Azərbaycan Dəmir Yolları QSC-nin deyilib-yazılmayan bu gəlir mənbəyi haqqında bilmədiklərimiz
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yükdaşıma, sərnişindaşıma kimi sahələrdən başqa daha bir gəlir mənbəyidə varmış. Varmış ona görə yazdım ki, indiyədək bu-heç də zəif sayılmayan-gəlir mənbəyi ilə bağlı nə mediada yazılıb, nə də hansısa tribunadan bir fikir səslənib... Bu Azərbaycan Dəmir Yolları QSC-nin balansındakı daşınmaz əmlakların icarəsindən əldə olunan qazancdır. Bu istiqamətdə yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalara qərar verdik.
Ticarət Mərkəzinə çevrilmiş Vağzal
Cavid Qurbanovun sədr təyinatı ilə Azərbaycan Dəmir Yollarında müsbət dəyişikliklər göz qabağındadır. İnsafən cənab Qurbanovun rəhbərliyi ilə ölkə iqtisadiyyatı üçün önəmli sayılan bu sahədə ciddi uğurlara imza atılıb. Bu uğurlar dövlətin birinci şəxsindən tutmuş sıradan vətəndaşlara qədər geniş bir sferada etiraf olunur. Amma,... bu heç də o demək deyil ki, Azərbaycan Dəmir Yolları QSC “Süddən çıxmış ağ qaşıq” kimi qəbul olunur. Diqqətli oxuculara da məlum olduğu kimi ölkə mediasında tənqid hədəfinə çevrilmiş dövlət qurumları sırasında Azərbaycan Dəmir Yolları QSC ön sıralarda yer alır. Nə isə,... bizim mövzumuz başqadır. Yeni sədrin heç də kiçik sayılmayan layihələrindən biri də Bakı Dəmir Yolu Vağzalı ilə bağlı oldu. Bu Vağzal ölkə insanı üçün əməllicə “göz dağı”na çevrilmişdir. İndi isə zövqlə təmir olunmuş, bərli-bəzəkli bir “sənət əsəri”ni xatırladır. Yeri gəlmişkən onu da qeyd edim ki, Bakı Dəmir Yolu Vağzalı iki hissədən-müasir binadan və memarlıq nümunəsindən-ibarət kompleksdir. Vağzal və ətrafının yenidən qurulması saysız ticarət obyektlərinin meydana çıxması ilə müşayiət olundu. Vağzalın əsas binasının birinci mərtəbəsində birmənalı olaraq ticarət obyektləri sıralanır. Ardınca kompleksin memarlıq hissəsi və nəhayət Dəmir Yolu Xəstəxanasına bitişik ikimərtbəli Ticarət Mərkəzi... Buradakı dükanların sayını dəqiqləşdirmək demək olar ki, mümkünsüzdür. Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə yoxdur.
Qaydalar, gəlirlər və cavabsız suallar
Nəzərə alaq ki, Azərbaycan Dəmir Yolları QSC dövlət qurumudur və bu səbəbdən də məlum fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq olmalıdır... Bu əsasla da müəyyən dəqiqləşdirmələrdən yana Azərbaycan Dəmir Yolları QSC-nin sədri hörmətli Cavid Qurbanova rəsmi sorğu ünvanladıq. Təəssüf ki, 26.09.2019-cu il tarixli 07/019 №-li sorğumuza cavab ala bilmədik. Bu səbəbdən də yenixeber.org-a daxil olmuş məlumatlara mümkün yollarla və eləcə də ekspertləri dinləməklə aydınlıq gətirməyə çalışdıq. Gundemxeber.az yenixeber.org-a istinadla bildirir ki, araşdırmalarımızla məlum oldu ki, Azərbaycan Dəmir Yolları QSC-nin balansındakı daşınmaz obyektlərə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin (Keçmiş. Red.) heç bir aidiyyatı yoxdur. Belə ki, bu obyektlər 