Müharibə başladıqdan sonra diplomatik cəbhədə qısa zamanda cəmiyyətin simpatiyasını qazanmağı bacaran Prezidentin köməkçisi Hikmət Hacıyev üçün bu gün özəl gündür.
GundemXeber.Az xatırladır ki, o, 1979-cu ildə son günlər erməni terrorçularının hədəfə çevirdiyi Gəncə şəhərində doğulub. Diplomat uşaqlıq illərini burada keçirib, orta təhsilini 24 saylı orta məktəbdə başa vurub. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Bununla yanaşı, Hacıyev NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
Bu gün gördüyü işlərlə xalqın sevimlisinə çevrilən Hikmət Hacıyev əmək fəaliyyətinə 2000-ci ildən başlayıb . 2000-2008-ci illər arasında Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. Bu ona diplomatik sahədə yetərli təcrübə toplamağa imkan yaradıb. Hacıyevin kariyerasındakı yüksəlişi 2013-cü ilə təsadüf edir. Həmin ildə o, Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsinə təyinat alıb. 2014-2018-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edib.
Bildirək ki, Hikmət Hacıyev 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 26 noyabr 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. Qeyd etmək lazımdır ki, Hacıyev rus, türk, ingilis və fransız dillərində Azərbaycan dilində olduğu kimi aydın və axıcı danışır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?