Ermənistan silahlı birləşmələri iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini ələ keçirməyə cəhd göstəriblər. Adətən, atəşkəsi işğal olunmuş Qarabağın müxtəlif istiqamətlərindən pozan düşmən bu dəfə təxribatını böyük siyasi qalmaqala döndərmək məqsədi ilə provokativ fəaliyyətini məhz dövlət sərhədi xətti boyunca həyata keçirib.
Bu təxribatın arxasında düşmənin güddüyü bir neçə əsas məqsədi təhlili edərək, bunun nəyə hesablandığını aydınlaşdırmağa çalışacağıq. Bilindiyi kimi, təxribatın əsas məqsədi Ermənistanın daxilində gedən neqativ proseslərdən, artan daxili narazılıqdan və koronavirusla bağlı yaranmış acınacaqlı vəziyyətdən erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır.
Son aylar erməni KİV-lərində və internetin erməni seqmentində mövcud hakimiyyətə qarşı artan narazılıq, o cümlədən narazı elektoratın yaratdığı bir neçə platforma onu deməyə əsas verir ki, Paşinyan iqtidarının dayaqları artıq ciddi suratdə sarsılmağa başlayıb və pandemiya ilə əlaqədar getdikcə dərinləşən sosial-iqtisadi böhran ilin sonuna qədər bu ölkəni yeni siyasi təlatümlərin ağuşuna sürükləyə bilər.
Hadisələri analiz edən Paşinyanın siyasi texnoloqları vəziyyətdən yeganə çıxış yolunun cəbhə xəttində vəziyyəti gərginləşdirməyin, bununla da daxili gündəmi dəyişməklə, ictimaiyyətin qəzəbini Paşinyandan yayındırmaq olacağı qərarına gəliblər. Dünən gecədən başlayaraq, erməni silahlı birləşmələri Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərini iri çaplı silahlardan və ağır artilleriya qurğulardan atəşə tutublar. Bölmələrimizin cavab atəşindən sonra irəliləməyə cəhd edən düşmən geri çəkilərək, mövqelərimizi və sərhədə yaxın kəndləri yenidən hədəfə alıblar.
Döyüş intensivləşdiyi qısa müddət ərzində həm KİV-lər, həm də sosial şəbəkələrdə cəbhədən gələn informasiya əsas xəbər olaraq, yayılmağa başladı. Bir gecəlik təxribatla Paşinyan erməni mediasının gündəmini dəyişməyə nail oldu və artıq daxili iqtisadi böhran, koronavirusla bağlı problemlər nisbətən arxa plana keçdi. Ermənistan hakimiyyəti bu təxribatını pərdələmək üçün ermənilərin xəstə təfəkkürünə xas yollara əl ataraq, artıq ertəsi gün bütün beynəlxalq qurumlara “göz yaşı süzüən” teleqramlar vuraraq, Azərbaycanı ittiham etməyə başladı.
İlk olaraq, Paşinyanın müdafiə və xarici işlər nazirləri Rusiyanı şantaj edərək, Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinə özlərinə sərf edən məlumatı ötürdülər. Daha sonra ATƏT-in Minsk qrupunun üzvlərinə Azərbaycandan şikayət edərək, öz təxribat əməllərini ört-basdır etməyə çalışdılar.
Ancaq məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, görəsən, Paşinyan hakimiyyəti nə vaxta qədər erməni ictimaiyyətini belə ucuz üsullarla aldadacaq? Hazırda ekspertləri ən çox düşündürən suallardan biri məhz budur. Nəzərə alsaq ki, Azərbaycan ordusundan aldığı tutarlı cavab bir neçə gündən sonra erməni hökumətinin əleyhinə işləyəcək, o zaman önümüzdəki aylarda İrəvanda hansı proseslərin gedəcəyini təsəvvür etmək o qədər də çətin deyil.
Əks təqdirdə, Paşinyan hər ayda bir dəfə cəbhə xəttində və ya sərhədboyu ərazilərdə təxribat törətməyə məcburdur, çünki mövcud şəraitdə əleyhinə yönələn daxili gündəmi dəyişməyin başqa yolu yoxdur. Təxribatların intensivləşməsi isə Azərbaycanın onsuz da dolmuş səbr kasasını daşıra bilər. Bu isə təkcə Paşinyan hakimiyyətinin yox, eləcə də Ermənistanın bir dövlət olaraq sonu deməkdir.
Məlum təxribatın törədildiyi andan Azərbaycan tərəfi Müdafiə və Xarici İşlər nazirlikləri, o cümlədən, Prezident Administrasiyası sərhəddə və bütün cəbhə böyu ərazilərdə törədilən təxribatın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bəyan edərək, düşmənin yaydığı məlumatların tamamilə dezinformasiya olduğunu beynəlxalq qurumlara çatdırdılar.
Təəssüf doğuran hal isə həmişə olduğu kimi, hər bir azərbaycanlının ürəyində yara açan şəhid xəbərləri oldu. Ermənilərin alçaq təxribatının qarşısını alarkən, 4 şəhid verdik, 5 hərbçimiz isə yaralandı. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizi qorusun! Erməni tərəfi itkilərini gizlətsə də, ordumuzun əks-zərbələri nəticəsində düşmənin onlarla canlı qüvvəsi və hərbi texnikası sıradan çıxarılıb. //yenicag.az//
Sorğu
Yeni dizaynımız necədir?