19.09.2018-ci il tarixdən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən balansından çıxarılaraq Azərbaycan Dəmir Yolları QSC-nin balansına verilib. Bu isə o deməkdir ki, Azərbaycan Dəmir Yolları QSC bu obyektlər üzərində tam, həm də yeganə söz sahibidir və məlum qanunlar çərçivəsində icarəyə verib, gəlir əldə edə bilər. Bu məqsədlə də Azərbaycan Dəmir Yolları QSC-nin strukturunda yenilik olub-Əmlak Departamenti yaradılmaqla. Məmmədrəsul Məmmədovun rəhbərlik etdiyi bu Departamentin İcarə Şöbəsinin müdiri isə Samir İsmayılovdur. Elə icarədarlarla da birbaşa Samir İsmayılov işləyir. Söhbətləşdiyimiz ekspertlərə görə bu halda Azərbaycan Dəmir Yolları QSC sərnişinlərin rahatlığı üçün vacib olan standartları (İstirahət guşələri, Ana və uşaq otağı və s.) nəzərə almaqla, əgər obyekt boş olarsa icarəyə verə bilər. Bu proses isə İcarə Haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir... Mövcud qanuna görə Azərbaycan Dəmir Yolları QSC qeyri-memarlıq binasını ƏDV nəzərə alınmaqla illik 1m2-ni 50 manatdan, memarlıq bininasının isə ƏDV nəzərə alınmaqla 1m2-ni 59, 47 manatdan az icarəyə verə bilməz. Təkrar edirəm bu rəqəmlər illikdir. Doğrudur, bağlanan müqaviləyə uyğun olaraq məbləği aylıq da ödəmək mümkündür. Və hətta il ərzində qanuna dəyişiklik edilərsə, müqaviləyə də yenidən baxlmalıdır. Ekspertlər bildirir ki, Azərbaycan Dəmir Yolları QSC istəyərsə icarə ilə bağlı hərrac da keçirə bilər. Bu halda ən azı üç iştirakçı olmalıdır. İcarədarların vətəndaşlığı ilə də bağlı durum fərqlidir: xarici vətəndaşlara ölkə vətəndaşları ilə müqayisədə nisbətən yüksək qiymət nəzərdə tutulur. Xatırlatdığımız bu faktorlar məsələnin qanunauyğun tərəfidir. Azərbaycan Dəmir Yolları QSC-nin Ticarət Mərkəzi ilə bağlı apardığımız araşdırmalardan məlum olur ki, burada hər 1m2-ə görə icarə haqqı illik yox, aylıq hesablanır...(?) Qiymətlər də obyektin yerindən asılı olaraq dəyişir: 1m2-ə görə 30 manatdan 60 manata qədər. Vağzalın birinci mərtəbəsi ikinci mərtəbə və Dəmir Yolu Xəstəxanası tərəflə müqayisədə daha bahalı ərazi sayılır. Hal-hazırda isə icarə ilə bağlı müraciət edənlərə “yerimiz yoxdur” cavabı verilir. Sonuncu Dəmir Yolu Xəstəxanası tərəfdə ikinci mərtəbədə 170 m2-lik obyekt aylığı 5000 manat olmaqla icarəyə verilib. Yuxarıda da qeyd etdiyimiz kimi Bakı Dəmir Yolu Vağzalının Ticarət Mərkəzindəki obyektlərin sayını müəyyənləşdirmək bir o qədər də asan deyil. Başqa sözlə bu Ticarət Mərkəzi Azərbaycan Dəmir Yolları QSC üçün yükdaşımalar qədər olmasa da, heç də az gəlirli sahə sayılmamalıdır. Elə isə Azərbaycan Dəmir Yolları QSC bir dövlət strukturu olaraq Bakı Dəmir Yolu Vağzalının Ticarət Mərkəzinin fəaliyyəti- icarə şərtləri, gəlir və xərclər-ilə bağlı cəmiyyətə açıq olmalıdır. Baxmayaraq ki, bizim ünvanladığımız rəsmi məktuba cavab verilmir(?) Bu isə yeni suallar doğurur... Mövzunun davamı olacaq.
Sorğu
Yeni dizaynımız necədir?