GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər?

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər?

Tarix: 24-06-2021, 15:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 413


İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdiyi müşahidə edildi. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur hədəsindən", Paşinyanın "Naxçıvan dəhlizi" eyhamından gedir.

İlham Əliyev deyib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. "İstəməsə, zorla həll edəcəyik,"- Azərbaycan Prezidenti vurğulayıb.

Nikol Paşinyansa bildirib ki, o zaman "Ermənistan da eyni məntiqlə "Naxçıvan dəhlizi"ndən söz aça bilər.

İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu "tarixi nailiyyət" kimi qiymətləndirir, Nikol Paşinyan bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir.

Azərbaycanda olan siyasi şərhçilər hesab edirlər ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın tənqidi fikirləri onun seçkiqabağı əhvala uyğun dediyi sözlərdir və bu, ölkəsindəki "narazı" qrupun "könlünü qazanmaq" üçün edilir.

Onlar hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərt ritorikası "öhdəliklərinə sadiq qalmayan" Ermənistana, həm də Rusiyaya mesajdır.

Ermənistanda isə düşünürlər ki, rəsmi Yerevan Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən soyuqluq fonunda Zəngəzur dəhlizi məsələsinin həllinə tələsmir. BBC News Azərbaycancaya danışan bəzi erməni siyasi şərhçilər hesab edirlər ki, Zəngəzur dəhlizi ətrafında problem yaranması Azərbaycanın yalnız öz maraqlarına cavab verən dəhlizin açılmasında maraqlı olması, Ermənistanın maraqlarını nəzərə almaq istəməməsidir.

Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir.

Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq.

Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub.

Nə baş verib?

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik" deyib.

Son çıxışından əvvəl İlham Əliyev YAP-ın VII qurultayında da "Zəngəzur dəhlizi" söhbətinə toxunub, kommunikasiyaların açılması təkliflərinin artıq masa üzərində olduğunu, Azərbaycan, Ermənistan və Rusiya təmsilçilərinin bunun üzərində müzakirə apardığını deyib.

Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandıran İlham Əliyev Ermənistanı "əməkdaşlıqdan boyun qaçırmaqda" ittiham edib, əlavə edib ki, onları bu dəhlizin açılmasına "məcbur edəcəklər".

Ermənistan Baş naziri Nikol Paşinyan Sünik vilayəti (Zəngəzurda) administrasiyasında müşavirə zamanı deyib ki, Azərbaycan rəhbərliyi bir tərəfdən Ermənistana ərazi iddiası olmadığını bəyan edir, digər tərəfdən isə Zəngəzur dəhlizini "zorla açmaqdan" danışır.

"Bu gün də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan rəhbərinin bəyanatını təkzib etməyə məcbur olub və deyib ki, söhbət Ermənistan ərazisinə qəsd etməkdən getmir. Hər necə olsa da, mən bu bəyanatları fitnəkar və ziddiyyətli hesab edirəm və onlara lazımi diqqət və adekvat reaksiya verilməlidir," - Paşinyan deyib.

Ermənistan Baş naziri bildirib ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizi barədə heç bir söz yoxdur, orada söhbət regionda blokadanın ləğv edilməsindən gedir.

"Azərbaycan "Zəngəzur dəhlizi"ndən söz açırsa, deməli, Ermənistan da eyni məntiqlə "Naxçıvan dəhlizi", şimali-Azərbaycan dəhlizindən söz aça bilər," - Paşinyan bəyan edib.

Onun sözlərinə görə, bu kimi "təxribat məqsədli" bəyanatlarla Azərbaycan rəhbərliyi prosesi "pozmaq istəyir".

"Onlar regionda vəziyyəti qızışdıraraq, gərginləşdirərək razılaşmalardan dönmək istəyirlər," - o deyib.

Rəsmi Yerevan "Azərbaycan Prezidentinin təhdidlərini" pisləyib.

Ermənistan XİN rəsmi nümayəndəsi Anna Nağdalyan bəyan edib ki, Ermənistan öz suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək üçün lazımi tədbirlər görər.

