara malikik. Qeyd edək ki, Mərhəmət Bəşirov bir vaxtlar Texniki Universitetin prorektoru vəzifəsində işləmiş Bəşir Bəşirovun oğludur. Adı, 1993-cü ildən üzübəri törətdiyi müxtəlif cinayət işlərində hallanır. Əslən Lerik rayonundan olan bu şirkət sahibinin tükürpədici hansı qanunsuz işlərə əl atmasını bir çoxları, hətta ölkə mətbuatı da yaxşı bilir. Sübutlar və tutarlı faktlar əsasında qələmə alınmış mətbu materiallardan məlum olur ki, Mərhəmət Bəşirov Təhsil Nazirliyinin sabiq şöbə müdiri Şahrza Əliyevlə iş ortağı olub. Şəriki kimi, nazirliyin iqtisadiyyat şöbəsinin müdirinin də, vəzifə tutduğu 20 il müddətində adı yaxşı yöndən hallanmayıb. Məlumatlara görə, vaxtilə Şahrza Əliyev külli miqdarda büdcə vəsaitini öz şəxsi maraqları naminə istifadə edib. Bunun hesabına, Mərhəmət Bəşirovla birlikdə böyük biznes imperiyası yaratmağa nail olub. Onların firması paytaxtda hündürmərtəbəli binalar tikməkdə ad çıxarıb. Apardığımız araşdırmalar zamanı onu da öyrənmişik ki, Mərhəmət Bəşirov barəsində, 1993-cü ildə də, külli miqdarda mənimsəmə faktına görə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasına səbəb isə, həmin illərdə onun “ANAM” banka rəhbərlik etməsi və digər bir məsələ olub. Mərhəmət Bəşirov bu banka rəhbərlik etdiyi dövrlərdə vəzifəli şəxslərdən biri ilə qohum olub. Hətta həmin məşhur ailə ilə birlikdə fabrik inşa etmək istəyən Bəşirovun, sonradan, heç də yaxşı xasiyyətə malik olmadığı üzə çıxıb. Onun əliəyrilik edərək, daha çox pul qazanmaq üçün, hətta qohumlarını belə güdaza verəcəyi məlum olub və bu səbəbdən, onların qohumluq əlaqələri pozulub. Bunun ardından müflis olan Mərhəmət Bəşirov Azərbaycandan qaçaraq, Ukraynaya sığınıb. Bir müddət Ukraynada başını saxlamağa çalışan Mərhəmət Bəşirov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Onun külli miqdarda pulu mənimsədiyi aşkarlandığı üçün, həbsi barədə qərar çıxarılıb. Lakin Azərbaycanın nüfuzlu vəzifə sahibləri ilə çox yaxşı münasibətləri olan iş adamı, onların yardımı ilə, bir müddət həbsdən yaxasını qurtara bilib. Əldə etdiyimiz məlumatlara görə, onların sayəsində həbsdən yaxa qurtarmağı bacaran Mərhəmət Bəşirov tezliklə Ukraynanın ayrı-ayrı şəhərlərində çirkli biznes əməllərini davam etdirib. Məqsədi yalnız özünün çoxdankı bank arzusunu həyata keçirmək olub. 2003-cü ildən sonra isə, tikintiyə başlayıb. Bunun üçün, ayrı-ayrı banklardan külli miqdarda kreditlər əldə edə bilib. Lakin 2008-ci ildə, naməlum səbəblərdən, Mərhəmət Bəşirov işini bina ilə birlikdə yarımçıq qoyaraq, Bakıya üz tutub. Xaricdəki yarımçıq tikililərinə isə, həbs qoyulub. Azərbaycana qayıdan Mərhəmət Bəşirov yaxın dostu Şahrza Əliyevlə əl-ələ verərək, şəhərin ayrı-ayrı nöqtələrində iri ticarət obyektləri tikdirməyə başlayıblar. Hazırda “Yasmin” adı altında fəaliyyət göstərən ticarət obyektlərinin bir çoxu adıçəkilən şəxslərə məxsusdur. Deyilənlərə görə, belə bir ticarət mərkəzinin tikilməsi şəriklərə 40 milyon