Yəqin hər kəs o haqda məlumatlıdır ki, koronavirus (COVİD-19) infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və s. məqsədilə, 27 Fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı.
Bir qədər vaxt keçdikdən sonra isə, Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə çatdırılmalı olan ərzaq yardımlarının paylanması zamanı yol verilmiş qanunsuzluqlara qarşı, həm prokurorluq orqanları tərəfindən, həm də şəhər, rayon icra hakimiyyətləri orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri həyata keçirilməyə başlanıldı. Onu da qeyd edək ki, koronavirus infeksiyasının yayılma riskinin artdığı vaxtlarda ölkəmizin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslər, bir çox təşkilatlar, şirkətlər, fiziki və hüquqi şəxslər, əksər dövlət və qeyri-dövlət qurumları, hətta ölkə xaricində yaşayan bəzi imkanlı azərbaycanlılar və s. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən məbləğlərdə maliyyə dəstəyi göstərdilər. Başlıca məqsəd, dövlətimizi və xalqımızı düçar olduğu belə bir bəladan mümkün qədər az itgi ilə xilas etmək idi. Atılan addımlar xalqımıza məxsus xeyriyyəçilik ənənələrinin, birliyinin, həmrəyliyinin göstəricisi oldu. Ölkəmizin belə bir həssas vaxtında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bərabər, Birinci vitse-prezidenti Mehriban Əliyeva da, birillikdə əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər. Hər iki vəzifə sahibi tərəfindən belə bir addımın atılması, digər şəxslər üçün bir örnək oldu və hər kəs tərəfindən də alqışlandı. Bundan əlavə, Heydər Əliyev Fondu da Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq, məhz yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat pul vəsaiti köçürdü. Hətta, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar göstərildi. Ölkəmizin rəhbər şəxsləri tərəfindən belə bir addımların atılmasına, hər kəsə örnək olmalarına baxmayaraq, yerlərdə vəzifə sahibi olan bəzi şəxslər isə, sanki dövlətimizə və xalqımıza qarşı düşmən mövqedə dayandılar. Yəni, onlar Heydər Əliyev Fondu, Şəhər-Rayon İcra Hakimiyyəti Aparatı, imkanlı şəxslər, bir çox xeyriyyəçilər və s. tərəfindən imkansız ailələrə, xəstələrə, əlillərə, yaşlılara verilməli olan ərzaq yardımlarını ələ keçirib, müxtəlif adlar adı altında mənimsədilər. Belə vəzifə sahiblərindən biri də, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev və onun müavini Rəşad Seyfullayev olurlar. Belə ki, GundemXeber.Az-ın media üzərindən apardığı araşdırmalar zamanı bəlli oldu ki, hər iki vəzifə sahibi ölkəmizin belə bir həssas vaxtlarında da, məhz vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər və bu ilin aprel ayının 23-də Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarıının paylanması zamanı çoxsaylı qanunsuzluqlara yol verirlər. Yəni, hər iki vəzifə sahibi göndərilmiş ərzaq paylarını yaxın qohumlarına, tanışlarına, onlara bu və ya digər yollarla bağlı olan şəxslərə, hətta ayrı-ayrı imkanlı şəxslərə də verirlər. Ayrı-ayrı media qurumlarında yayımlanan məqalələrdən bəlli olur ki, rayonun Adanalı, Şiləvəngə və Abışabad kəndləri üzrə icra nümayəndəsi vəzifəsini icra edən Bağır Şirəliyev, müavini Rəşad Seyfullayev imkansız ailələrə paylanması nəzərdə tutulmuş ərzaq yardımlarının əksər hissəsini mənimsəyirlər. Elə ki, imkansız ailələr yardım ala bilmədiklərindən aidiyyəti üzrə şikayətlərini təqdim edirlər, o halda rayon prokurorluğunda bu kimi məsələlərlə bağlı araşdırma işlərinə başlanılır. Aparılan araşdırmalar zamanı müəyyən olunur ki, inzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndlərində yaşayan əksər imkansız ailələrə yardım verilməyib. Bağır Şirəliyevin mənimsədiyi ərzaq məhsulları isə, məhz onun yaşadığı evdən maddi sübut olaraq götürülür. Aparılan araşdırmalardan sonra Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin və onun müavini Rəşad Seyfullayevin bu cür qanunsuzluq əməlləri tam şəkildə ifşa olunur və hər iki vəzifə sahibi Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunurlar. Hətta, belə bir olayla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işinin başlandığı və hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunduqları da bildirilir. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, bu gün adı çəkilən hər iki vəzifə sahibinin yaxın qohum-əqrəbası, tanışları və s. onları belə bir məsuliyyətdən xilas etməyə çalışırlar. GundemXeber.Az-a daxil olan məlumata görə Bağır Şirəliyevin və Rəşad Seyfullayevin yaxınları imkansız kənd sakinlərinə yazılı əlyazma yazdırıb imza atdırırlar ki, guya onlar Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejimi dövründə paylanmış yardımlardan yararlana biliblər. İddialara görə bu cür addımların atılması, yerli sakinlərin daha çox narazılığına səbəb olmaqdadır. Bütün bu kimi halların varlığını təhlil edib belə bir qənaətə gəlmək olar ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi vaxtlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın atdığı addımların əleyhinə mövqe ortaya qoyan, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunan, həmçinin tutduqları əməllərə görə barələrində Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılan Bağır Şirəliyev və Rəşad Seyfullayev, hüququn verdiyi qaydada lazımi cəzalarını alacaqlar. Yəqin ki, bu yöndə aparılacaq araşdırmalar hər iki vəzifə sahibinin digər fırıldaq əməllərinin aşkara çıxarılmasına lazımi imkanlar da yaradacaq. P.S. Yaşanan belə bir olaylarla bağlı Cəlilabad RİH-i başçısının birinci müavini Məmmədov Mansur Xanoğlan oğlu ilə əlqaə saxladıqda, adı çəkilən şəxs “bəli, təqribən iki həftə bundan öncə Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevdən və onun müavini Rəşad Seyfullayevdən atdıqları addımlara görə ərizələri alındı və hər iki şəxs daşıdıqları vəzifələrindən uzaqlaşdırıldılar. Hələ ki, onların daşıdıqları vəzifələrə kimlərsə təyin olunmayıb. Qaldı ki, barələrində rayon prokurorluğunda cinayət işinin başlayıb-başlamaması haqda xəbərdar deyilik” dedi. Bu yöndə araşdırmamız davam edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?