Pandemiyanın yaratdığı iqtisadi və sosial problemlər ortada olduğu halda hökumət qapanmaya maraqlı ola bilərmi?..
Professor: “İqtisadi-siyasi problemlərin fonunda hökumətin suni surətdə qapanmalara getməsi məntiqli görünmür.”
“Yoxluma sayında artım dünyanın çox ölkələrində müşahidə olunur. Artıq elə ölkələr var ki, orada gündəlik 3-4 min yolxuma qeydə alınır”.
Bu sözləri professor Adil Qeybulla ölkədə yoluxma halının süni şəkildə artmasını və bayram günlərində qapanmalara gediləcəyi iddialarını PİA.az-a şərh edərkən qeyd edib.
Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir. Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd edilir.
Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün tətil olacaq. Bununla əlaqədar olaraq isə bir çox insan regionlara getməyi planlaşdırır. Bu da öz növbəsində pandemiyanın və ən təhlükəli olan Britaniya ştammının yayılmasına, ölkədə acınacaqlı vəziyyətin yaranmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrilir.
Qeyd edək ki, koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.
Buna misal kimi Slovakiyada pandemiyanın artıq dövlət böhranına səbəb olmasını göstərmək olar. Bu ölkədə gündəlik yoluxma 3 min, ölənlərin sayı isə yüzlərlədir.
Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmağa davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutasiya növü 38 ölkədə dolaşmaqdadır.
Son günlər ölkəmizdə COVID-19-a yoluxma artıq minə çatıb. Bəziləri isə hesab edir ki, bayramqabağı hökumət bilərəkdən yoluxma sayını artıraraq qapanmaya getmək istəyir. Pandemiyanın yaratdığı iqtisadi və sosial problemlər ortada olduğu halda hökumət qapanmaya maraqlı ola bilərmi?
Ölkədəki epidemioloji vəziyyəti PİA.az-ın əməkdaşı professor, tibb elmləri doktoru Adil Qeybulla ilə müzakirə edib.
Adil Qeybulla: “Azərbaycanda karantin qaydalarının bəzi istiqamətdə sərtləşdirilməsi halları ola bilər”.
İqtisadiyyatımızın fəaliyyət göstərməməsi Azərbaycanın büdcəsinə, ümumiyyətlə ölkənin iqtisadi durumuna neqativ təsir göstərdiyini vurğulayan professor Adil Qeybulla PİA.az-a bildirib ki, hökumətin suni surətdə qapanmaya gedəcəyini düşünmür:
“Əslində iqtisadi-siyasi problemlərin fonunda hökumətin suni surətdə qapanmalara getməsi məntiqli görünmür. Bu gün iqtisadiyyatımızın fəaliyyət göstərməməsi Azərbaycanın büdcəsinə, ümumiyyətlə ölkənin iqtisadi durumuna neqativ təsir göstərir. Buna görə də hökumətin suni surətdə qapanmaya gedəcəyini düşünmürəm.
Bildiyimiz kimi yoxluma sayında artım dünyanın çox ölkələrində müşahidə olunur. Artıq elə ölkələr var ki, orada gündəlik 3-4 min yolxuma qeydə alınır. Birləşmiş Krallıqda 20 milyona yaxın insanın vaksin olmasına baxmayaraq çox sərt karantin rejimi tətbiq edilib. Bu sərt karantin rejimi də Dünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında həyata keçirilir.
Təbii olaraq hər bir ölkə öz epidemioloji vəziyyətini tənzimləyir. Buna görə də Azərbaycanda da karantin qaydalarının bəzi istiqamətdə sərtləşdirilməsi halları ola bilər. Ölkədə epidemioloji vəziyyət pisləşdikcə situasiya buna diqtə edə bilər”/pia.az/
Sorğu
Yeni dizaynımız necədir?