manata başa gəlib. Mərhəmət Bəşirovun MTK-ları tərəfindən tikilən belə obyektlərə sərf olunan pulların necə əldə edildiyi isə, bir sirr olaraq, hələ də, açılmamış qalır. Mərhəmət Bəşirovu həbsə aparan məsələlər, o cümlədən 2016-cı ildə onun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə də əlimizdə tutarlı faktlar var. “Asnaf Sənaye Şirkəti” MMC tərəfindən borclu qismində ona qarşı iddia qaldırılması bu xəbərlərin əsasıdır. Məlumatlarda bildirilir ki, Nərimanov Rayon Məhkəməsi “Asnaf Sənaye Şirkəti” MMC-in ona qarşı iddiasını təmin edib. Qərarla razılaşmayan Mərhəmət Bəşirov apellyasiya şikayəti versə də, şikayəti təmin edilməyib. Ukraynada məhkumluq həyatı yaşayan keçmiş bank müdiri iş ortağının xərcləri sayəsində bu səviyyəyə çatıb. Onların paytaxtda bir neçə tikinti şirkətləri də mövcuddur. Şahrza Əliyev və Mərhəmət Bəşirov sahib olduqları ticarət obyektlərindən, o cümlədən fahişə biznesindən il ərzində külli miqdarda gəlir əldə ediblər. Çirkin işlərin daha çox qeydə alındığı və milli mentalitetimizi məhvə aparan bu əxlaqsızlıq yuvasının birinin Azərbaycan Tibb Universitetinin bir neçə metrliyində yerləşməsi, əxlaqsızlıqların tələbələrin gözü qarşısında baş verməsi, azyaşlı qızların cinsi istismara məruz qoyulması, yetkinlik yaşına çatmayan bu qızların intim xidmətlər göstərməsi, üstəlik, jqumarxana kimi tanınan bu hoteldə cərəyan edən digər qanun pozuntularının getdikcə çoxalması, imkanlı şəxslərin burada qumar oynamalarının səngimək bilmədən saylarının günbəgün artması əsl dəhşət idi. Belə neqativ hadisələrə və burada açıq-aşkar yaşanan qadın ticarətinə aidiyyatı hüquq-mühafizə orqanları tərəfindən vaxtında reaksiya verilməməsinin səbəbi isə, bambaşqaydı. Daha doğrusu, bir vaxtlar əlinin altında qisasçı dəstə saxlayan "Moren" ləqəbli Mərhəmət Bəşirovun bacısının keçmiş həyat yoldaşı, "Akula" ləqəbli Akif Mustafayevlə işbirliyində olması, burada çox sayda azyaşlı qızın həyatını məhv etməyə rəvac verib. Adı sabiq milli təhlükəsizlik naziri ilə işbirliyində hallanan və çoxdandır qaçıb xaricə sığınan Akif Mustafayevin Mərhəmət Bəşirovla birlikdə törətdikləri qanunsuzluqların sayı-hesabı yoxdur. Mərhəmət Bəşirovun sahibi olduğu şirkətlərin dövlətə böyük miqdarda vergi borcunun olması barədə də təkzibolunmaz məlumatlar olub. Lakin, o, buna da reaksiya verməyib. Onun bu arxayınçılığı da, Akif Mustafayevə güvənməsindən irəli gəlib və buna görə də, həmişə dövlətə vergi verməkdən qaçıb. Maraqlıdır ki, Səbayel Rayon Məhkəməsi, bu günlərdə, hazırda “İnterpol” xətti ilə axtarışda olan Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiasını təmin edib. Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayevin “Mars-M” şirkətində 25 faizlik paya müəyyən şərtlər daxilində sahib olduğu deyilir. Səbail Rayon Məhkəməsində, bu gün də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "İnterpol" xətti ilə axtarışa verilən Akif Mustafayevin iddiası qəbul edilərkən, iddiasına baxılarkən və nəhayət onun xeyrinə qərar verilərkən bütün bunların nəzərə alınmaması da, qaranlıq çox məqamlardan xəbər verir. Uzun zamandır "İnterpol”un axtardığı birisinin Azərbaycan məhkəməsində qalib gəlməsi, lakin obyektləri qanunsuz olaraq əllərindən alınan çətin durumlu 22 nəfər iş adamının haqlı tələblərinə məhkəmələrin məhəl qoymaması, “Mars-M” firmasının digər vəzifəli şəxslərinin, o cümlədən “Xalq Bank” ASC-nin aidiyyatı vəzifəli şəxslərinin məsuliyyətdən tamamilə kənarda qalmaları da, gizli çox mətləblər ortaya çıxarır. Bakı Apellyasiya, Respublika Ali və Konstitusiya məhkəmələrinin, həmin sahibkarların bəzilərinin xeyrinə 1 saylı Bakı İnzibati-İqtisadi və digər instansiya məhkəmələrinin çıxardıqları qətnamə və qərarları ləğv edərək, onların mənafelərinə qarşı ağlasığmaz qərarlar çıxarmaları da, “Xalq Bank” ASC-nin "Mars-M" MMC ilə birgə əvvəlcədən qurduqları oyunun əsas nəticəsi kimi izah olunur...
..."Xalq Bank" ASC-nin vəkili Muxtar Mustafayevin məhkəmə prosesi zamanı oyun çıxarması, çox hallarda məhkəmə etik davranış qaydalarına əməl etməməsi, qanunsuz digər hərəkətləri də başa düşülən deyil. Mərhəmət Bəşirovun cinayətlərindən danışan, haqqını tələb edən zərərçəkənləri, o, sanki düşmən gözündə görür, bu zaman özünü idarə edə də bilmir. Hətta ağzından heç kimə yaraşmayan sözlər çıxarmaqdan belə çəkinmir. Hakimin dəfələrlə xəbərdarlıqlar etməsi də onun vecinə olmur. Zərərçəkənlərin üstünə hücum çəkib, qeyri-adekvat şəkildə davranmağa başlaması, proseslərə qalmaqal salmaq istəməsi, zərərçəkənləri təhqir etməsi, ağzına gələn təhqiredici ifadələr işlətməsi belə deməyə əsas verir ki, müqaviləli vəkili təkcə bankı yox, kredit cinayətkarı olan Mərhəmət Bəşirovu da müdafiə edəcəyi ilə bağlı ASC-nin rəhbər şəxsləri qarşısında öhdəlik götürüb. Açıq-aydın görünür ki, o, öyrədilmiş adama oxşayır və onun müdafiə metoduna yalnız hüquqi çərçivə yox, təhqir xarakterli hədə-qorxu da daxildir. Hər şey hamının gözləri önündə baş verdiyindən, bu qənaətə gəlmək olur ki, prosesin normal getməsi vəkilin maraqlarına uyğun gəlmir deyə, o, heç kəsdən çəkinmədən bu addımı atır. Zərərçəkənlərin vəkilləri isə, bütün iclaslarda sonadək səbrlərini saxlamağı bacarır. Onu da qeyd edək ki, vəkilin qanun çərçivəsinə sığmayan və etik normalara uyğun gəlməyən bu hərəkətləri ilə bağlı, həmin 22 nəfərin imzası ilə, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova müraciət ünvanlanıb. Ondan xahiş olunub ki, kollegiya, vəkilin bu biabırçı hərəkətlərini araşdırib, hüquqi qiymətini versin və haqqında qanuni ölçü götürsün... ...Ümidləri tükənmək üzrə olan həmin sahibkarlar, bu məhkəmədən yaxşı nəsə gözlədiklərini deyirlər. Bildirirlər ki, ədalətin qalib gələcəyi gün elə də uzaqda olmur. Bu ümidlərlə bizdən ayrılan həmin iş adamlarının dərdlərinə şərik olmaq üçün, araşdırmalarımızı davam etdiririk. Yazılarımızı izləyin.
Sorğu
Yeni dizaynımız necədir?