Gürcüstanda hökumət karantin qaydalarının pozulmasına görə tətbiq edilən, ancaq ödənilməmiş cərimələri silməyə qərar verib. Gundemxeber.az məlumat verir ki, ümumilikdə 245 min vətəndaşın cəriməsi ödənilməmiş qalır. Ödənilməmiş cərimələrin məbləği 76 milyondur. Bu qərar sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr açıb. Vətəndaşlar analoji addımın ölkəmizdə də tətbiqini tələb edirlər. Nazirlər Kabinetinin belə bir qərar verməsi həm pandemiya vaxtı maddi sıxıntı ilə üzləşən insanlar üçün müjdə olardı, həm də cəmiyyətdən bir rəğbət, dəstək əldə edilərdi. Çox təəssüf ki, hələlik Azərbaycanda karantin qaydalarının pozulmasına, maska taxılmasına görə cərimələr yazılması davam edir. Sosial şəbəkələrdə aparılan müzakirələrə görə 600, 800, hətta 1000 manat məbləğində cərimə ödəməli olan şəxslər var. Onlar iddia edirlər ki, cərimə ödənişini gecikdirdikləri üçün üzərinə faiz gəlib. Bundan başqa, bildirirlər ki, ASAN Xidmət mərkəzlərindən hər hansı sənəd aldıqda, onların qarşısına cəriməni ödəmək tələbi qoyulur. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada tibbi maskalardan istifadə ilə bağlı qərarı ləğv olunsa da, hazırda qapalı məkanlarda maskadan istifadə və sosial məsafənin gözlənilməsi qüvvədə saxlanılıb. Yəni bütün qapalı məkanlarda nəzərdə tutulub. Qaydalara əməl etməyən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunduqda onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?