"Biz Azərbaycan Prezidentinin Ermənistanın ərazi bütövlüyünə qəsdi və güc tətbiq etmək hədələrini qətiyyətlə pisləyirik. "Bu kimi bəyanatlar regional sülhə və sabitliyə ciddi zərər vurur və Azərbaycan rəhbərliyi tərəfindən sülhə və barışığa dair son vaxtlar səsləndirilən bəyanatların səmimiliyində şübhələnməyə əsas verir", - Nağdalyan öz rəsmi Facebook hesabında qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-nin Prezidentin çıxışı barədə şərhlərini "eşitdiklərini istədiyi şəkildə yozmaq" halı kimi qiymətləndirib.

Nazirlik bildirib ki, İlham Əliyev Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyünə ola biləcək təhdidlərdən bəhs edib və o, "əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir" - deyib.

Azərbaycan XİN vurğulayıb ki, İlham Əliyev dövlət televiziyasına son müsahibəsində Azərbaycanın əməkdaşlığa hazır olduğunu bəyan edib.

Nazirlik xatırladıb ki, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi əməllərə baxmayaraq, Azərbaycan Prezidenti gələcəyə baxmalı olduqlarını bildirib.

"Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir,"- Azərbaycan XİN bəyan edib.

İlham Əliyev "özünü qalib sayır"

BBC News Azərbaycancaya danışan Ermənistandan olan etnoqraf, ictimai-siyasi xadim Hranuş Xaratyan ehtimal edir ki, kommunikasiyaların açılması ilə bağlı Prezident İlham Əliyevin "qəzəbli çıxışının" bəhanə və səbəbləri fərqli ola bilər.

Hranuş Xaratyan əsas səbəb kimi hesab edir ki, İlham Əliyev "özünü qalib sayır və bir az qıcıqlanır, əsəbiləşir ki, bütün gözləntiləri dərhal ona təqdim edilmir".

"Bu, həmçinin, daxili həyəcan təzahürü ola bilər. 9 noyabr (10 noyabr -red.) razılaşması ermənilər üçün həddən çox ağır olub və yəqin ki, hiss edir və duyur ki, ola bilsin, bu razılaşmanın bütün müddəaları olduğu kimi yerinə yetirilməsin," - o deyib.

Hranuş Xaratyan iddia edir ki, razılaşmanın o qədər dəqiq ifadə olunmayan bəzi müddəaları artıq Azərbaycan tərəfindən "pozulub".

O misal çəkib ki, razılaşma üzrə tərəflər döyüş əməliyyatları dayandırıldığı zaman olduqları mövqedə qalmalıydılar, lakin "bilirik ki, bu mövqelər dəyişib".

"Bu məsələdə erməni tərəfinin böyük fəallıq göstərmədiyinə baxmayaraq, hər necə olsa da bu mövqelər dəyişib. Və onun özü də yaxşı anlayır ki, 9 noyabr tarixli razılaşma digər müddəaların qəti yerinə yetirilməsi baxımından daha sərt olar. Bu hal da onu həyəcanlandırır, çünki Zəngəzur üzərindən dəhliz məsələsində əlavə mürəkkəblik yarana bilər," - Hranuş Xaratyan bildirib.

Azərbaycan Qarabağ müharibəsində necə qalib gəldi? Hərbi ekspertlər cavab verirErməni əsgərlərinin dəbilqələri Qənimətlər parkında – Azərbaycan “mənəvi haqqı”, Ermənistan “təhqir” hesab edir

Tarixçi deyib ki, "görünür, erməni tərəfi bu məsələnin həllinə heç də tələsmir və bunda son zamanlar müşahidə olunan Rusiya-Türkiyə münasibətlərinin soyuqlaşmasının da rolunu istisna etmək olmaz". Hərçənd, o güman edir ki, münasibətlərin "çıxılmaz vəziyyətə düşməsi müvəqqətidir".

Hranuş Xaratyan deyib ki, Rusiyanın son günlərdə Azərbaycana dair hələ ki, yalnız informasiya vasitələrində müşahidə olunan ritorikasından sezmək olar ki, Moskva öz öhdəliklərini tam yerinə yetirdiyini, Azərbaycanın isə öz öhdəliklər payını yerinə yetirməyə tələsmədiyini bildirmək istəyir.

