GundemXeber.Az bildirir ki, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb. Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin birində rüşvət yolu ilə il ərzində 2 milyon manata yaxın vəsait toplanıldığı haqda əlində ciddi faktlar olduğunu deyən Baş redaktor bildirib ki, bütün bunlarla bağlı şəxsən nazirə məlumat verməyə hazırdır. V.Məmmədovun müraciətini olduğu kimi dərc edirik:
“Hörmətli Nazir!
Azərbaycan Müdafiə Nazirliyində baş verən qanunsuzluqlar, özbaşınlaqlarla bağlı dəfələrlə Sizə müraciət ünvanlasam da, çox təəssüf ki, ya məktubum Sizə çatmadığı, ya da məsələlərə qeyri-ciddi yanaşdığınız üçün problemlər nəinki öz həllini tapmayıb, əksinə günbəgün daha da artmaqdadır. Odur ki, Sizə rəhbərlik etdiyim sayt vasitəsilə bu müraciəti ünvanlamağa məcbur oldum.
Diqqətinizə çatdırım ki, Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin birində külli miqdarda rüşvət toplanılması ilə bağlı əlimdə ciddi faktlar var. Bu faktlara əsasən deyə bilərik ki, təkcə bir hərbi hissədə il ərzində qanunsuz yollarla təxminən 2 milyon manata yaxın çirkli pullar əldə edilir. Bu cinayətkar şəbəkə Müdafiə Nazirliyinin rəhbər vəzifələrində təmsil olunan generallar tərəfindən himayə edildiyindən, heç bir şikayətdən çəkinmir, hər ötən gün daha böyük özbaşınalıqlar edirlər.
Əksər hərbi hissələrdə bu cür xoşagəlməz mənzərənin mövcud olduğunu nəzərə alsaq, demək, Milli ordumuzda vəziyyət heç də ürəkaçan deyil.
Cənab Nazir!
Hesab edirəm ki, Müdafiə Nazirliyindəki bu biabırçılığa ancaq Sizin müdaxiləniz nəticəsində son qoyula bilər. Bu baxımdan, Sizdən xahiş edirəm ki, məni şəxsən qəbul edib, dinləyəsiniz və təqdim edəcəyim faktlar əsasında ciddi ölçü götürəsiniz. Nəzərə alın ki, təkcə bir hərbi hissədə rüşvət ilə 2 milyon manat kimlərinsə cibinə gedirsə, güman edirəm ki, Müdafiə Nazirliyindəki ümumi mənzərəni göz önünə gətirmək heç də çətin deyil. Hansı ki, bu mənzərənin kifayət qədər dəhşətli olduğunu deyə bilərik.
Hörmətli Nazir!
Onu da qeyd etməliyəm ki, Siz məni şəxsən qəbul etməsəniz, əlimdə olan faktları sahib olduğum qəzet, televiziya və sayt vasitəsilə ictimaiyyətin müzakirəsinə təqdim etmək məcburiyyətində qalacam. Şübhəsiz, bunun məsuliyyəti isə mənim deyil, Sizin üzərinizə düşəcək. Çünki bu cür neqativ hadisələrə operativ reaksiya vermək bir nazir kimi Sizin vəzifə borcunuzdur. Üstəlik, Siz Ali baş komandana hərbi hissələrdə baş verən özbaşınalıqlara qarşı mübarizə aparacağınıza söz vermisiniz.
Odur ki, əlimdə olan faktları şəxsən Sizə təqdim edə bilməyim üçün məni qəbul etməyinizi bir daha xahiş edirəm. Güman edirəm ki, Milli ordumuzun və dövlətimizin maraqları naminə, bu təklifimdən imtina etməyəcəksiniz.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?