Gundemxeber.Az bildirir ki, keçmiş millət vəkili Hacı Qalib Salahzadəyə qarşı bir sıra ittihamlar irəli sürən Sabunçu sakini Seymur İsrafil oğlu Quliyevin özünə qarşı ağır ittihamlar səsləndirilib. Özü də qardaşı İlham Quliyev tərəfindən.
Bir müddət öncə İlham Quliyev Hacı Qalibin ofisinə gələrək qardaşının ona qarşı etdiyi əməllərindən narazılığını bildirib və keçmiş millət vəkilindən kömək istəyib.
İlham Quliyev bildirib: “Mən 1992-ci ildən bəri evsiz-eşiksiz qalmışam. Qardaşım Seymur atamın adına olan evi öz adına keçirib və məni qeydiyyatdan məhrum edib. Atama məxsus evi adına keçirərkən məndən heç nə soruşmayıblar, məni məhkəməyə dəvət etməyiblər. İndi isə məni ölümlə hədələyir. Dəfələrlə onun fiziki işgəncələrinə məruz qalmışam. Seymurun Bakıda villaları, qızıl maqazinləri, sexləri var. Böyük imkan sahidibidir. Amma mənə qarşı zorakılıqlar edir. Rəhmətlik anamı o, dəlixanaya saldırmışdı. Onun əməllərindən daxili işlər nazirinə şikayət etmişəm. İnşallah barəsində tədbir görərlər”.
İ.Quliyev qeyd edib ki, qardaşı S.Quliyevin arxasında vaxtilə Sumqayıt Polis İdarəsində, daha sonra Bakı şəhəri Baş Polis İdarəsində yüksək vəzifələrdə çalışmış və hazırda təqaüddə olan Hacı Mahmudov adlı şəxs dayanır: “Onun keçmiş deputat Hacı Qalibə qarşı hərəkətləri məni çox hiddətləndirdi. Ona görə də Hacı Qaliblə görüşüb qardaşımın əsl siması barədə məlumat verdim və mənim evlə təmin olunmağım, həmçinin qardaşımın təqiblərindən qorunmağım, onun barəsində hüquqi ölçü götürülməsi üçün ondan kömək istəyirəm”.
Qeyd edək ki, S.Quliyevin Sabunçu məhkəməsində qaldırdığı iddiaya görə, Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, eks-deputat Hacı Qalib Salahzadə və digər şəxslər guya ona məxsus evli talan edib, torpağını zəbt edib. Məhkəmə onun iddiasını təmin etməyib. S.Quliyev bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə Q.Salahzadənin ünvanına ağır ittihamlar səsləndirməkdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?