Hranuş Xaratyan bildirib ki, Rusiya Azərbaycanın Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Moskvanın öz təsir zonası hesab etdiyi qurumlara qatılmasını ondan uma bilərdi.

Onun fikrincə, Türkiyənin Donetsk və xüsusilə də Krım mübahisəsində Ukraynanı dəstəkləməsi barədə bəyanatları da Moskvanın Ermənistan üzərindən dəhliz məsələsində passivliyinə səbəb ola bilər.

"Bu hal da Azərbaycan Prezidentinin qəzəbli ritorikasına səbəb ola bilər," - Hranuş Xaratyan bildirib.

"Azərbaycan sərt bəyanatları tək Ermənistana yox, Rusiyaya da eşitdirir"

Siyasi şərhçi Fuad Şahbazov hesab edir ki, Zəngəzur dəhlizi məsələsində mane olan amillər texniki məsələlər yox, fərqli siyasi baxışlardır.

"Ortada həll olunmamış məsələlər var və Azərbaycan Zəngəzur dəhlizi olacağını, Ermənistan olmayacağını deyir. Atəşkəs haqqında üçtərəfli bəyənatdan da bilirik ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətləri bərpa olunmalıdır. Bu, əsas şərtlərdən biri idi və Rusiya burada zəmanət verən tərəf kimi çıxış edib. Amma hələ ki, tərəflər bir-birini ittiham edir və məsələ həll olunmur," - Fuad Şahbazov deyib.

Onun sözlərinə görə, bu dəhliz layihəsi Ermənistanda Azərbaycan tərəfinin Sünik vilayəti timsalında Ermənistana ərazi iddiası kimi qəbul edilir.

Şərhçi deyib ki, Azərbaycan da siyasi dialoqda öz aqressiv mövqeyini qoruyub saxlayıb.

Fuad Şahbazov hesab edir ki, hələ bir müddət Azərbaycan və Ermənistan tərəfindən bu cür sərt bəyanatlar verilməkdə davam edəcək.

"Ermənistan tərəfi Zəngəzur dəhlizi üçün yox, daha çox Şimal hissədən - Qazax-İcevan və Yerevan istiqamətindən yol çəkilməsini müzakirə edir. Azərbaycan isə daha qısa olan Zəngilandan və Zəngəzurdan keçməklə Naxçıvana çatan dəhlizi istəyir. Ermənistanın istədiyi şimal istiqaməti uzun və maddi cəhətdən rentabelli olmayan bir layihədir. Azərbaycana isə cənubdan olan sərf edir," - Fuad Şahbazov bildirib.

Şərhçi BBC News Azərbaycancaya deyib ki, Azərbaycan bu cür sərt bəyanatları təkcə Ermənistana yox, eyni zamanda, Rusiyaya da eşitdirir.

Cənab Şahbazova görə, Ermənistan tərəfi Azərbaycanın "hərbi əsirləri" qaytarmayacağı və ritorikasına dəyişlik etməyəcəyi təqdirdə dəhliz məsələsinin müzakirə olunmayacağını deyib.

"Azərbaycan tərəfinin Ermənistana verdiyi mesajların əsas ünvanı təkcə Ermənistan deyil, eyni zamanda, Rusiyadır. Rusiya ilə münasibətlərdə hazırda bir soyuqluq sezilir. Bu, daha çox Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Azərbaycanda hökumət yönümlü media platformalarında sülhməramlıların fəaliyyəti ciddi tənqid olunur. Bəzi millət vəkilləri Milli Məclisdə tələb irəli sürür ki, nə üçün 6 ay keçməsinə baxmayaraq, sülhməramlıların mandatı ilə bağlı bir sənəd qəbul olunmayıb, onların fəaliyyəti üçün hər hansı bir çərçivə formalaşdırılmayıb," - Fuad Şahbazov bildirib.

"Ermənistan Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluqdan istifadə edir"

Şərhçiyə görə, Rusiya sülhməramlılarının Qarabağda Qələbə paradı keçirməyə hazırlaşması, "İskender" raketinin atılması kimi məsələlərin də burada təsiri var.

