DSMF ikinci Qarabağ döyüşçüsü Rahib Ağayevə verilən sosial yardımı dayandırıb.
Bununla bağlı döyüşçünun özü sosial şəbəkədə video görüntü paylaşıb. Rahib Ağayev məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib:
"Yardımlı rayonundanam. Müharibə başlayanda könüllü olaraq döyüşə gəldim, Cəbrayıl, Füzuli, Hadrud və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Hazırda isə Şuşadayam. Mən döyüşlərə gəlməmişdən əvvəl sosial yardım alırdım. Burada olanda DSMF gəlib yoxlanış aparıb və döyüşdə olmağıma baxmayaraq sosial yardım almağa imtina cavabı verib. Prezidentdən və nazirlərdən xahiş edirəm, mənim sosial yardım almağıma kömək etsinlər”.
Döyüşçü vəziyyətinin ağır olduğunu dilə gətirib:
"Uşaqlarım acdır. Heç bir yerdə işləmirəm. Fəhlə işləyib balalarımı saxlayırdım. Bu dəqiqə uşaqlarım ailə üzvlərimlə qonşuların öhdəsində qalıb. Minomiyot düşüb gözlərimdən zədə almışam, xəstəxanada da yatmışam, müalicə olunmuşam. Belə bir vəziyyətdə DSMF mənim yardımımı kəsib. Çox məyus oldum. Dövlət bizə nə lazımdırsa edir, amma ... Xahiş edirəm məni sosial yardımla təmin eləsinlər”.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ağayev Rahibin sosial yardımın kəsilməsinə səbəb tələb olunan məlumatları düzgün qeyd etməməsi olub:
"Ailəsinə sosial yardım təyin edilməsi üçün müraciət edərkən ərizə-bəyannamədə məlumatları düzgün qeyd etmədiyi üçün yardım təyin olunmasından imtina edilib. Belə ki, onun ailəsi ilə ayrı təsərrüfat olmasına baxmayaraq, atası Ağayev Savadxan Tapdıq oğluna məxsus fərdi yaşayış evində onunla birgə yaşadığı aydın olub. Lakin R.Ağayev bunu müraciət zamanı qeyd etməyib, həmçinin əmlakı barədə yanlış məlumat qeyd edib. Ona görə də R.Ağayevin ailəsinə ünvanlı sosial yardım almaq üçün yenidən elektron qaydada müraciət etmələri və müraciət edərkən ailənin tərkibi, əmlakı və s. barədə məlumatları ərizə-bəyannamədə qeyd etmələri tövsiyə edilib. Ailənin elektron qaydada müraciət etməkdə çətinlikləri olarsa, bu sahədə köməklik göstəriləcəyi də bildirilib. Müraciət edildikdən sonra ailənin sosial yardım almaq hüququna qanunvericiliyə uyğun qaydada baxılacaq”./qaynarinfo/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?