Birinci Qarabağ Müharibəsi döyüşlərində böyük şücaətlər göstərmiş, müharibədən sonra cinayət əməllərinə görə ömürlük həbs olunmuş İntiqam Qayıbovun əfv edilməsi üçün Prezident İlham Əliyevə növbəti dəfə müraciət ünvanlanıb. Bu dəfə “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi keçmiş döyüşçünün əvf edilməsini xahiş edib. Prezidentə ünvanlanan həmin müraciətin mətnini təqdim edirik:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bütün uğurlu fəaliyyətiniz nəticəsində yaratmış olduğunuz xalq-dövlət birliyi ölkəmizin inkişafının əsas sütunudur. Vətən Müharibəsində Azərbaycan xalqının sərgilədiyi birlik bütün dünyada heyrət doğurdu. Liderliyiniz altında xalqın, komandanlığınız altında ordunun dəmir yumruğa çevrilməsi hamımıza misli olmayan qürur yaşatdı. Bu Böyük Qələbəyə gedən yol Sizin hərbçilərə və müharibə iştirakçılarına daim göstərdiyiniz diqqət və qayğıdan başlayan yoldur. Bu prinsiplərinizə əsaslanaraq, Birinci Qarabağ Müharibəsindəki şücaətləri barədə məlumatlı olduğum, sonradan ömürlük azadlıqdan məhrum edilmiş və hazırda 27 ildən artıqdır ki həbs cəzası çəkmiş Qayıbov İntiqam Yusif oğlunu əfv etməyinizi Sizdən xahiş edirəm. İntiqam Qayıbovun tabeliyində olduğu könüllü dəstənin qəhrəmanlıqları dillər əzbəridir. Həmin dəstənin iki döyüşçüsü – Şəhid Əliyar Əliyev və Şəhid Aqil Məmmədov Azərbaycan Milli Qəhrəmanı fəxri adlarına layiq görülmüşlər. Kəşfiyyat-dversiya dəstəsində xidmət edən İntiqam Qayıbovun isə şücaətləri əksər müharibə iştirakçılarına məlumdur. Lakin o, müharibədən sonra bir cinayətlə bağlı təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmişdir. Şəxsiniz və dövlətimiz adına atdığınız humanist addımlardan biri kimi imzaladığınız əfv sərəncamları ictimaiyyətdə olduqca rəğbətlə qarşılanır. Hesab edirəm ki, İntiqam Qayıbovu da 27 illik məhbəs həyatından sonra Azərbaycanın ərazi bütövlüyü uğrundakı xidmətlərini nəzərə alaraq, əfv etməyiniz ən humanist və vətənpərvər addımlarınızdan biri kimi qarşılanar.
Dərin hörmət və ehtiramla, Birliyin sədri Elşən Uluxanlı”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?