Cənab Şahbazov hesab edir ki, Ermənistan Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluqdan istifadə edərək müəyyən dividentlər əldə etmək istəyir və bu dividentlərdən biri də Zəngəzur dəhlizi layihəsinin ya müzakirədən çıxarılması və ya ən azı qeyri-müəyyən müddətə təxirə salınmasıdır.

"Paşinyan da bir-iki ay sonrakı seçkilərə hazırlaşır və reytinqlər əvvəlki kimi deyil. Reytinqlərdə eniş var. Paşinyan seçkilərə kimi bu məsələnin müzakirədən çıxarılmasında maraqlıdır. Hamısı olmasa da, Azərbaycanda saxlanan erməni hərbçilərin bir qismini geri qaytartdırmaq istəyir və bunun üçün də ən ideal vaxtda - Azərbaycanla Rusiya arasındakı soyuqluğun olduğu bir zamanda bundan istifadə edib Rusiya vasitəsiylə Azərbaycana təzyiq etmək və ya necəsə bu dəhliz layihəsindən yayınmağa çalışır," - Fuad Şahbazov deyib.

"Özləri istədiyi dəhlizin açılmasını istəyir, İran istiqamətinə dəhlizə mane olurlar"

Ermənistandan olan siyasi şərhçi Stepan Danielyan BBC News Azərbaycancaya deyib ki, danışıqlar bağlı qapılar arxasında keçdiyindən təfərrüatlar barədə yalnız təxminlər etmək olar.

Şərhçi hesab edir ki, problem quru yolla keçəcək dəhlizlərlə bağlıdır:

"Azərbaycan tərəfi istəyir ki, Azərbaycanla Türkiyə arasında Meğri üzərindən dəhliz açılsın, dəmiryolu işləsin. Lakin, deyəsən, İranla Ermənistan arasında və təbii ki, Gürcüstan ərazisi ilə Rusiyaya çıxan Naxçıvan dəmiryolunun işə salınmasına maneələr törədilir. Onlar özləri istədiyi dəhlizin açılmasını istəyir, İran istiqamətinə dəhlizə maneələr törədirlər".

Onun sözlərinə görə, bəyanatda [10 noyabr 2020-ci il tarixli Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış Qarabağ müharibəsində atəşkəs haqqında] bütün kommunikasiyaların açılması nəzərdə tutulur, Azərbaycan və Türkiyə, görünür, İran dəhlizini bağlı qoymaq, Rusiyaya çıxışı Meğri dəhlizi ilə əvəz etmək istəyirlər.

"Açırlarsa, gərək bütün yolları açsınlar"

Cənab Danielyan Ermənistanın Baş naziri Nikol Paşinyanın "açırlarsa, gərək bütün yolları açsınlar" idafəsini xatırladıb.

O deyib ki, Rusiya da onların bir qisminin yox, bütün dəhlizlərin açılmasını istəyir:

"Əliyevin son qəzəbli çıxışına gəldikdə, bu, tək onun deyil, həm də Türkiyənin mövqeyidir. O özü də qeyd etdi ki, yolların açılmasında Ermənistan Türkiyənin də rəyini nəzərə almalıdır. Güman etmək olar, bu o deməkdir ki, Ermənistan Türkiyə ilə bunu müzakirə etməlidir və bu müzakirələr zamanı Türkiyə başqa şərtlər də irəli sürə bilər, dəhlizə aidiyyəti olmayan başqa məsələlər qaldıra bilər".

Stepan Danielyana görə, bu şərtlər arasında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi və "bununla bağlı başqa məsələlər" ola bilər.

Şərhçinin fikrincə, Azərbaycan və Türkiyə "həddən çox şey istəyir və özləri marağında olduqları dəhlizlərin qeyd-şərtsiz açılmasını istəyirlər. Və istədiklərinə nail olmaq üçün güc tətbiq etməklə hədələyən bəyanatlar verirlər".

Stepan Danielyan təhdidlərin gerçəkləşdirilməsi ehtimalını mümkün saymır, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müqaviləsinə görə, Ermənistanın rəsmi sərhədlərinin zamini Rusiyadır.

