[b]Çimərlik mövsümünün açılmasına təxminən 2 ay vaxt qalıb. Hər il mövsümqabağı çimərlik üçün ayrılan əksər dəniz sahilləri hazırlıq vəziyyətinə gətirilir. Bəzi çimərliklərdə isə durum acınacaqlılığı ilə yadda qalıb. [/b] Söhbət Hövsan çimərliyindən gedir. İllərdir tamamilə diqqətdən və baxımsızlıqdan kənar qalan Hövsan çimərliyinə nəzarətsizlik davam edir.
Dəfələrlə aidiyyəti qurumlara çimərliyin real durumu barədə fotofaktlarla üz tutsaq da, səlahiyyətlilər acınacaqlı mənzərəni görməzdən gəlirlər.
Ünvanımız bu dəfə də Hövsan çimərliyidir. Əlbəttə ki, bu dəhşətli mənzərəyə çimərlik demək mümkündürsə... Nəfəsi dağıdacaq qoxu və üfunət səbəbindən əraziyə daxil olmaq mümkünsüzdür.
Çirkab suların dənizə axıdılması, sahilboyu məskən salan məişət tullantılarının, göydə uçuşan boş sellofan və kapron şüşələrin çimərliyə bir başqa “zövq” verməsi gözümüzdən yayınmır.
Vəhşi varlığın məharətlərinə tamaşa etdikcə, zibillənən və ləkələnən ecazkar Xəzər sahilini bu yad cisimlərdən tez bir zamanda azad etməyin yollarını axtarırıq. Kaş ki, əlimizdə olsa...
Addımladıqca, ürəkyanğısı ilə izlədiyimiz mənzərəyə təslim oluruq. Sanki bu sahilin altı üstünə çevrilib. Yer yarılıb, bölünən parçalar yenidən birləşdirilib və sahilə dönüşüb.
Hövsanda Xəzər sahili son illər ərzində həddindən artıq çirklənməyə məruz qalıb və hazırda bu ərazi çimərlik kimi istifadə olunacaq durumda deyil. Hər il çimərlik mövsümü yaxınlaşdıqca, həmin sahilin baxımsız və bərbad durumda qalması ciddi narahatlıq doğurur. Ənənəvi olaraq sözügedən çimərliyə üz tutan insanlar hazırkı dəyişməyən acınacaqlı mənzərəni gördükləri üçün Hövsan çimərliyində istirahətdən haqlı olaraq imtina edirlər. Bunu onlarla söhbətimizdə və çimərlik boyu müşahidələrimizdə də sezdik...
Qarşılaşdığımız daha ciddi problemlərlə üz-üzə qalırıq. Xəzərin suyu xeyli çəkilmiş, qoxulu yosunlar sahili başına götürmüşdü. Vaxtilə istirahət üçün tikilmiş və eyvanı dənizə çıxan yay kafesi sahildə qalmışdı. İndi o eyvandan yalnız sahilə baxmaq mümkündür.
Əlbəttə ki, təbii proses deyib, yolumuza davam edirik. Bu dəfə daha eybəcər mənzərə ilə rastlaşırıq.
Sahili başına götürən iri və köhnə borular, sanki minalanmış kələ-kötür yer ayağımızın altından qaçaraq iyrəncləşən Xəzər sahili üçün imdad diləyirdi... Anladıq ki, bu çimərliyin kanalizasiya ilə birbaşa təması var...
Vaxtilə sahilboyu dincələn cütlükləri və “qaynaşan” yeniyetmələr də gözə dəymirdi. Dözülməz duruma tamamaşa etməmək üçün evdə tıxanıb qalmışdılar. Biz isə dəniz havasına sığınaraq, qayğılı sahildən uzaqlaşdıq. Zatən başqa seçənəyimiz də yox idi...
Xatırladaq ki, ötən illərdə də dənizə yaxın yerləşən bütün kanalizasiya boruları ərazidən çıxarılaraq daşınmışdı.
Həmin vaxt da bu məsələyə toxunmuşduq. Boruların çıxarılması prosesi hələ də davam edir. Maraqlıdır ki, illərdir boruların hansı səbəbdən çıxarılması və hara daşınması ilə bağlı maraqlanan yoxdur. Aidiyyəti dövlət qurumlarımızın bu reallığı görməzdən gəlmələrinin isə bəlli bir səbəbi var...
Gördüyümüz mənzərə əvvəlki illərdəki prosesi xatırlatdı və anladıq ki, cavabdeh qurumlar öz xidməti vəzifələrini bilərəkdən yerinə yetirmirlər.
Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin sahibsiz qalmış zolağına, konkret desək, Hövsan sahilinə də baş vuracaq. Yoxsa, bu baxımsız çimərlik sahibsiz, xəstə və vəhşi heyvanların məskəninə çevriləcək.../Bizim.Media/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?