Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb
"Hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır”. Gundemxeber.Az bildirir ki, bu barədə "Turan” hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyevaya istinadən məlumat yayıb. Oktay Gülalıyev İstanuldakı "Amerika klinikası”nda müalicə alır. "Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu. Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamağa göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağ ciyərində, qanında isə infeksiya qalmaqda davam edir", - deyə həyat yoldaşı bildirib. Oktay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda o, neyrocərrahi əməliyyat edilib. Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türk mütəxəssislər Gülalıyevi Türkiyəyə aparmağı tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula göndərilib və "Avrasiya" klinikasına yerləşdirilib. Noyabrın 19-da o, "Amerika xəstəxanası"na köçürülüb, növbəti gün burada yenidən neyrocərrahi əməliyyat olunub, başından maye çəkilib. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?