"Bu, artıq Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsindən çıxar, daha böyük oyunçuların cəlb olunmasına gətirə və daha böyük münaqişəyə çevrilə bilər".

Ermənistanda və xaricdə "maneçilik törədən qüvvələr"

Azərbaycan Milli Məclisinin deputatı, hakim Yeni Azərbaycan partiyasının təmsilçisi Məlahət İbrahimqızıya görə, Ermənistanda və xaricdə bu işin baş tutmasına "maneçilik törədən qüvvələr" var.

"Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına maneçilik törədən xarici amillər var və bu heç də Avropadan, Amerikadan olan qüvvələr deyil," - millət vəkili BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, dəhliz açılarsa, bu, Avropa üçün də faydalı olar, alternativ yollar yaranar və Azərbaycanla Türkiyənin də maraqları təmin olunar, amma "bunu istəməyən qüvvələr ləngimələr" yaradırlar.

Məlahət İbrahimqızı bildirib ki, Ermənistanda "maneçilik törədən qüvvələr" bu məsələni seçkidə öz xeyirlərinə istifadə edirlər.

"Zəngəzur dəhlizi məsələsində Paşinyana qarşı aqressiya göstərilir. Bu məsələdə maneçilik törədənlərin içərisində revanşist qüvvələr var, çox faşist ideyaların daşıyıcıları, milliyətçi qruplar var. Nikol Paşinyan indiki halda Zəngəzur dəhlizinin həyata keçməsinə kifayət qədər dəstək verə bilmir, ona görə ki, qarşıda seçki var. O bu dəqiqə seçkini qazanmaq istəyir," - Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, əslində Nikol Paşinyan bu dəhliz vasitəsiylə Ermənistanın çox şey qazanacağını bilir.

"...ləngimələr olduqca mesajlar daha sərt olacaq"

Məlahət İbrahimqızı hesab edir ki, İlham Əliyevdə bu məsələdə "maneçilik törədənlər" barədə kifayət qədər məlumat var, amma hələlik bu, tam açıqlanmır.

Millət vəkili bildirib ki, Azərbaycanda Ermənistana qarşı ərazi iddiaları yoxdur.

"Zəngəzur bölgəsi ilə bağlı isə tarixi mənbələrdə, ABŞ, Rusiya qurumlarında kifayət qədər rəsmi məlumat var. Mərkəzi Kəşfiyyat idarəsinin hesabatı, Çar Rusiyası arxiv sənədləri və Yeltsin adına kitabxanaının məlumatları buna misaldır,"- o deyib.

"İlham Əliyevin mesajları Zəngəzur dəhlizinə mane olan bütün qüvvələrə aiddir. İndi o qüvvələrin birinin çəkisi ağırdır, digərinin çəkisi yüngüldür, biri 5 faiz maneçilik törədir, digəri 70 faiz maneçilik törədir. Hər kəs öz payını götürməlidir. Konkret deməzdim ki, bu sərt ritorika bir ölkəyə, bir siyasi quruma, qüvvəyə, platformaya aiddir,"- Məlahət İbrahimqızı əlavə edib.

Onun fikrincə, Zəngəzur dəhlizinin reallaşması məsələsində ləngimələr olduqca, problemlər yarandıqca, Prezident İlham Əliyevin mesajları da daha "sərt olacaq"dır.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş nazirivə Rusiya Federasiyasının Prezidentinin Bəyanatı

    Azərbaycan Respublikasının Prezidenti, Ermənistan ...

    10-11-2020, 09:34

  • 
  • Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqda sərəncam verdi

    Prezident İlham Əliyev "Şimal-Cənub" ...

    7-12-2015, 20:02

  • 
  • Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən öyrəndim”

    Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən ...

    10-11-2020, 10:23

  • 
  • Novruz Məmmədov: "Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu"

    Novruz Məmmədov: "Prezident İlham Əliyevin ...

    4-04-2016, 00:07

  • 
  • İlham Əliyev: “İkinci Qarabağ müharibəsi vəziyyəti köklü şəkildə dəyişdi”

    İlham Əliyev: “İkinci Qarabağ müharibəsi ...

    20-05-2021, 21:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu